Yaxın Şərqdə yeni qarşıdurma

Yaxın Şərqdə yeni qarşıdurma
14:57 6 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı 2016-cı ilə qalmaqala səbəb olan addımları ilə qədəm qoydu. Belə ki, ölkə 47 nəfəri terrorçuluqda ittiham edərək edam etdi. Onların arasında şiə din xadimi şeyx Nimr ən-Nimr də vardı. Rəsmi Tehran bu hadisəyə sərt reaksiya verərək, Səudiyyə Ərəbistanını təhdid etdi. Ardından vətəndaşların bu ölkənin Tehrandakı səfirliyinə hücumu oldu. Doğrudur, İran prezidenti bu hücumun ölkənin imicinə mənfi təsir göstərdiyini bəyan etdi. Lakin Ər-Riyad bunun səmimiliyinə inanmadı və İranla bütün əlaqələri kəsdiyini bildirdi. Daha sonra bir sıra ərəb ölkəsi də Tehranla diplomatik əlaqələrə son qoyduğunu bəyan etdi. Dünyanın əksər dövlətləri tərəfləri sakitliyə çağırdı. BMT-nin baş katibi də narahatlığını ifadə etdi. Lakin gərginlik azalmaq bilmir. Bütövlükdə region çox təhlükəli bir durumla üz-üzə qalıb. Hadisələrin sonrakı inkişafı ilə bağlı fərqli proqnozlar verilir.

Terrorla mübarizə: qarşılıqlı ittihamlar

Yaxın Şərq dövlətlərarası münasibətlər səviyyəsində məzhəb savaşına doğru bir addım da atdı. Səudiyyə Ərəbistanının 47 nəfəri terrorçu kimi edam etməsindən sonra regionda vəziyyət xeyli kəskinləşib. Ər-Riyadın cəzalandırdığı adamlar arasında şiə lideri Nimr ən-Nimr də vardı. Rəsmi Tehran buna çox sərt reaksiya verib. İran Səudiyyə Ərəbistanındakı rejimi "terroru dəstəkləyən anti-islam" xarakterli rejim adlandırıb (bax: Массовая казнь в Саудовской Аравии расколола исламский мир / "vzglyad.ru", 4 yanvar 2016).

Hətta Tehrandan Səudiyyə Ərəbistanında hakimiyyəti devirmək haqqında çağırışlar da eşidildi. Görünür, bunlardan istifadə edən bir sıra radikal qruplar diplomatik korpuslara hücumlar etdilər. Dünyanın müxtəlif ölkələrində bu cür hadisələr etirazlarla qarşılandı. Avropa ölkələri həm Səudiyyə Ərəbistanı, həm də İranın düzgün davranmadığını bəyan ediblər.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, heç bir halda ölüm cəzasının tətbiqinə yol verilə bilməz. Şeyx Nimr ən-Nimr ilə bağlı yaranmış vəziyyət isə böyük narahatlıq doğurur (bax: əvvəlki mənbəyə). ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi edam hadisəsinin "məzhəblərarası gərginliyin yaranması riskini artırdığını" bəyan edib. BMT-nin baş katibi Pan Gi Mun da baş verənlərin yolverilməz olduğunu ifadə edib.

Qərb ekspertləri tərəfləri təmkinli olmağa çağırıblar. London İqtisadiyyat Məktəbində Yaxın Şərq siyasəti bölməsinin professoru Favaz Gerges hesab edir ki, diplomatik əlaqələrin kəsilməsindən sonra vəziyyət asanlıqla nəzarətdən çıxa bilər (bax: As Saudi Arabia severs ties with Iran, questions loom in volatile region / "CNN", 4 yanvar 2016). Hərbi ekspert general Mark Hertlinq isə Ər-Riyadla Tehran arasında hərbi toqquşmaların mümkünlüyünü proqnozlaşdırır (bax: əvvəlki mənbəyə).

Rusiya hadisələrin bu cür gedişindən ciddi narahatlığını bildirib. Kreml Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Lakin Rusiya mətbuatının yaydığı informasiyalarda daha çox İran müdafiə olunur. Ankara edam cəzasının tətbiqinin qəbuledilməz olduğunu ifadə edib. Türkiyə tərəflərin bir-birinə qarşı zor tətbiq etməsinin yolverilməzliyini xüsusi vurğulayıb.

Bunların fonunda bir sıra ərəb ölkələri İranla diplomatik əlaqələri kəsirlər. Artıq Sudan, Bəhreyn və Küveyt öz diplomatlarını Tehrandan geri çağırıblar, Birləşmiş Ərəb Əmirlikləri isə İrandakı diplomatik nümayəndələrinin sayını minimuma endirib. Bu arada Ər-Riyad doğru hərəkət etdiyini bəyanlayır, terrora qarşı addım atdığına görə bu davranışının alqışlanmalı olduğunu bildirir. Lakin problem ondan ibarətdir ki, dünya dövlətləri edam yolu ilə terrorla mübarizə üsulunu qəbul etmirlər.

Ərəb Ölkələri Liqası yaranmış vəziyyətlə bağlı bazar günü təcili toplanmaq qərarı alıb. Bunu Səudiyyə Ərəbistanı edib. KİV-də yayılan məlumatlara görə, təşkilatın, demək olar ki, bütün üzvləri Ər-Riyadı müdafiə edir. Təşkilatın baş katibinin köməkçisi Əhməd bin Hilli deyib ki, tədbir "ərəb ölkələrinin daxili işlərinə qarışmanı qınamaq üçün keçiriləcək" (bax: Suudi Arabistan'ın talebiyle Arap Birliği olağanüstü toplanacak / "Habertürk", 4 yanvar 2016).

Hətta rəsmi Qahirə də Səudiyyə Ərəbistanının yanında olduğunu bildirib. Misir hesab edir ki, İran ərəb ölkələrinin daxili işlərinə qarışır. Bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Əhməd Əbu Zeyd bəyan edib ki, Misir Körfəz dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün Ər-Riyadın yanında olmağa hazırdır (bax: əvvəlki mənbəyə).

Təhlükəli gedişat: regionun geosiyasi parçalanması

Göründüyü kimi, İranın "qonşu ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərmək niyyətində olan" ərəb dövlətləri vahid cəbhə yarada bilərlər. Belə olan halda Tehranın İraq, Livan və Suriyada mövqeyi zəifləyə bilər. Belə təəssürat yaranır ki, ərəb ölkələri sanki İranın regionda liderlik iddialarının qarşısına sədd çəkməkdədirlər.

Ər-Riyadla Tehran arasında uzun müddətdir ki, bu istiqamətdə gərgin mübarizə gedir. İrana qarşı sanksiyaların aradan qaldırılması Tehranın şansının yüksələ biləcəyinə işarə idi. Lakin İranın Suriya məsələsində Moskvanı dəstəkləməsi, görünür, ona olan münasibəti dəyişib. KİV-in yazdığına görə, ABŞ İrana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu xəbər hələlik öz təsdiqini tapmasa da, Tehrana qarşı Vaşinqtonun bir soyuqluğu hiss olunmaqdadır.

Belə proqnozlaşdırmaq olar ki, baş verənlər getdikcə İranın təcrid olunmasına aparıb çıxara bilər. Tehranın Moskvanı dəstəkləməsi bu prosesi sanki sürətləndirir. Burada ekspertlər Çin faktorunu da nəzərə almağı tövsiyə edirlər. Pekin hələlik baş verənlərə münasibət bildirməsə də, onun İranı müdafiə edəcəyi barədə fikirlər vardır. Ancaq Çinin ərəb ölkələri ilə enerji sahəsində əməkdaşlığa ciddi önəm verdiyini də unutmaq olmaz.

Bütün bunlar Yaxın Şərqdə iki təhlükəli tendensiyanın inkişaf edə biləcəyini göstərir. Birincisi, region dövlətləri arasında müharibə alovlana bilər. İranla Səudiyyə Ərəbistanının müharibəyə başlaması Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə və heç şübhəsiz, bu müharibəyə regionun digər ölkələrinin də qoşulmasına gətirib çıxara bilər. Hadisələrin bu istiqamətdə inkişaf etməyəcəyinə heç kəs təminat verə bilmir. Hiss olunur ki, Qərb sözdə etiraz etməkdən başqa addım atmaq fikrində deyil. Müsəlman dövlətləri arasında birliyin olmaması kimlərəsə sərf edir. Ekspertlər həmin məqama ayrıca diqqət yetirirlər.

İkincisi, İslam aləmində məzhəb savaşı dövlətlərarası səviyyədə özünü göstərə bilər. Bunun nə dərəcədə zərərli olduğunu deməyə isə heç ehtiyac yoxdur. Mütəxəssislərin fikrinə görə, bu baş verərsə, müsəlman cəmiyyətlərində ixtilaflar qarşısıalınmaz dərəcədə dərinləşər, bütövlükdə İslam dünyası uzunmüddətli çəkişmələrə və intriqalar meydanına çevrilər. Təbii ki, bütün bunlar müsəlman ölkələrinin inkişafına ciddi maneələr yaradacaq. Nəticədə, hələlik inkişaf perspektivləri olan bir sivilizasiyanın dünyadakı rolu xeyli zəifləyə bilər.

Məsələnin geosiyasi aspekti də olduqca düşündürücüdür. Hər şeydən əvvəl, Suriya probleminin sülh yolu ilə həlli dalana dirənmiş olur. Çünki regionun böyük dövlətləri bir-biri ilə ixtilafda olacaqlarsa, onların ortaq dil tapması mümkün olmayacaq. Bunun əvəzində, kənar qüvvələr əlavə manevrlər etmək, vəziyyəti öz xeyirlərinə dəyişmək üçün xüsusi canfəşanlıq göstərəcəklər. Nəticədə, Yaxın Şərqdə qeyri-müsəlman dövlətlərin hərbi və siyasi dominantlığı təmin edilə bilər.

Bunların fonunda isə müsəlmanlar arasında məzhəb savaşı yeni səviyyəyə qalxa bilər ki, gerçək düşmənlər də diqqətdən kənarda qalarlar. Şübhəsiz ki, hadisələrin bu istiqamətdə inkişaf etməsi bütövlükdə müsəlman ölkələrin dövlətçiliyini hiss ediləcək dərəcədə zəiflədə bilər. Burada hansısa müsəlman dövlətinin qalib gələ biləcəyindən danışmaq mümkün deyildir. Çünki bütün variantlarda İslam aləmi zərər görəcək.

Proseslərin istənilən ssenari üzrə inkişaf etməsi Yaxın Şərqin daha həssas bir vəziyyətə düşməsinə gətirib çıxara bilər. Şübhə yoxdur ki, dünyanın böyük geosiyasi gücləri bundan faydalanmağa çalışacaqlar. Regionda İranın təcrid olunmasında maraqlı olan İsrail üçün xüsusilə əlverişli situasiya yaranır. Bu cür gedişatdan uduzan isə ilk növbədə müsəlman dövlətləri olacaq. Bəlkə İslam aləmi tamamilə fərqli bir dinamikaya transformasiya mərhələsindədir?!

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR