Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlılarının iki zabiti mükafatlandırılıb

15:13 7 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabitimiz müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tibb xidməti kapitanları Abdullayev Şükür Rüstəm oğlu və Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.
İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib. Hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı, uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Hərbi qulluqçularımızın çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türkiyə Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı, diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Silahli_Quvvelerinin_Afqanistandaki_sulhmeramlilarinin_iki_zabiti_mukafatlandirilib-916678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR