Ərşad Hüseynov: “DYP tibbi vasitələrin yoxlanılması ilə bağlı reyd keçirməyəcək”

Ərşad Hüseynov: “DYP tibbi vasitələrin yoxlanılması ilə bağlı reyd keçirməyəcək”
16:29 8 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

“Maşınlarda dərman “apteçkaları”nın olub-olmamasını yoxlamaq üçün reydlər keçiriləcəyinə dair deyilənlər yalandır. Sürücülərə müraciət edirik ki, belə şayiələrə aldanmasınlar. Dövlət Yol Polisi  belə reydlərin keçirilməsini heç nəzərdən də keçirmir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, «Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov deyib.
 
Onun sözlərinə görə, kimlərsə dərman “apteçka”ları ilə bağlı reydlər keçiriləcəyi barədə süni ajiotaj yaradıb və müəyyən işbazlar bundan istifadə ediblər: “Nəqliyyat vasitələrində bu dərman qutuların olması sovet dövründən mövcuddur. İctimai nəqliyyat vasitələrində daha yaxşı dərman qutusu olmalıdır. Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahı ümumi məcburi siyahıdır. Amma elə nəqliyyat vasitələri var ki, dərmanların çeşidi daha geniş olmalıdır. Məsələn, DYP-nin patrul maşınında. Sürücülərin hazırlıq kursunun proqramında ilkin yardımın elementləri haqqında məlumat da var. Sürücü yaralı ilə necə davranmalı olduğunu bilməlidir. Kurslarda sürücüyə ən azı öyrədilir ki, bilmirsənsə, yaralıya yaxın getmə. İlk növbədə həkim çağırmaq lazımdır. Həkim gələnə qədər bacardığın eləsə, həkim gələndən sonra artıq o insanın həyatda qalması da mümkün olar”.
 
Ərşad Hüseynov dünya ölkələrində dərman qutusunun tərkibinin sadələşdirildiyini deyib: “Vasitə olsa da, sürücü bundan istifadə edə bilmirsə, bu nəyə lazımdır? Əsas diqqət ona yetirilir ki, ölkənin ərazisindəki bütün yollarda mümkün yol nəqliyyat hadisələri baş verəndə ixtisaslı həkim yardımı məhz vaxtında gəlib çatsın. Hətta bu məqsədlə ölkənin yollarını əvvəlcə tibb mərkəzlərinə təhkim edirlər. Dünyanın 40 illik tıxac təcrübəsi olan inkişaf etmiş ölkələrində tıxacda da təcili yardım maşınlarına mədəni şəkildə yol verirlər. Amma təəssüf ki, bizim sürücülərimiz güzəşt etmək istəmir, lazım olan bir metrlik məsafəni də bəri başdan zəbt edirik, maksimum sıxlıq yaradırıq”.
 
Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, maşında Səhiyyə Nazirliyin təsdiq elədiyi siyahıya uyğun hər hansı vasitənin olmaması artıq cərimə tətbiqi üçün əsasdır: “Dərman qutusunun komplekləşdirilməməsi, ya ümumiyyətlə olmaması eyni məsuliyyətdir. Fərqi yoxdur ki, hansı dərman çatışmır. Onların bəziləri isə daha mühüm əhəmiyyət daşıyır. O mənada ki ondan istifadə asandır, məsələn rezin. Əsas məsələ odur ki dərman qutusu var, amma sürücü bundan istifadə edə bilmirsə, heç bir əhəmiyyəti yoxdur. Sürücülər dərman qutusunu alıb bağlı şəkildə maşına qoymasınlar, açıb baxsınlar və diqqətlə oxusunlar. Həkimə qədərki tibbi əməliyyatla bağlı əlavə ədəbiyyatlar var ki onlardan da istifadə etmək olar. Səhiyyə Nazirlinin tətbiq etdiyi dərman qutusunun siyahısı başqa dövlətlərlə müqayisədə daha zəngindir. Azərbaycana bu vasitələr daha çox Rusiya və Türkiyədən gəlir, onların siyahısı ilə bizim siyahı üst-üstə düşmür. Ona görə də o qutuları alanda içində nələrsə çatmır, əlavə edirik. Bəzən qutuda yer də olmur. Sadə halda qutunun qiyməti 6-8 manatdır, amma əlavələri edəndə 15 manata yaxın pul edir”.
Ərşad Hüseynovun sözlərinə görə, maşınlarda yanğın söndürən vasitənin olması qanunvericilikdə məcburi xarakter daşıyır: “Xüsusi təhlükəli yük maşınlarda ən azından 5 litr həcmi olan balon olmalıdır. Minik avtomobilləri üçün heç bir parametr yoxdur”.  
 
Ekspert yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr barədə də danışıb: “Hüquqi məsuliyyət, cəzanın sərtliyi cinayəti aradan qaldırmır. Kompleks işlər görülməli, maarifləndirmə aparılmalıdır. Radarın ən ağır cəriməsi 250 manatdır. Adam öldürməkdən qorxmayan adam bu məbləğdən onsuz da qorxmayacaq. Cərimələri 5 dəfə artırsaqsa, bu, artıq təfəkkür problemidir. Bu işlə təkcə DYP məşğul olmamalıdır. Bu il ötən illə müqayisədə yol nəqliyyat hadisələrinin statistikasında yaxşılaşma var. Səbəb isə Azərbaycanda avtomobillərdən istifadə göstəricində geriləmənin olmasıdır. Bu o demək deyil ki, mədəni olmuşuq, biz o deməkdir ki, daha  az maşın sürürük. İctimai nəqliyyat nə qədər qaneedici olsa, fərdi avtomobillərdən istifadə də azalır. Bu zaman qəzalar da azalır”. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR