Tərtər, 8 yanvar, AZƏRTAC
Tərtər rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər 2015-ci ildə davam etdirilib.
Tərtər rayon məşğulluq mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ötən il mərkəzə müraciət edən 273 vətəndaşdan 185-i idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun işlə təmin olunub. Bunlardan 20 nəfəri sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardır. İl ərzində 32 nəfərə işsizlik statusu, 36 nəfərə isə işsizlik müavinəti təyin olunub.
Gənclərin peşəyönümü məsələsi də diqqət mərkəzində saxlanılıb. Rayonun ümumtəhsil məktəblərində bu mövzuda tədbirlər keçirilib, şagirdlərə lazımi tövsiyələr verilib. Həmçinin qeydiyyatda olan vətəndaşların işlə təmin olunmasını asanlaşdırmaq məqsədilə “Satıcı-nəzarətçi kassir” peşəsi üzrə kurslar təşkil olunub və 20 nəfər bu peşəyə yiyələnib. Onlardan 10 nəfəri rayonun ticarət və iaşə obyektlərində işə düzəlib.