“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası” təsdiqlənib

“Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası” təsdiqlənib
11:28 7 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyən edilib. Bu Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Nazirlər Kabineti “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası”nı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, süni mayalanmadan alınan buzova görə veriləcək vəsait hər bir heyvan sahibinin bank hesabına fərdi qaydada ödəniləcək. Məqsəd isə fermerlərin heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına marağını artırmaqdır. Yeni qaydalara əsasən, heyvan süni mayalandırılarkən müvafiq birka vasitəsilə indentikləşdiriləcək və bununla bağlı informasiya mütəxəssis tərəfindən vahid sistemə daxil ediləcək. Bu barədə məlumat əvvəlcə zona baytarlıq laboratiyasına, sonra isə Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.
Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, heyvan doğulduqda onun sahibi süni mayalama mütəxəssisinə bu barədə məlumat verəcək. Mütəxəssis informasiya aldıqdan sonra 10-15 gün ərzində heyvan sahibinin təsərrüfatına gedərək, doğulmuş buzovu indentikləşdirəcək və bu barədə informasiyanı vahid sistemə daxil edəcək.
Yeni qaydalara görə, süni mayalandıqdan sonra heyvan dərhal, buzov isə doğulduqdan 10 gün sonra mütəxəssis tərəfindən uçota alınır. Yalnız hər sağlam buzova görə subsidiya ödəniləcək. Əkiz və ya üçəm buzovlar isə ayrılıqda uçota götürülür.
Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər üzrə siyahısı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.
Süni mayalanma yolu ilə alınan buzovlar həm ətlik, həm də südlük baxımından yerli heyvanlardan sərfəlidir. Yeni qaydalar xüsusən ailə təsərrüfatına stimul olacaq. Süni mayalanma yolu ilə doğulan buzovların sağlamlığına nəzarəti Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət qrup rübdə bir dəfə həyata keçirəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suni_mayalanma_yolu_ile_alinmis_her_buzova_gore_subsidiyalarin_verilmesi_Qaydasi_tesdiqlenib-916599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR