Ölkənin ən müsbət iqtisadi modelini tapmaq imkanı yaranıb

Ölkənin ən müsbət iqtisadi modelini tapmaq imkanı yaranıb
18:17 8 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Hazırkı iqtisadi vəziyyət, əslində, bizə ən müsbət və mümkün iqtisadi modeli tapmağa real imkan yaradıb.  

Bunu Milli.Az-a açıqlamasında son zamanlar baş verən iqtisadi prosesləri şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

İqtisadçının sözlərinə görə, müşahidələr göstərir ki, dünya iqtisadiyyatında vəziyyət düzəlmək əvəzinə getdikcə pisləşir: "Belə ki, Çin iqtisadiyyatındakı böhran getdikcə dərinləşir. Çin istehsalı isə dünya iqtisadiyyatı üçün fabrik rolunu oynayır və böyük istehsal müəssisəsi əhəmiyyətindədir. Çində iqtisadi tənəzzül "okeana nəhəng asteroid düşməsi" kimi bir şeydir - bundan yarana biləcək sunami dünya iqtisadiyyatının aparıcı ölkələrinin hamısına fəlakətli şəkildə təsir göstərəcək".

Ekspert hesab edir ki, yaranmış situasiyada Azərbaycan kimi ölkələr isə bacardıqca itkisiz çıxmağa çalışmalıdırlar: "Məlumdur ki, makroiqtisadi dayaqlarımıza zərbə dəysə də, iqtisadiyyatı idarəetmə vasitələri işlək vəziyyətdədir. Odur ki, bunlardan istifadə etməklə mümkün dərəcədə tez bir zamanda antiböhran və yaxud xarici təsirlərdən sığorta tədbirləri işlənib hazırlanmalı və həyata keçirilməlidir. Hazırda real vəziyyət məhz bunu diqtə edir.

Hesab edirəm ki, hazırda tələb olunan şərtlərə uyğun addımlar atılarsa, bu, nəinki yaxın gələcəyimizi itkisiz qarşılamağa, uzaq perspektivdə də hansı yolla getməli olduğumuzu, başqa sözlə məqbul iqtisadi modeli tapmaqda bizə yardım edəcək. Odur ki, söhbət mövcud neqativ proseslər fonunda hansısa müsbət məqamlardan gedərsə, bu amili mütləq nəzərə almaq lazımdır. Belə ki, situasiya bizə ən müsbət və mümkün iqtisadi modeli tapmağa, əslində, real yol açıb".

Ekspertin fikrincə, neftin qiyməti qalxsa belə, Azərbaycanda neft hasilatı təbii səbəblərə görə enməkdədir, qaz resurslarına isə bir o qədər də ümid bəsləməyə dəyməz. Deməli, ölkəmizdə makroiqtisadi dayanıqlıq getdikcə tamamilə başqa sütunlar üzərinə transfer edilməlidir: "Bunu neftdən güclü dollar axını olduğu şəraitdə tam ciddiliyi ilə nəzərə almamaq mümkündür. Ancaq qlobal iqtisadi gərginliklərlə əlaqədar xaricdən təzyiqlərin getdikcə artması fonunda sözügedən istiqamətdə istər-istəməz hərəkətə keçmək zərurəti yaranır. Bir sözlə desək, manatı xarici valyutaların hücumundan xilas etmək istəyiriksə, Azərbaycanımızın iqtisadi modelini xammal və resursların ixracı mexanizmindən aqrar-sənaye üsuluna və yaxud sisteminə keçirməliyik".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR