Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Əhmədov: Əlilliyə vaxtından əvvəl pensiya hüququ qazanmaq fürsəti kimi baxmaq düzgün deyil

Əli Əhmədov: Əlilliyə vaxtından əvvəl pensiya hüququ qazanmaq fürsəti kimi baxmaq düzgün deyil

Date: 6 January 2016 15:18

Bakı. Trend:

Həyata keçirilən islahatın əsas məqsədi əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsidir. Trend Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri ilə bağlı məsələləri şərh edərkən bildirib.

Ə.Əhmədov deyib ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib: “Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalan isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdır. Beləliklə, böyük bir kütlə – 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinət alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda pensiya alan 1 milyon 300 minə yaxın vətəndaşın təxminən 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud olan qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər: “Amma təbiidir ki, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin. İndinin özündə bu istiqamətdə vacib olan işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil”.

Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Ə.Əhmədovun sözlərinə görə, çalışmaq lazımdır ki, insanların sağlamlığı bərpa olunsun, insanlar cəmiyyətin bütün parametlərinə görə tamhüquqlu üzvü olsunlar, onlar işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın: “Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi, bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikinci isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda, hesab edirəm ki, əlilliyin həm müəyyən edilməsi, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Əli Əhmədov Əlilliyə vaxtından əvvəl pensiya hüququ qazanmaq fürsəti baxmaq düzgün deyil

RƏYLƏR


Top news