Fuad Qəhrəmanlı ailə üzvləri ilə görüşüb

Fuad Qəhrəmanlı ailə üzvləri ilə görüşüb
11:03 7 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə görüşüb. Bu barədə Trend-ə Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, F.Qəhrəmanlının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "İstintaq Təcridxanasındakı şəraitlə bağlı Fuad Qəhrəmanlının narazılığı yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada o, ailəsilə telefonla danışır. Onun ailə üzvləri ilə görüşünə artıq icazə verilib".

F.Qəhrəmanlının səhhətində problemlər olduğunu deyən vəkil bildirib ki, müvəkkili bununla əlaqədar dərman qəbul edir: "Fuad şəkər xəstəsidir və qara ciyərində problemləri var. Bununla əlaqədar da ona evdən lazımi dərmanlar çatdırılır və o, dərmanları qəbul edir".

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR