İran prezidenti: “Səudiyyə Ərəbistanı şiə-sünni müharibəsi yaratmağa çalışır”

İran prezidenti: “Səudiyyə Ərəbistanı şiə-sünni müharibəsi yaratmağa çalışır”
17:14 6 Yanvar 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

“Səudiyyə Ərəbistanı səhvlərini kompensasiya etməlidir”.

 

APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib. H. Ruhani Səudiyyə Ərəbistanı hökumətindən yanlış və nəticəsiz yoldan əl çəkməsini istəyib: "Sabitlik və təhlükəsizliyin təminatı, terrorizmlə mübarizə regionun bütün ölkələrinin dostluğu və qardaşlığı əsasında aparıla bilər və İran bunu istəyir".

 

H.Ruhani deyib ki, İran və Səudiyyə Ərəbistanı xalqları arasında tarixi və dostluq münasibətləri olub: “Təəssüf ki, Səudiyyə Ərəbistanı hökuməti şiə və sünni müharibəsini yaratmağa və qızışdırmağa çalışır. Həm də dünyada İranofobiyanı təbliğ edir. Son illər Səudiyyə Ərəbistanındakı rəhbərliyin gördüyü işlərə misal kimi regionda terrorizmin həm maliyyə, həm də silah-sursat baxımından dəstəkləməsini, Yəmənin məzlum xalqına qarşı hava hücumlarının təşkilini, İraq və Suriya hökumətlərinin qələbəsinin qarşısında maneçilik törətməsini göstərə bilərik. Bu işlərin hamısı şiə və sünnilər arasında ayrı-seçkilik yaratmaq və regionda problemləri daha da dərinləşdirmək məqsədi ilə görülür”.

 

İran prezidenti Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının diplomatik korpuslarına edilən hücumları səhv və qanunsuz hərəkətlər adlandırıb, Təhlükəsizlik və Daxili İşlər nazirliklərindən diplomatik korpusun mühafizəsində səhlənkarlıqda şübhəli bilinən polis məmurları haqqında ölçü götürülməsini və nəticəsinin xalqa elan olunmasını istəyib.

 

Ərəbistan şiələrinin rəhbəri Şeyx Nimr əl-Nimrin edamını yersiz və zalım hərəkət adlandıran H. Ruhani bildirib ki, bu alim hökuməti tənqid etdiyi üçün həbs edilib və edama məhkum olunub: “İslam dünyası, dünyanın bütün azadlıq sevənləri, eləcə də İran xalqı və rəsmiləri Səudiyyə Ərəbistanının bu hərəkətindən narahatdır və onu pisləyir”.

 

H. Ruhani deyib ki, Səudiyyə Ərəbistanı, sionist rejim və ABŞ-da bəzi ifratçı qruplar İran və altılıq ölkələri arasında aparılan müzakirələrin əvvəlindən bu razılığın əldə olunmamasına çalışıb, lakin uğur qazana bilmədilər. “Razılıq əldə olunandan sonra icrası prosesində də əngəllər yaratdılar. Bu gün də nüvə sazişinin əleyhinə müxtəlif planlar həyata keçirirlər. İran əngəllərə baxmayaraq, prosesi davam etdirir. Sanksiyalar ləğv olunacaq və ölkə iqtisadiyyatında çiçəklənmənin şahidi olacağıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR