Rusiya KTMT-nin baş katibi postunu Ermənistana etibar etmədi

Rusiya KTMT-nin baş katibi postunu Ermənistana etibar etmədi
15:12 8 Yanvar 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

KTMT-nin baş katibi postu rotasiya prinsipi üzrə Ermənistana keçməli idi. Rus əlifbasının tələbi belədir. Amma RF N.Bordyujanın daha bir il KTMT-yə rəhbərlik etməsinə qərar verdi. RF-in KTMT-nin rəhbərliyini Ermənistana verməməsi birmənalı şəkildə ermənilərə etimadsızlığın göstəricisidir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu vəziyyətin 2 təfsiri mümkündür: "Ermənistan 2016-cı ildə AİB-ə sədrlik etməlidir. Avrasiya İqtisadi Komissiyasının sədrinin Ermənistanın keçmiş baş naziri, indi ABŞ-da səfir olan T.Sərkisyan olması ilə bağlı artıq qərar qəbul edilib. RF həm AİB-in, həm də KTMT-nin rəhbərlərinin eyni vaxtda erməni olmasına imkan vermədi. İkinci təfsir Ermənistanın NATO ilə əlaqələrindədir. Ermənistan KTMT üzvü olmasına baxmayaraq KTMT-nin NATO ilə əlaqələri kəsmək barədə iki qərarına tabe olmadı. Ermənistanın müdafiə naziri S.Ohanyanın NATO-nun ABŞ tərəfindən siyasi və hərbi kuratorları olan A.Verşbou və F.Bridlavla güclü şəxsi münasibətləri var. Ohanyanın bu iki şəxsin agenti olması da istisna deyil. KTMT kontekstindən daha iki nüans diqqəti çəkir: Bunlardan birincisi prezident S.Sərkisyanın KTMT-nin Moskva sammitində çıxışı, ikincisi isə RF müdafiə naziri S.Şoyqunun Ermənistanın müdafiə naziri S.Ohanyanı qəbul etməsidir. S.Şoyqunun S.Ohanyanı qəbul etməsi KTMT tədbiri çərçivəsində deyil, MDB müdafiə nazirləri şurasının iclası müstəvisində baş tutdu. Amma ruhən bunu KTMT-də baş verənlərlə əlaqələndirmək daha düzgündür. Əvvəla, Şoyqu Ermənistanın müdafiə nazirini çoxdan qəbul etmirdi. Görünür, NATO ilə əlaqələri təsir etmişdi. İkincisi, əvvəlcədən bəlli imiş ki, KTMT-nin baş katibliyi postu Ermənistanın nümayəndəsinə verilməyəcək. Üçüncüsü, Türkiyə ilə münasibətlər fonunda Rusiyanın Ermənistana hərbi dəstəyi zəruri görünürdü. Rusiya müdafiə naziri bu məsələləri əsas götürməklə Ermənistanın müdafiə nazirini qəbul etdi və Türkiyədən narazılıq bildirdi. S.Ohanyan RF-in Ermənistana hərbi dəstəyini, silah kreditini yüksək dəyərləndirdi".

M.Əhmədoğlu qeyd edib ki, S.Sərkisyanın KTMT-dəki antiazərbaycan, antitürkiyə çıxışı Ermənistan cəmiyyətində qəhrəmanlıq kimi qəbul edildi: "Müxtəlif təfsirlər verildi; Serj Sərkisyan özünün və Ermənistanın imicini xilas etdi; Serj Sərkisyan Ermənistanın müstəqil siyasət yürütməyə hazırlaşdığını nümayiş etdirdi; Ermənistan Rusiyanın təsir zonasından çıxmağa hazırlaşır; Ermənistan Qərbin qarşısında müstəqil siyasət aparmaq bacarığını nümayiş etdirdi. Bəzi erməni ekspertləri isə Serj Sərkisyanın bu çıxışının KTMT-nin bu mövqeyinə təsir etməyəcəyini bildirdilər. Onların fikrincə, KTMT ən azı tərkibinə görə Azərbaycanın əleyhinə qərar qəbul edə bilməz. Eləcə də hal-hazırda RF Azərbaycanla birlikdə fəaliyyət göstərir".

Mərkəz rəhbəri deyib ki, Ermənistan cəmiyyətində Rusiya-Azərbaycan-Türkiyə üçbucağında digər müzakirə olunan məsələ Rusiya ilə Türkiyə arasındakı gərginliyin Ermənistana təsiri barədədir: "Bu məsələdə də fikirlər haçalanır. Hətta bəzi ekspertlərə görə, KTMT-nin baş katibinin ermənilərə dəstək bəyanatı Rusiyanın Türkiyəyə qarşı mübarizədə Ermənistanı özünə tərəf çəkməsinə hesablanıb. Amma onların fikrincə, Rusiya yalnız Dağlıq Qarabağın müstəqilliyini tanıdıqdan sonra Ermənistan Rusiyanın antitürkiyə siyasətini dəstəkləməlidir. Rusiya ilə Türkiyə arasındakı gərginliyin Ermənistana faydalı və ya ziyanlı olduğunu düşünənlərin sayı təxminən bərabərdir. Bəzi siyasilərə görə, ümumiyyətlə Ermənistan bu gərginliyə qoşulmamalıdır. Bir az keçmiş Rusiya ilə Türkiyə barışacaq, Ermənistan çətin vəziyyətdə qalacaqdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/396280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR