Naxçıvan: İdman federasiyalarında ötən ilin yekunları müzakirə edilib

Naxçıvan: İdman federasiyalarında ötən ilin yekunları müzakirə edilib
19:33 7 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 7 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarında 2015-ci ilin yekunlarına dair iclaslar keçirilib. Hesabat xarakteri daşıyan iclaslarda il ərzində görülən işlər, keçirilən tədbirlər, həmçinin növbəti ildə qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının nəzdində yunan-Roma güləşi, sərbəst güləş, sambo və cüdo bölmələri fəaliyyət göstərir. Federasiyanın sədr müavini Faiq İsgəndərov diqqətə çatdırıb ki, bu müddət ərzində 38 idman tədbiri təşkil edilib. 500-dən çox idmançının mübarizə apardığı bu yarışlar milli idman növünü muxtar respublikada geniş təbliğ etmək, onun gənclər arasında kütləviliyinə nail olmaq məqsədi daşıyıb.
2015-ci ili Boks Federasiyası üçün də önəmli il hesab etmək olar. Yekun iclasındakı çıxışında federasiyanın sədr müavini Məmmədcəfər Əliyev boksçuların ötən il 23 müxtəlif idman yarışlarında iştirak etdiyini deyib. Bildirib ki, idmançılar Avropa, Azərbaycan və muxtar respublika birinciliklərində, “Bakı–2015” birinci Avropa Oyunlarında, beynəlxalq turnirlərdə, yoldaşlıq görüşlərində və digər yarışlarda qüvvələrini sınayıblar. İl ərzində muxtar respublika boksçuları 12 medal əldə ediblər ki, onların da 4-ü qızıl, 3-ü gümüş, 5-i isə bürünc medaldır.
Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev yekun iclasında bildirib ki, 2015-ci ildə federasiya 16 idman tədbiri təşkil edib. İdmançılar dünya və Avropa çempionatlarında, həmçinin beynəlxalq arenalarda medallar qazanıblar. Federasiyanın yetirməsi İlkin Səfərov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub, Xəyal Abdullayev ilin idmançısı seçilib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yekun iclasında çıxış edən federasiyanın sədr müavini Hafiz Əliyev məlumat verib ki, federasiya futbol üzrə muxtar respublika çempionatı ilə yanaşı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə turnir təşkil edib. Həmçinin uşaq futbolunun inkişafı istiqamətində də bir sıra addımlar atılıb, zona birinciliyi keçirilib.
Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev yekun iclasdakı çıxışında diqqətə çatdırıb ki, il ərzində federasiya 10 idman tədbiri keçirib. Bu yarışlar arasında muxtar respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” turniri xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri il ərzində 18 idman tədbirində iştirak ediblər. Bu barədə federasiyanın sədr müavini Emin Hacıyev məlumat verib. Qeyd olunub ki, zəka sahiblərimiz 7 ölkədaxili və 5 beynəlxalq turnirdə muxtar respublikanı təmsil ediblər. Naxçıvanda keçirilən yarış və turnirlərdə isə 400-dən çox şahmatçı mübarizə aparıb.
Muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sаğlаmlıqlаrının bərpası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər 2015-ci ildə də davam etdirilib. İl ərzində Paralimpiya Federasiyası 6 idman tədbiri keçirib və Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi muxtar respublikaya dəvət olunub. Bu məlumatları federasiyanın sədr müavini Fuad Səfərov yekun iclasında diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının yekun iclasında çıxış edən federasiyanın sədri Mahir Əliyev bildirib ki, 2015-ci il təmsil etdiyi qurum üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ilk dəfə olaraq kişilər arasında basketbol üzrə muxtar respublika çempionatı keçirilib. Ümumilikdə isə il ərzində federasiya tərəfindən 68 idman tədbiri reallaşdırılıb ki, bu yarış və turnirlərə mindən çox idmançı qatılıb.
Yüngül Atletika Federasiyasının yekun iclasında qeyd edilib ki, ötən il federasiyanın keçirdiyi 35 yarışda 3361 uşaq, yeniyetmə, gənc qız və oğlan atlet qüvvəsini sınayıb. Hazırda federasiyanın tərkibində 18 yaşadək 203, 18 yaşdan yuxarı 59 qız, 28 yaşadək 262 və 18 yaşdan yuxarı 140 oğlan bu idman növü ilə məşğul olur. Keçirilən bu tədbirlər barədə federasiyanın sədr müavini İntiqam Əliyev məlumat verib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin verdiyi məlumata görə, 2015-ci ildə federasiyanın bəzi yetirmələri dünya çempionu adını qazanmaqla yanaşı, ölkə birinciliklərində də uğurla çıxış ediblər. Muxtar respublikada isə 6 idman tədbiri keçirilib və bu yarışlarda 500-ə yaxın idmançı mübarizə aparıb.
Muxtar respublikanın Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyalarının yekun iclaslarında il ərzində görülən işlərlə bərabər, 2016-cı il üçün tədbirlər planları da müzakirə edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Idman_federasiyalarinda_oten_ilin_yekunlari_muzakire_edilib-916782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR