Nazirlikdən dərmanların satışı ilə bağlı yeni açıqlama

Nazirlikdən dərmanların satışı ilə bağlı yeni açıqlama
12:52 8 Yanvar 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə baha qiymətə satılması halları qeydə alınmayıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, Nazirliyin müvafiq strukturlarının əməkdaşları mütəmadi olaraq dərmanların satışı ilə bağlı müşahidə və monitorinq aparırlar: "Araşdırmalar göstərir ki, hələ ki, qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin fərqli qiymətə satışı halları aşkar edilməyib. Bununla bağlı ciddi nəzarət işlərinin aparılması davam edir".

Şöbə müdiri onu da əlavə edib ki, Tarif Şurasının əsasnaməsinə əsasən, manatın məzənnəsinin dəyişməsi 5 faizi ötərsə, tənzimlənən tariflərə yenidən baxıla bilər: "Ona görə də dekabrın 21-də manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Tarif Şurasının dekabrın 25-də verdiyi qərara əsasən, tənzimləmə aparıldıqdan sonra bəzi dərman vasitələri ilə bağlı yeni qiymətlər 2015-ci ilin dekabrın 25-də qüvvəyə minib, siyahı üzrə digər dərmanların yeni qiymətləri isə fevralın 25-dən qüvvəyə minəcək. Hər halda indi həmin dərmanların qiymətləri tənzimləmədən əvvəlki dövrdə olandan yenə də qat-qat ucuzdur".

Qeyd edək ki, Tarif Şurasının ötən ilin dekabrıın 25-də keçirilən iclasında daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib. Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcəkdir.

TŞ-dən bildiriblər ki, bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb.

Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR