Behiştin 8 qapısının qıfıllarının açarları

Behiştin 8 qapısının qıfıllarının açarları
21:42 7 Yanvar 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Hər bir qapının qıfılı vardır və hər bir qıfılın açarı. Bəs behişt qapılarının qıfıllarının açarı nədir?

"Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları(daxil olmaq üçün onların üzünə)açılar. Onun gözətçiləri onlara deyərlər: "Salam olsun sizə! (həm cisim, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!"". ("Zumər" 73).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu səhnəni bir anlıq təsəvvür etməyə çalışaq: möminlərin bayram günündə Allahın mələkləri qanad çalır və bir-birinin yanında cərgəyə düzülürlər. Sonra isə möminlərə salam verərək, behiştə daxil olmaqlarını söyləyərlər. Onları böyük bir təmtəraqla behiştə qədər müşayiət edərlər. Bu ləzzətdən üstün ləzzət vardırmı?

İndiyə qədər bağlı olan behişt qapıları bir-bir açılmağa başlayar. Cəhənnəm qapılarının əksinə olaraq, bir daha bağlanmaz və açıq qalar. Bəlkə də cəhənnəm qapılarının bağlı olması ona görədir ki, cəhənəm əhli oradan qaçmasın. Əlbəttə ki, onlar qaça bilməz. Çünki əlləri və ayaqları zəncirə vurulmuşdur.

Behişt qapılarının açıq qalması - özü bir nemətdir. Görəsən behiştin qapıları necədir? Dünya qapılarına bənzəyirmi? Bu suallara cavab tapmağa çalışaq.

İbni Abbas deyir: "Həzrət Peyğəmbər (s) buyurur: "Behiştin qapısının halqası qırmızı yaqutdandır ki, qızıldan olan layların üzərinə vurulmuşdur. Nə zaman halqa həmin laya vurulsa, səs çıxardar və deyər: "Ya Əli!"".

İslam Peyğəmbəri (s) buyurur: "Merac gecəsində behişt və onun nemətlərini, cəhənnəm və əzablarını müşahidə etdim. Behiştin 8 qapısı var idi. Hər bir qapının üzərinə 4 kəlmə yazılmışdı ki, (o dörd mövzu) bilib və əməl edən üçün dünyadan və onda olanlardan daha üstündür. Cəhənnəm və atəşin 7 qapısı var idi. Hər birinin üzərində üç kəlmə var idi ki, hər kəlmə onu bilib əməl edən üçün dünyadan və onda olanlardan daha üstündür.

Behiştin birinci qapısında yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" ("Lə iləhə illəllah, Muhəmmədən (s) rəsulullah, Əliyyən (ə) vəliyullah")Həyat dörd bünövrənin üstündə möhkəmdir: qənaət, haqqı vermək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq".

İkinci qapının üstündə yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Axirət xoşluğunun və sevincinin yolu dörd sifətdir: yetimin başına əl çəkmək, yoxsullarla mehriban olmaq, möminlərin istədiyini yerinə yetirmək üçün səy göstərmək, yoxsulların halını bilmək".

Üçüncü qapının üstündə yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Hər bir şeyin çarəsi vardır və sağlamlığın çarəsi dörd şeydir: az danışmaq, az yatmaq, az yol getmək və az yemək".

Dördüncü qapının üstündə yazılmışdı: لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" O kəs ki, Allaha və Qiyamət gününə iman gətirib gərək qonağını əziz tutsun, qonşularına hörmət etsin, ata və anasına ehtiram göstərsin, yaxşı söz danışsın".

Beşinci qapının üstündə yazılmışdı: لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Hər kəs ona zülm edilməsini istəmirsə, gərək (özü) zülm etməsin. Hər kim ona söyüş söyülməsiin istəmirsə, (özü) söyüş söyməsin. Hər kim xar olmaq istəmirsə, gərək xar etməsin. Hər kim dünya və axirətdə möhkəm dayağa cəng vurmaq istəyirsə, gərək desin: لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه"

Altıncı qapının üstündə yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Hər kim qəbrinin geniş olmasını istəyirsə məscid inşa etsin, hər kim torpağın altında həşəratların onu yeməsini istəmirsə, məsciddə çox qalsın. Hər kim istəyirsə bədəni qəbirdə təzə qalsın - məscidi təmizləsin və səliqəyə salsın. Hər kim behiştdə olan yerini görmək istəyirsə - məscidi xalçalasın".

Yeddinci qapının üstündə yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Qəlbin nuraniliyi dörd şeyin girovundadır: xəstəni ziyarət etmək, cənazəni müşayiət etmək, kəfən almaq, borcu qaytarmaq".

Səkkizinci qapının üstündə yazılmışdı:

لا إله إلاّ اللّه، محمّد رسول اللّه، علىّ ولی اللّه" Hər kim behiştin hər qapısından daxil olmağı istəyirsə, dörd sifətə yiyələnsin: səxavət, gözəl əxlaq, sədəqə və Allah bəndələrini incitməyi tərk etmək".

Bütün bunları nəzərə alaraq onu qeyd edək ki, biz Allah bəndələri üçün behiştdən çox, Allah rizası daha əhəmiyyətli və daha dəyərlidir. "Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 72).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR