Səhvini düzəldən müəllim

Səhvini düzəldən müəllim
23:17 7 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Növbəti yazım üçün material toplayarkən elə bir yazıya rast gəldim ki, ondan qısaca istifadə etmək əvəzinə, onu olduğu kimi İngilis dilindən tərcümə edib, "Zaman-Azərbaycan"ın çoxsaylı oxucularına çatdırmaq istədim. Ümidvaram ki, müəllifi naməlum bu hekayədə cərəyan edən hadisələr bu və ya digər formada istər gənc, istərsə də təcrübəli müəllimlərin həyatında baş vermiş, ya da baş verə bilər. Pedaqoji proses, hər dərs üzümüzə açılan yeni gün kimidir - başımıza nəyin gələcəyini bilmədiyimiz kimi, müəllim də dərsdə nə ilə üzləşəcəyini bilmir. Bu hekayə müəllim ustalığının hər zaman təkmilləşməyə ehtiyacı olduğunu göstərir. Buna isə müntəzəm olaraq oxumaqla, öyrənməklə nail olmaq olar. Tanınmış pedaqoqlar yüksəldikləri zirvələrə oxumaqla, mütaliə etməklə nail olduqları üçün "Müəllim oxumadığı gün ölür" aforizmini miras qoyublar gələcək nəsillərə. Oxumaq heç vaxt gec olmadığı kimi, faydasız da deyil. Hekayənin adı "Ən yaxşı müəllim" (The best teacher ever) olsa da, mən onu "Səhvini düzəldən müəllim" adı ilə tərcümə elədim. Fikirləşdim ki, günümüzdə səhv edən, könül yıxanlar çoxdur, səhvini düzəltmək istəyənlər isə çox azdır. Bəlkə sonuncular üçün bu hekayə ibrət ola!

Buyurun, usta müəllimin yaşamış olduğu  ibrətamiz bir hekayəni birlikdə oxuyaq. Bir daha inanaq ki, pedaqoji təhsil alıb, diplom sahibi olmaq hələ müəllim olmaq demək deyil. Bu şərəfli sənətin hər ilini, gününü canınla, qanınla yaşayaraq onun zirvəsinə gedən yolda addımlamaq olar.

Bu söyləyəcəklərim çox-çox illər əvvəl bir ibtidai sinif müəlliməsinin həyatında baş vermiş əhvalatdır. O müəllimənin adı xanım Tomson idi. O, dərs ilinin birinci günü 5-ci sinif şagirdləri qarşısında dayanıb uşaqlara yalan danışdı. Bütün müəllimlər kimi şagirdlərinin üzlərinə baxaraq hamısını eyni səviyyədə sevdiyini bəyan etdi. Lakin bu, mümkün deyildi, ona görə ki, ön cərgədə, partasının üstünə uzanmış Teddi Stoddard adlı bir oğlan vardı.

Həm də bu sözləri söyləmədən əvvəl xanım Tomson Teddinin hər halını diqqətlə müşahidə etmiş, onun digər uşaqlarla yaxşı oynamadığını, üst-başının səliqəsiz, həmişə hamama ehtiyacı olduğunu görmüşdü. Buna görə də Teddi onun xoşuna gəlməyə bilərdi.

İş o yerə gəlib çatdı ki, xanım Tomson onun yazı işlərinin üzərinə qalın qırmızı qələmlə "X"lər (Yəni səhvdir - R. A) qoymaqdan, başda da böyük "F" (Yəni çox zəifdir - R. A) yazmaqdan zövq almağa başladı.

Bir gün Xanım Tomson işlədiyi məktəbin qayda-qanununa əsasən dərs dediyi hər bir şagirdin şəxsi işlərini gözdən keçirərək ötən illərdə onların necə fəaliyyət göstərmələri ilə tanış olmağa başladı. Xanım Tomson, şübhəsiz, Teddinin işini lap axıra saxladı. Lakin Teddinin şəxsi işini gözdən keçirərkən o, birinci sinif müəlliminin qeydlərinə mat qaldı. Müəllim yazmışdı: "Teddi gülməyə həmişə hazır, əla uşaqdır. O, işini səliqə ilə görür, yaxşı davranır, adamda şən əhval yaradır".

Teddinin ikinci sinif müəllimi yazırdı: "Teddi əlaçı şagirddir, sinif yoldaşları tərəfindən sevilir, lakin anası ölümcül xəstəliyə tutulandan bəri narahatdır, ev həyatı, gərək ki, mübarizədən ibarətdir.

Teddinin üçüncü sinif müəllimi yazırdı: "Anasının ölümü ona ağır zərbə oldu. O, əlindən gələni etmək istəyir, lakin atası onunla çox maraqlanmır, tədbir görülməzsə, ailə həyatı ona təsirsiz ötüşməyəcək".

Teddinin dördüncü sinif müəllimi yazırdı: "Teddi özünə qapanıb, dərslərinə maraq göstərmir. Dostlarından ayrılıb, bəzən dərsdə yatır".

Xanım Tomson artıq məsələnin mahiyyətini anlamış və öz hərəkətindən utanmağa başlamışdı. Şagirdləri ona gözəl kağıza bükülmüş, qəşəng bantlarla bağlanmış Yeni il hədiyyələri gətirəndə o daha da pis oldu. Teddinin hədiyyəsi ərzaq torbasından düzəltdiyi qalın, qəhvəyi kağıza yöndəmsiz şəkildə bükülmüşdü.

Xanım Tomson bu dəfə Teddini axıra saxlamamaq üçün çox çalışdı. Bir-iki hədiyyədən sonra onunkunu açdı. Bir neçəsi düşmüş, süni almaz qaşlı bilərziyi, içində dörddə biri qədər ətir olan şüşəni görəndə uşaqlar gülməyə başladı. Müəllimənin bilərziyi taxıb, ətirdən də bir az biləyinə çəkib, onun nə qədər gözəl olduğunu deməsi şagirdlərin gülüşünü kəsdi.

Teddi Stoddard o gün dərsdən sonra: "Xanım Tomson, bu gün Sizdən, sadəcə, anamın qoxusunu duydum", - demək üçün ləngidi.

Uşaqlar gedəndən sonra müəllimə ən azı bir saat ağladı. O gündən sonra müəllim oxu, yazı və hesab dərslərini tədris etməkdən daha çox uşaqları öyrənməyə başladı.

Xanım Tomson Teddiyə xüsusi diqqət yetirirdi. Onunla işlədikcə uşağın zəkası canlanırdı. Müəllimə onu ruhlandırdıqca o da eyni tərzdə cavab verirdi. İlin sonuna qədər Teddi sinfin ən yaxşı şagirdlərindən biri oldu. Müəllimənin ilin əvvəlində dediyi "Sizin hər birinizi eyni səviyyədə sevirəm" yalanına baxmayaraq, Teddi onun ən çox sevdiklərindən biri olmuşdu.

Bir ildən sonra o, qapısının altında Teddinin "Siz hələ də həyatımda ən yaxşı müəllim olaraq qalırsınız" yazdığı bir kağız parçası gördü.

Müəllimə Teddidən növbəti məktubu alana qədər altı il keçdi. O yazırdı ki, orta məktəbi sinfin üçüncüsu olaraq bitirmiş və xanım Tomson həyatında onun üçün ən yaxşı müəllim olaraq qalır.

Dörd il sonra müəllimə daha bir məktub aldı. Teddi yazırdı ki, çətinliklərə baxmayaraq o, oxumağa davam etmiş, tezliklə kolleci medalla bitirəcək. Teddi yenə xanım Tomsonu əmin edirdi ki, o hələ də onun üçün ən yaxşı müəllim olaraq qalır.

Daha dörd il keçdi və müəllimə yenə bir məktub aldı. Teddi izah edirdi ki, bakalavr pilləsindən sonra o, bir az da irəli getməyi qərara alıb və Xanım Tomson hələ də onun üçün ən yaxşı müəllim olaraq qalır. Bu dəfə onun adı bir az uzun idi - Theodore F. Stoddard, MD (MD -Tibb elmləri doktoru - R. A.)

Bu hekayə bununla da bitmir. Həmin yaz müəlliməyə bir məktub da gəldi. Teddi yazırdı ki, o, tanış olduğu bir qızla evlənmək istəyir. Sonra onu da bildirirdi ki, bir neçə il əvvəl atası dünyasını dəyişib. Teddi bilmək istəyirdi ki, görəsən, müəlliməsi onun toyunda, bəyin anası üçün ayrılmış yerdə əyləşməyə razı olarmı? Xanım Tomson, əlbəttə ki, razı oldu.

Bilirsinizmi, daha nələr baş verdi? Müəllimə şagirdindən qəbul etdiyi, üstündəki süni almaz qaşlardan bir neçəsinin qopmuş olduğu həmin bilərziyi taxdı, Teddinin onunla birlikdə keçirdikləri sonuncu Yeni il bayramında anasından qalmış ətirdən vurmağı da unutmadı.

Onlar bir-birilərinə sarıldılar. Doktor Stoddard müəlliməsi xanım Tomsonun qulağına pıçıldadı:

- Çox sağ olun, xanım Tomson, mənə inandığınız üçün. Özümü əhəmiyyətli hiss etdirdiyinizə, dəyişə biləcəyimə inandırdığınıza görə Sizə o qədər minnətdaram ki!

Xanım Tomson, gözləri yaşlı halda ona pıçıldadı:

- Teddi, sən bütün bunları səhv başa düşmüsən. Əslində səni dəyişə biləcəyimə məni inandıran sən oldun. Səni tanıyana qədər mən müəllimliyin nə olduğunu bilmirdim.  
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR