“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”
13:33 8 Yanvar 2016
18 Sosial
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Rusiyadan yan keçməklə alternativ ixrac variantına daxil olan və bölgənin ən perspektivli layihəsi olmaqla yanaşı, həm geosiyasi və geoiqtisadi anlamda böyük dəyişikliklərə səbəb ola biləcək, lakin rəsmi Moskvanın xüsusi müqavimətilə üzləşən marşrutlardan biri də Transxəzər layihəsidir. Mütəxəssislər hesab edirlər ki, Xəzərin dibi vasitəsilə Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı limanı və Xəzərin şimalındakı digər neft-qaz yataqlarından Azərbaycana, oradan Gürcüstan, daha sonra isə Türkiyə xəttilə Aralıq dənizinə, bu dənizdənsə Avropa ölkələrinə nəql edilməsi planlaşdırılan bu layihənin işə salınması və həyata keçməsi bölgədə yeni geoiqtisadi vəziyyət yarada bilər. Əli Həsənov yazır:

“... mütəxəssislər bu marşrutu Xəzərin enerji resursları sahəsində xüsusi payı və yeri olan Qazaxıstan və Türkmənistan üçün gələcəkdə ən perspektivli ixrac yolu kimi dəyərləndirirlər. Onların fikrinə görə, bu gün Rusiyanın təzyiqi ilə reallaşması qeyri-mümkün görünən bu layihə gələcəkdə Xəzər hövzəsinin enerji məhsullarını
Rusiyanın geosiyasi asılılığından qurtararaq Avropanın enerji bazarı ilə birləşdirəcəkdir. Xəzər hövzəsindən Baltikyanı bölgələrə və Şərqi və Qərbi Avropaya neft-qaz ixracı perspektivlərindən bəhs edərkən artıq fəaliyyət göstərən BTC, BTƏ, Bakı-Supsa və başqa fəaliyyətdə olan kəmərlərlə yanaşı, həm də reallaşdırılmasına çalışan NABUKO, TANAP, TAP (qeyd edək ki, reallaşacaq bu marşrutların çəkilişinə tam gücü ilə start verilib və bir neçə ildən sonra fəaliyyətə başlayacaq- kursiv Y. O.), gələcəkdə çəkilməsi düşünülən Bakı-Gürcüstan-Bolqarıstanın (Burqas), Bakı-Gürcüstan-Rumıniya (Konstanta), Bakı-Gürcüstan-Ukrayna (Odessa) və s marşrutlarını da qeyd edirlər. Xüsusən, Türkmən qazının Transxəzər marşrutu ilə Avropaya ixrac edilməsi istiqamətində çox ciddi çalışmalar mövcuddur”. (Bax. s. 631)

Fikir verirsinizmi, bütün bu layihələri və gələcəkdə də reallaşacaq ideyaları həyata keçirmək üçün nə qədər güc və enerji lazımdır? Dövlətimizə ediləcək təhdid və təzyiqlərə sinə gərərək Azərbaycanın müstəqilliyində, getdikcə artan nüfuzunda ən əhəmiyyətli rollardan biri, bəlkə də ən başlıcası olan bu layihə nə qədər Azərbaycan üçün lazım və vacibdir. Avropa və Asiyanın kəsişməsində yerləşən dəhliz əlaqələrini, marşrut xətlərini ən qısa şəkildə özündə birlədirən Azərbaycan getdikcə Orta Asiya, Xəzər-Qara dəniz hövzəsində, Cənubi Qafqazda mühüm və söz sahibinə çevrilməyi bacarıb. Onun etibarlılığı tərəfdaşlığı isə bu dövlətin digər məziyyətlərini də (beynəlxalq tədbirlərin, idman oyunlarını və s.) ortalığa çıxardıb. Geosiyasi məkanda balanslaşdırılmış siyasət Azərbaycanı daha da gücləndirir.

Əlbəttə, planetar oyunçulardan biri olan Rusiyanın qarşısında yeni geosiyasi və geoiqtisadi məkan yaradılması üçün çalışan və buna qismən də nail olan Azərbaycan üçün heç də asan olmasa da, o bunun öhdəsindən gəlməyi bacarır.

Hörmətli professor Rusiyadan yan keçməklə alternativ marşrutların çəkilməsini izah edərkən yazır ki, tədqiqatçıların fikrincə, yalnız Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarına xidmət edən, bu ölkəylə bağlı səmərəsiz kəmər və dəhlizlərin istifadəsinin davam etdirilməsi, yeni marşrutların çəkilməsi və istifadəsinə mane olmaq siyasəti Azərbaycanla yanaşı digər region və dünya ölkələrinin də geosiyasi və geoiqtisadi tələblərinə cavab vermirdi. Bunu onlar bir neçə amillə izah edir.

Birincisi, Xəzər hövzəsi və Orta Asiyada qaz ehtiyatları ilə zəngin olan ölkələrin əksəriyyəti bu strateji məhsulların bir qismini yalnız daxili tələbat üçün istifadə edir. Odur ki, hasil olunan bu karbohidrogen ehtiyatlarının əksər hissəsini xarici bazara çıxarılması üçün etibarlı və səmərəli ixrac borularına malik olmaq, təhlükəsiz marşrutların seçilməsi planetar əhəmiyyət kəsb edir.
İkincisi, reallaşacağı təqdirdə Rusiya variantı bu ölkənin həm bölgənin enerji resursları, həm də digər Xəzərətrafı ölkələrin dövlət müstəqilliyi üzərindəki əvvəlki geosiaysi təsirini bir qədər də artırır və Avropa enerji bazarında hegemon mövqeyini ciddi şəkildə gücləndirir ki, bu da ABŞ və Qərb ölkələrini qətiyyən qane edə bilməzdi.

Üçüncüsü, Orta Asiya və Xəzər hövzəsinin Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələri öz karbohidrogen ehtiyatlarını sərbəst şəkildə, Rusiyanın geosiyasi təsir və təzyiqinə rast gəlmədən dünya bazarlarına çıxmaq istəyirdi.
Dördüncüsü, Xəzər hövzəsi və Orta Asiyanın neft qaz layihələrində iştirak edən və münasib tranzit imkanlarına malik olan ölkələr də yeni çəkiləcək marşrutlardan və neftin ixracından müəyyən gəlir götürmək və əalvə geosiyasi təsir mexanizmləri qazanmaq istəyirdilər. Bu sıraya kəmərlərin öz ərazisindən keçməsini istəyən İranı, Gürcüstanı, Türkiyəni, Azərbaycanı, bəzi Şərqi Avropa dövlətlərini, Ukraynanı və s. aid etmək olar ki, onlar da Rusiyanın ixrac monopoliyasına qarşı mübarizədə iştirak edirdilər.

Bütün yazılanları ümumiləşdirərək və Azərbaycanın gələcək perspektivlərini nəzərə alaraq müəllif yazır: “Son beş ildə Rusiyanın Gürcüstan, Ukrayna, Belarus, Moldova, Baltikaynı respublikalar, bəzi Şərqi Avropa dövlətləri ilə münasibətində müşahidə olunan ziddiyyətli və qeyri-sabit vəziyyət Azərbaycanın postsovet enerji bazarına daxil olmasına əlverişli şərait yaratmışdır. Mütəxəssislər bu istiqamətdə reallaşdırdığı enerji və dəhliz siyasətinin perspektivlərini yüksək qiymətləndirir, bunun gələcəkdə həm də Türkmənistan, Qazaxıstan kimi dünya bazarlarına çıxış imkanları məhdud olan ölkələrin geoiqtisadi vəziyyətinə müsbət təsir göstərəcəyini proqnozlaşdırırlar”. (Bax. s. 680)

***

Müasir dövrdə Şərq-Qərb kommunikasiya dəhlizi (Rusiyadan yan keçməklə birbaşa Gürcüstan vasitəsilə nəql olunan) beynəlxalq mütəxəssislər, əsasən, TransAvrasiya nəqliyyat-kommunikasiya xəttini qəbul edirlər. Təbiidir ki, bu marşrutun ortaya çıxmasında və Rusiay neft-qaz asılılığından qurtulmağa çalışan, yaxud onun təsirini minimuma endirmək istəyən ABŞ, Avropa Birliyi ilə yanaşı, Azərbaycan, Türkiyə, Gürcüstan və Orta Asiya ölkələri olmuşlar. 1996-cı ildən TRASEKA adlanan bu beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizi Rusiyadan yan keçməklə Asiyanı Avropa ilə birləşdirən, eyni zamanda həm də “Böyük İpək Yolu” kimi tanınan yeni qlobal sisteminin həyata keçiriliməsinə və fəaliyyətinə start verilmişdir.

1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən “Şərq-Qərb nəqliyyat təhlükəsizliyi” beynəlxalq konfransında TRASEKA layihəsi irəli sürülmüş və səkkiz prezidentin iştirak etdiyi zirbə görüşündə “Brüssel bəyannaməsi” imzalamaqla, Sovet Birliyi dağıldıqdan sonra Qərb dövlətləri özünün həm də Avrasiya məkanında geosiyasi, geoiqtisadi maraqlarını həyata keçirməyə başladı və bunun üçün də AB dərhal 300 milyon ABŞ dolları həcmində kredit ayırmaqla layihəyə start verilir.

Lakin, iş bununla bitmir. Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda keçirilən TRASEKA layihəsi üzrə “İpək yolu layihəsinin dirçəlişi” adlı çox mühüm konfrans keçirilir. Belə ki, bu konfransda Rusiya və Qazaxıstan istisna olmaqla (Tam əminliklə deyə bilərəm ki, Qazaxıstanın bu tədbirdə iştirak etməməsinə səbəb Rusiyanın təhdid və təzyiqləri olub) 32 dövlətin, 13 beynəlxalq təşkilatın hökumət və rəhbərləri ilə yanaşı, 8 prezident, 24 Baş nazir iştirak edirdi və Bakıda Avropa-Qafqaz-Asiya çoxtərəfli nəqliyyat-kommunikasiya sisteminin inkişafı haqqında saziş imzaladı. Mən hətta buna Balı-Tbilisi-Ceyhan layihəsindən sonra ikinci böyük saziş adlandırardım. Baxın, bu sazişə diqqət yetirdikdə bölgədə hansı geosiyasi dəyişikliklərənail olunmasını görə bilərsiniz. Bəlkə də, bu uzun illərin boyunduruğundan (söhbət Rusiyaadn gedir) QURTULUŞ idi. Bu sazişə əlavə olaraq, beynəlxalq dənizçilik və gəmi daşımaçılığı, gömrük-sərhəd keçid rejiminin sadələşdirilməsi və s. məsələlər daxil edildi. Bundan sonra, bu sazişə qoşulan ölkələr bir-birinin ərazisindən və bütün növ nəqliyyat infrastukturlarının güzəştli şərtlərlə və üstün hüquqla istifadə etməklə, mal-əmtəə göndərməyə və bir-birilə iqtisadi əlaqələr yaratmağa qarşılıqlı öhdəlik götürürlər.
Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR