Rio Olimpiadasına lisenziya xarakterli turnirə hazırlaşan taekvondoçularımız məşqlərə başlayıblar

Rio Olimpiadasına lisenziya xarakterli turnirə hazırlaşan taekvondoçularımız məşqlərə başlayıblar
16:28 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirində iştirak etmək üçün İstanbula yollanacaq taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası təlim-məşqlərə start verib. Turnirdə 3 idmançı ilə təmsil olunacaq komandamız Braziliyada keçiriləcək Oyunlara növbəti lisenziyaları qazanmaq üçün mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq bazasında təşkil edilən hazırlıq yanvarın 11-12-dək davam edəcək.
Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandanın təlim–məşq toplanışında son dünya kubokunun ən yaxşı taekvondoçusu seçilən Milad Beigi Hərçəqanı (80 kq), yığdığı reytinq xalları sayəsində artıq “Rio-2016”ya vəsiqə əldə etmiş Radik İsayev (80 kq-dan yuxarı), eləcə də birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq), həmçinin Məhəmməd Məmmədov, Səid Quliyev, Sina Bahrami və digər taekvondoçular iştirak edirlər.
“Rio-2016” Yay Olimpiya Oyunlarına qatılmaq üçün Türkiyədə keçiriləcək turnirdə mübarizə aparacaq qadın taekvondoçularımızdan Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) isə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında məşqlərə başlayıblar.
Bu mühüm turnirə ciddi hazırlaşan taekvondoçularımızın məşqləri artıq insensivləşib. Bu yarışda milli komandanın üzvləri ölkəmizi uğurla təmsil etmək və qələbə qazanmağa iddialıdırlar.
Olimpiadada taekvondo yarışında 64-ü qadın və 64-ü isə kişi olmaqla ümumilikdə 128 taekvondoçu iştirak edəcək. Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.
Yanvarın 16-da Türkiyədə start götürəcək qitə təsnifat turnirində isə hər çəki dərəcəsi üzrə ilk iki yerin sahibi olan idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rio_Olimpiadasina_lisenziya_xarakterli_turnire_hazirlasan_taekvondochularimiz_mesqlere_baslayiblar-916710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR