Astara, 7 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Gənclər və İdman İdarəsində dekabrın 27-31-də Bakı şəhərində keçirilən budo döyüş növləri üzrə Dünya kuboku yarışlarında uğur qazanmış Zamin Baxşiyevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Z. Baxşiyev Dünya kuboku yarışlarında 60 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medalla mükafatlandırılıb.
Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev idmançını qazandığı uğur münasibətilə təbrik edib, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açıb, O, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları Prezident İlham Əliyevin idmanın inkişafına göstəridiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Zamin Baxşiyev görüş iştirakçılarına gələcək planları barədə danışıb, ona verilən sualları cavablandırıb.
Qeyd edək ki, Z. Baxşiyev VKC karate üzrə II dan qara kəmər ustasıdır. O, hazırda Astara şəhərinin 5 nömrəli tam orta məktəbində məşqçi-müəllim kimi yeniyetmə və gənclərə karatenin-qədim Şərq idman növünün sirlərini öyrədir.