İsveçin “West Atlantic” şirkətinə məxsus təyyarə Norveçdə qəzaya uğrayıb

İsveçin “West Atlantic” şirkətinə məxsus təyyarə Norveçdə qəzaya uğrayıb
17:53 8 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 8 yanvar, AZƏRTAC
Oslodan Norveçin şimalındakı Tromsyö şəhərinə poçt daşıyan, İsveçin “West Atlantic” şirkətinə məxsus təyyarə yanvarın 8-nə keçən gecə İsveç-Norveç sərhədi yaxınlığında qəzaya uğrayıb.
Krallığın poçt xidmətinin nümayəndələri bildirirlər ki, iki pilot hələlik itkin düşmüş hesab edilir. “Bombardier CRJ200” təyyarəsi yerli vaxtla gecə saat 1 radələrində, Norveçin qütb dairəsində yerləşən Bude şəhərindən 120 kilometr şimalda olarkən radarlardan itib.
İsveç Dövlət Gəmiçilik İdarəsindən verilən məlumatda isə bildirilir ki, həmin təyyarə naməlum səbəblərdən kəskin şəkildə enməyə başlayıb. Bir dəqiqə ərzində böyük sürətlə 6,5 kilometrdən çox enmiş təyyarə yerə çırpılıb. Qəzanın baş verdiyi rayon müəyyən edilib, lakin təyyarəni tapmaq hələlik mümkün olmayıb. Təyyarənin yerə çırpıldığı, gediş-gəliş olmayan dağlıq ərazidə yol yoxdur, havanın hərarəti isə Selsi şkalası üzrə mənfi 30 dərəcədən aşağıdır.
KİV-lərdə verilən məlumata görə, qəzaya uğramış təyyarənin pilotları Norveç və ya İsveç vətəndaşları olmayıb. Səhər qəza yerinə İsveç hərbi hava qüvvələrinə məxsus F-16 təyyarələri, habelə İsveçin və Norveçin xilasetmə helikopterləri göndərilib, lakin ərazinin relyef xüsusiyyətləri üzündən orada eniş etmək texniki cəhətdən çox mürəkkəb məsələdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechin_West_Atlantic_sirketine_mexsus_teyyare_Norvechde_qezaya_ugrayib-917001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR