Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların sayı artıb

13:33 8 Yanvar 2016
8 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq Qalib İmanov universitetin mıtbuat xidmətinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, ürək-damar xəstəliklərin sayı təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ürək-damar xəstəlikləri ilə bağlı klinikaya müraciətlər çox olur: həm böyüklər, həm də uşaqlar arasında bu xəstəliyə rast gəlinir.
Q.İmanov bildirib ki, böyüklər əsasən arterial hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edirlər. Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurları diaqnozu qoyulur. Avropa ölkələrində ürəyin işemik xəstəliyi geniş yayılıb. Müalicəsində müəyyən irəliləyişlər olsa da, statistikaya görə, hələ ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur. Anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb. Avropada, Amerika kimi ölkələrdə isə demək olar ki, bu xəstəliyə rast gəlinmir.
Kardioloq diqqətə çatdırıb ki, anadangəlmə ürək qüsuru prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə artıq aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur. Xarici ölkələrdə anadangəlmə ürək xəstəliklərini əməliyyat edən mərkəzlərin olduğunu deyən kardioloq qeyd edib ki, ora daha çox Şərq ölkələrindən, inkişaf etməmiş ölkələrdən xəstələr gəlirlər. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur deyə əlavə edib, səbəbi də həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir.
Q.İmanov dedi: “Bizdə prenatal, yəni ana bətnində müayinələr artıq 5 ildir aparılır. Bu haqda insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin transfetal exokardioqrafiya göstərişi varsa, yönləndirirlər kardioloqa. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu haqda onun ailəsinə bildiririk. Əməliyyat vasitəsi ilə hər şey öz yoluna düşür. Yox əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki, heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur. Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir.” Həkim diqqətə çatdırıb ki, qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması kimi xəstəliklərin əməliyyatları qapalı yolla keçirilir. Qeyd edib ki, bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll etmək olar. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır.
Bildirib ki, bu əməliyyatlarla artıq 9 ilə yaxındır ki, Azərbaycanda həyata keçirilir. İstifadə olunan aparatlar bahalı olduğu üçün əməliyyatların sayı çox deyil. Çünki qapalı əməliyyat açıq əməliyyatdan daha baha başa gəlir. Onun sözlərinə görə, sığorta sistemi tam qurulandan sonra bu cür xəstələrdə qapalı yolla müalicə riskinin, əməliyyat ağırlaşmalarının qarşısı alınacaq.
Azərbaycanda ürək xəstələrində aktual problemlərdən danışan kardioloq nəzərə çatdırıb ki, ən aktual problem arterial hipertoniyadır. Yüksək təzyiqi olan və diabet xəstələrin sayı əvvəlki illərlə müqayisədə artır. Q. İmanov qeyd edib ki, ürək xəstəliklərinin yaranmasına səbəb əsasən düzgün qidalanmamaq, oturaq həyat tərzidir. Zərərli vərdişlər də bu xəstəliklərin yaranma riskini çoxaldır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anadangelme_urek_qusurlari_ile_dogulan_usaqlarin_sayi_artib-916902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR