Bakı, 6 yanvar, AZƏRTAC
Dövrələrarası fasilədən istifadə edən AZAL futbol klubunun rəhbərliyi komandanın stadionunun ot örtüyünün yenilənməsi üçün işləri davam edir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ötən il dekabrın 25-də işlərə başlayan türkiyəli mütəxəssislər tərtib olunan iş qrafikinə uyğun olaraq bayram günlərində də çalışmalarını davam etdiriblər. Artıq “AZAL-Arena”nın süni örtüklü meydançasında işlərin birinci mərhələsinə yekun vurulub. Bu müddət ərzində meydançadan keyfiyyətdən düşmüş 25 tona yaxın rezin dənəciklər çıxarılıb.
Türkiyənin “Nurteks” şirkətinin əməkdaşı Hasan Saylının rəhbərlik etdiyi işçi qrupu sabahdan etibarən yeni rezin dənəciklərin səpilməsi ilə məşğul olacaq. Yanvarın 8-də isə AZAL-ın əsas heyəti yeni meydançada ilk məşqini keçirə biləcək.