SOCAR: DESFA-da satış üçün nəzərdə tutulan səhmlərin miqdarı hələ tam müəyyən edilməyib

SOCAR: DESFA-da satış üçün nəzərdə tutulan səhmlərin miqdarı hələ tam müəyyən edilməyib
12:57 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstan təbii qaz sisteminin operatoru olan DESFA şirkətində potensial iştirak payının bir hissəsini sata bilər. Lakin satış üçün nəzərdə tutulan səhmlərin miqdarı hələ tam müəyyən edilməyib. Bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
"Hazırda məhz bu barədə danışıqlar və müzakirələr aparılır", - deyə SOCAR-dan qeyd olunub.
Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.
Artıq İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu səhm zərfinin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət edib.
Xatırladaq ki, bu şirkətlər Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsindən hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində səhmdardır. TAP-da "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) paya malikdir.
Bu yaxınlarda Yunanıstan KİV-ində SOCAR-ın DESFA-dakı payının 17%-ni deyil, 25%-dən çoxunu digər şirkət, yaxud qrupa sata biləcəyi barədə məlumat yayılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-desfa-da-satis-ucun-nezerde-tutulan-sehmlerin-miqdari-hele-tam-mueyyen-edilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR