Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Naxçıvan Muxtar Respublikasının inkişafında yeni mərhələnin əsası qoyulub

Naxçıvan Muxtar Respublikasının inkişafında yeni mərhələnin əsası qoyulub

Date: 6 January 2016 15:03


Naxçıvan, 6 yanvar, AZƏRTAC
Blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, bundan hər bir ailə, hər bir vətəndaş bəhrələnib.
Muxtar respublikanın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da ötən “Kənd təsərrüfatı ili” uğurlarla yadda qalıb. Bu dövrdə 483 torpaq mülkiyyətçisi 8 min 737 hektar əkin sahəsinin becərilməsi üçün 435 min 850 manat, 620 hektarda təkrar əkinlər aparan 81 kiçik sahibkar 31 min manat yardım alıb, muxtar respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən 264 min 100 manat kredit verilib. Rayonda 1435 ton üzüm, 6 min 476 ton bostan məhsulları, 2 min 504 ton dən üçün qarğıdalı, 11 min 43 ton kartof, 4 min ton soğan istehsal olunub.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, 15 hektar sahədə yeni bağlar salınıb, 23,2 hektar meyvə bağında bərpa işləri aparılıb, 52 min ədəd müxtəlif tinglər əkilib. İl ərzində sahələrdən 20 min 357 ton meyvə, 28 min 661 ton tərəvəz tədarük edilib.
Ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələrindən əsas kapitala 71 milyon 77,4 min manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,6 faiz artaraq 66 milyon 695 min 200 manat təşkil edib.
Bu dövrdə Şərur şəhərində aviakassa binasının, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin, soyuduğu anbarın, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində kənd və xidmət mərkəzlərinin, Yengicə kəndində Azərbaycan Vətən müharibəsi əlili üçün üçotaqlı mənzilin, Kürkənddə və Aşağı Aralıq kəndində mərasim yerinin, Aşağı Aralıqda dəyirmanın tikintisi başa çatdırılıb. Kürkənddə 216, Cəlilkənddə 342, Axaməd kəndində 192, Yuxarı Yaycı kəndində 144, Kürçülü kəndində 234 şagird yerlik məktəb binaları, Cəlilkənddə həkim ambulatoriyası, mədəniyyət evi, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəb binasının, Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris korpusunun və yataqxananın, Oğlanqalada kənd və xidmət mərkəzlərinin, tam orta məktəbin və digər obyektlərin tikintisi, yaxud yenidən qurulması işləri davam etdirilir.
Muxtar respublikada ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonu da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər müasir inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi rayon mərkəzinin simasını tamamilə dəyişib. Abad yolları, təmiz və işıqlı küçələri, yaraşıqlı binaları ilə seçilən Babək qəsəbəsi müasir şəhər görkəmi alıb.
Ötən il Babək rayonu üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində rayon ərazisində yerləşən Günəş Elektrik Stansiyasının, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi və burada həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirməsi rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb, onların qurub-yaratmaq əzmini yüksəldib.
Bundan əlavə, 2015-ci ildə Babək qəsəbəsində rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayon filialı üçün yeni inzibati bina tikilib, qəsəbədəki 5 mərtəbəli yaşayış binası təmir olunaraq ətrafı abadlaşdırılıb. Həmçinin 2 nömrəli tam orta məktəb, qəsəbə və xidmət mərkəzləri, Xal-xalda tam orta məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunaraq istifadəyə verilib. Hazırda Yarımcada kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi, Xəlillidə kənd mərkəzi, tam orta məktəb binası və xidmət mərkəzi üçün yeni binaların tikintisi, Yarımca kənd tam orta məktəb binasının isə əsaslı təmiri davam etdirilir.
2015-ci il Ordubad rayonu üçün də bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il Ordubad şəhərində 3 nömrəli məktəbin, müasir aviakassa binasının, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin, Tivi və Gilançay kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi ordubadlılarda gələcəyə inamı artırıb, onları qarşıdan gələn ildə daha yaxşı çalışmağa və rayonun daha da çiçəklənməsi naminə əzmkarlıq nümayiş etdirməyə sövq edib.
Ümumiyyətlə, son 20 ildə Ordubad rayonunda 80-dən çox obyekt inşa edilib və ya yenidən qurulub, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. Ötən müddətdə 27 ümumtəhsil məktəbi, 1 musiqi məktəbi, 1 uşaq bağçası, 24 səhiyyə, 1 idman, 29 mədəniyyət obyekti tikilərək istifadəyə verilib, 15 kənd mərkəzi yaradılıb. 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların tikinti-quraşdırma işlərinə ayrılan həcmi 330 min manat idisə, təkcə 2015-ci ilin 10 ayında 44 milyon 165 min manat təşkil edib. Bu fakt bir daha göstərir ki, rayonda tikinti-quruculuq işlərinin miqyası ilbəil genişləndirilir.
Görülən bütün bu işlər seçilən düzgün yolun qazandırdığı nailiyyətlərdən, dövlətimizin rayon sakinlərinə göstərdiyi diqqətdən, bir sözlə, muxtar respublikada insan amilinə verilən yüksək qiymətdən xəbər verir.
“Kənd təsərrüfatı ili”ndə əldə edilən uğurlardan muxtar respublikanın bütün rayonlarına pay düşüb. Bu dövrdə Culfa rayonunda 28 milyon 80 min 200 manatı bitkiçilikdə, 16 milyon 105 min 400 manatı heyvandarlıqda olmaqla, ümumilikdə, 44 milyon 185 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Rayonun Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayon Müayinə Mərkəzinin tikintisi, Bənəniyarda kənd mərkəzinin, Culfa şəhərinin M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, Saltaq Kənd Mərkəzinin və xidmət mərkəzinin, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilib. Həmçinin Qızılca kəndində 120, Galda 96 şagird yerlik yeni məktəb binaları tikilib, Bənəniyarda 648, Şurudda 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb, Saltaq kəndində isə 252 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifahı daha da yaxşılaşıb. Culfalılar 2016-cı ili yüksək əhval-ruhiyyə ilə qarşılayıblar.
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafından Kəngərli rayonuna da böyük pay düşüb. Ötən il 11 yaşını qeyd edən rayonda aparılan abadlıq-quruculuq sürətlə davam etdirilib. Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sənaye Kompleksinin açılışı isə yaddaşlarda tarixi hadisə kimi qalıb.
Rayonda əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması və həmin sahədə çalışanların iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni bina və “Qıvraq” elektrik yarım-stansiyası istifadəyə verilib. Eləcə də 17 ədəd müxtəlif gücdə transformator təmir edilib, 72 abonent elektrik enerjisi ilə təmin olunub.
Bundan başqa, rayon mərkəzində Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binalar istifadəyə verilib, yeni Ticarət-İaşə və Bazar Kompleksinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunub.
Ötən il kənd təsərrüfatında məhsuldarlığın artırılması və aqrar sahənin davamlı inkişafı diqqətdə saxlanılıb. Rayonda 2015-ci ilin məhsulu üçün 8152 hektar sahədə əkin aparılıb, 4735 hektar sahədə taxıl əkilib. Şəxsi təsərrüfatlarda 215 hektar sahədə kartof, 294 hektar sahədə tərəvəz, 180 hektar sahədə bostan, 113 hektar sahədə günəbaxan, 139 hektar sahədə qarğıdalı, 321 hektar sahədə paxlalı bitkilər yetişdirilib. 2016-cı ilin məhsulu üçün isə 3783 hektar sahədə taxıl əkini həyata keçirilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Şahbuz rayonunu da əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri sayəsində Şahbuz şəhəri, eləcə də rayonun kəndləri müasir görkəm alıb. 2015-ci ildə də Şahbuz rayonunda bu tədbirlər böyük sürətlə davam etdirilib.
Rayon əhalisinin əsas məşğulluq sahəsi olan aqrar sektorun inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, torpaqlardan səmərəli istifadə olunmasına maraq xeyli artıb. 1344 hektar sahədə taxıl, 240 hektar sahədə paxlalı, 462 hektar sahədə kartof, 285 hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan bitkilərinin əkini həyata keçirilib. Ötən dövr ərzində rayonda 4 min 491 ton dənli-paxlalılar, 8 min 46 ton kartof, 4 min 973 ton tərəvəz, 124,6 ton bostan məhsulları, 7 min 945 ton meyvə, 168 ton üzüm istehsal edilib.
Son illər bölgədə quruculuq tədbirlərinin miqyası xeyli genişlənib. Sevindirici haldır ki, bu quruculuq işlərindən ən ucqar dağ kəndləri olan Şada, Kükü, Kolanı, Biçənək, Keçili və adını çəkmədiyimiz neçə-neçə digər kəndə də pay düşüb.
Düşmənə göz dağı olan Sədərək rayonunda da ötən il yeniliklərlə yadda qalıb. Rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 1 milyon 687 min manatlıq abadlıq və təmir işləri aparılıb, uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi və rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb.
Rayonda ekologiyanın mühafizəsi sahəsində görülən tədbirlərin davamı olaraq, 2015-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 5 hektar sahədə meşəsalma və 7 hektar sahədə bərpa işləri aparılıb, həmin sahələrə 10 min ədəd meyvə ağacı əkilib. Bundan əlavə, 2700 ədəd meşə, 425 ədəd həmişəyaşıl ağac, 3000 ədəd gül və bəzək kolları olmaqla, ümumilikdə, 16125 ədəd ağac, gül və bəzək kolları əkilib.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirib, yaşayış məntəqələri daha müasir görkəm alıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Tags:  Naxçıvan Muxtar Respublikasının inkişafında yeni mərhələnin əsası qoyulub



RƏYLƏR


Top news