Qanunsuz küçə ticarəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qanunsuz küçə ticarəti ilə bağlı RƏSMİ AÇIQLAMA
16:57 8 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qanunsuz küçə ticarəti ilə mübarizə işi yeni deyil və qanunvericiliklə artıq 15 ilə yaxındır ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimə olunurlar.

Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov yeni İnzibati Xətalar Məcəlləsində (İXM) yer alan "Qanunsuz küçə ticarəti" adlı 453-cü maddədə nəzərdə tutulan cərimələrin yenilik kimi təqdim olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan İXM-ə əsasən, Azərbaycanda hələ 2001-ci ildən bəri qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimə olunurlar: "Əvvəllər cərimə məbləği 10 manatdan 35 manatadək nəzərdə tutulurdu. 3 il bundan əvvəl isə bu məbləğ 80 manat oldu. Ona görə də bu, heç də təzə məsələ deyil və hazırda qüvvədə olan İXM-nin 235-ci (Müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi) maddəsində nəzərdə tutulur. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə səksən manat miqdarında cərimə edilir. Sadəcə, indi yeni məcəllədə həmin maddənin adı dəyişdirilərək "Qanunsuz küçə ticarəti" adlandırılıb".

Qeyd edək ki, bəzi KİV-lərdə yer alan məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, bununla bağlı cəzalar tətbiq edilir. Yeni "Qanunsuz küçə ticarəti" adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Hazırda qüvvədə olan məcəlləyə əsasən, bununla bağlı məsuliyyət yoxdur.

Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR