Millət vəkilindən təhsil haqları ilə bağlı sərt təpki

Millət vəkilindən təhsil haqları ilə bağlı sərt təpki
13:42 6 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Əgər hansısa universtitetin təhsil haqqını dolların məzənnəsi ilə tələb etməsi faktı varsa, bu, qəbuledilməzdir. 

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, indiki vəziyyətdə daha çox insanların yanında olmaq, onlara kömək etmək lazımdır: "Ölkə prezidentinə insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasətdə, həmçinin inhisarçılığın aradan qaldırılması kimi işlərdə dəstək olmalıyıq. Biz gözləyirdik ki, manatın devalvasiyasından sonra banklar, ali təhsil ocaqları və s. təşkilatlar vətəndaşlarımıza qarşı humanistlik nümayiş etdirəcəklər. Gözləyirdik ki, ali təhsil ocaqlarında tələbələrin borcları bağlansın və ya onlara bir il möhlət verilsin. Amma bəzi universitetlər isə əksinə, güzəştli addımlar atmaqdansa, təhsil haqqını dolların məzənnəsinə uyğun tələb etmələri faktı varsa, belə şey günümüzün sosial tələblərinə uyğun gəlmir. Biz gərək indi müəyyən məsələlərdə insanlarımıza, tələbələrimizə kömək, dəstək olaq. Tələbələr cəmiyyətin elə üzvləridir ki, onların başqa işlər dalınca qaçmalarına şərait yaradılmamalıdır. Onların fikri yalnız oxumaqda, dərslərində olmalıdır".

Qeyd edək ki, mediada Bakıda universitetlərin birində fevralın birindən etibarən təhsil haqlarının dolların məzənnəsinə uyğun hesablanacağına dair elanın yerləşdirildiyi barədə xəbər geniş rezonans doğurub.

Elanın yerləşdirildiyi bildirilən Təfəkkür Universitetindən Milli.Az-a ünvanlanan məktubda xəbərlə onların təhsil ocağı arasında heç bir bağlılığın olmadığı və yayılan məlumatın əsassız olduğu deyilir.

Qeyd edək ki, bir müddət öncə Bakı Qızlar Universitetində də təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsinin tələb olunduğu barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Təhsil Nazirliyi bəyan edib ki, ali təhsil müəssisələrinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR