Obamadan ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə zərbə

Obamadan ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə zərbə
22:22 6 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obama Prezident İlham Əliyevə məktub göndərərək Azərbaycan dövlət başçısını 2016-cı ildə Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Obama məktubda qeyd edib ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək".

Barak Obamanın bu dəvəti bir daha ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu sübuta yetirdi. Ağ Ev rəhbərinin bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsini istəyən bəzi qüvvələrin səsini kəsdi. Dövlət başçıları bir daha sübut etdi ki, ABŞ-Azərbaycan münasibətləri daim sıx, yüksək səviyyədə olub və bu münasibətlər bundan sonra daha da müsbətə doğru inkişaf edəcək. Barak Obama bu münasibətlərə paxıllıq edən qüvvələrə növbəti dəfə rədd cavabını verdi.

Bir müddət öncə erməni və ermənipərəst qüvvələrin dolayısilə sifarişi əsasında Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin ABŞ Konqresinə antiazərbaycan xarakterli "Azərbaycan demokratiya aktı" adlı layihə təqdim etməsi həmin qüvvələr tərəfindən "fəxrlə" qarşılandı və onlar ABŞ-Azərbaycan münasibətlərinin gərginləşəcəyini bəyan etdilər. Həmin qüvvələr Azərbaycanın özünü müxalifət hesab edən bəzi şərhçiləri vasitəsilə hay-küylə ictimaiyyətə təqdim etdilər ki, guya ABŞ Azərbaycana sanksiya təqdim edəcək, Azərbaycanla düşmən mövqedə dayanacaq və sair. Əslində bu məsələni şişirdərək özlərini reklam etməyə çalışanlar erməni dəyirmanına su tökmək istəyirdi. Daim Azərbaycanın uğurlarını qəbul etməyən, ölkənin inkişafına paxıllıq edən bu şəxslərə Kris Smitin bu hərəkəti sərf edirdi. Kris Smitin bu cür ağılsız və düşünülməmiş fikri Azərbaycanın düşmənlərini bir müddət sevindirdi. Amma...

Barak Obama həmin qüvvələrə bu dəvəti ilə konkret cavab verdi. Ağ Ev rəhbəri sübut etdi ki, ABŞ-Azərbaycan münasibətlərinə nəinki ermənipərəst qüvvələr, hətta dünyada öz sözünü deyə bilən qüvvələr də mane ola bilməz. Çünki ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək templə irəliləyir.

Bu gün rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlər bütün dünyaya məlumdur. Hazırda iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri yüksək səviyyədə davam edir.

Artıq 2004-cü ildən Azərbaycan Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" fəaliyyət göstərir. Hazırda Bill Şuster və Dan Boren "Azərbaycan üzrə İşçi Qrupu"nun həmsədrləridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri isə Səməd Seyidovdur.

Bu günə kimi iki ölkə arasında 75 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.

Belə bir dostluq münasibətləri olan iki ölkənin əlaqələrinə hansısa təxribatçı qüvvələrin mane olması mümkün deyil. Çünki ABŞ dünyaya demokratiya dərsi keçən, iqtisadi inkişafına görə hegemon dövlətdir, Azərbaycan isə yüksək sürətli inkişafına görə dünyada lider ölkələrdəndir. Belə bir ölkələrin isə müttəfiqliyini, münasibətlərini korlamağa cəhd həmişə boşa çıxıb və çıxacaq. Azərbaycan-ABŞ münasibətlərinin xırda bir qüvvə tərəfindən pozulacağı heç vaxt mümkün deyil. Çünki hər iki dövlətin dünyagörüşlü, bacarıqlı rəhbərləri var. Hər iki dövlət başçısı daim nəinki öz ölkələrində, eləcə də bütün dünyada sülhün bərqərar olmasına, insanların əmin-amanlıq şəraitində, problemsiz yaşamasına, qonşu dövlətlərlə münasibətlərin normal olmasına çalışan liderlərdir. Onlar daim bu istiqamətdə əllərindən gələni edib və bundan sonra da edəcəklər.

Barak Obamanın Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin bir səbəbi də hər iki dövlət başçısının bu istiqamətdə əllərindən gələni etməsinə bir işarədir. Hər iki lider üçün öz ölkələri ilə yanaşı, dünyada təhlükəsizliyin təmin edilməsi, insan tələfatının qarşısının alınması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərindəndir.

Samir Əli,

Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/395769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR