Azərbaycanda bu istiqamətə avtobus qiymətləri qalxdı

Azərbaycanda bu istiqamətə avtobus qiymətləri qalxdı
20:41 7 Yanvar 2016
117 Digər
Ölkə mətbuatı
A- A+

"Naxçıvan- Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb". Bu barədə ANS PRESS-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, qiymət artımına səbəb dolların bahalaşması fonunda manatın dəyərdən düşməsidir: "Əvvəllər Naxçıvana getmək istəyən vətəndaşlar 16 manat ödəyirdisə indi bu qiymət 25 manatdır. Hazırda Naxçıvana reyslərin 50 faizini İran şirkətləri qalan hissəsini isə yerli şirkətlər həyata keçirir. Beynəlxalq reyslər müştərək olduğu üçün onların qiymətinə Tarif Şurası yox, Nəqliyyat Nazirliyi nəzarət edir. Həmin İran şirkətləri ilə yerli şirkətlər də daşıma xərclərinin qaldırılması üçün Nəqliyyat Nazirliyinə müraciət etdilər. Azərbaycanın, Naxçıvanın və İranın həmin nazirlikləri qiymətləri araşdırıb 25 manat miqdarında olmasını təsdiq ediblər".


Naxçıvanın xəritəsi

Məhəmməd Abdullayev qiymət artımı ideyasının İran şirkətləri tərəfindən edildiyini açıqladı: "Onlar köhnə qiymətlərlə işləyə bilməyəcəklərini bildirdilər. Biz isə İran şirkətləri olmadan Naxçıvan reyslərini həyata keçirə bilməzdik. Ona görə də qiymətlər qaldırıldı".

Mətbuat katibi vətəndaşlarla sürücülər arasında narazılıq yaranması ilə bağlı yayılan məlumatlara da münasibət bildirdi: "Bilet kassalarda satılır. Bu qiymətin isə sürücüyə heç bir aidiyyatı yoxdur. Bunu vətəndaşlar da başa düşür. Ona görə, indiyə qədər sürücülərlə sərnişinlər arasında heç bir narahatçılıq yaşanmayıb".

Bakıdan Naxçıvavana və əks istiqamətə reyslər gün ərzində 3-4 avtobusla həyata keçirilir. Reys üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, yarım sutka ərzində ümumilikdə 500 kilometr məsafə qət edirlər.

Onu da qeyd edək ki, Muxtar Respublika sakinləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan sakinlər Naxçıvana getmək üçün İrana tranzit vizası üçün pul ödəyirlər.

Xatırladaq ki, bu gün bəzi KİV-də avtobusların qiymətlərinin qaldırılmasının əhali arasında narazılığa səbəb olduğu barədə məlumatlar yayılıb. Məlumata görə, sərnişinlərlə avtobus sürücüləri arasında ciddi narazılıq yaranıb. Sərnişinlər belə bir vaxtda gediş haqqının artırılmasına etiraz ediblər. Lakin etirazlara baxmayaraq, sürücülər qiymətlərdə güzəşt etməyiblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR