Quba və Şirvanda QHT-lər üçün təlim və məlumatlandırma sessiyaları keçirilib

Quba və Şirvanda QHT-lər üçün təlim və məlumatlandırma sessiyaları keçirilib
19:38 8 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Quba rayonunda “QHT şəbəkəsi üçün səmərəli idarəetmə” mövzusunda təlim təşkil edib. Təlimdə Quba, Şabran, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən 25 QHT nümayəndəsi iştirak edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, Şuranın məsləhətçiləri Həsən Səmədov və Toğrul Turabov çıxış edərək layihə təkliflərinin hazırlanması və idarə edilməsi haqqında təlim iştirakçılarına ətraflı məlumat veriblər.
Həmin gün, həmçinin Şirvan şəhərində Şuranın baş məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Fərid Qəhrəmanovun iştirakı ilə Şuranın 2016-cı il 1-ci maliyyə müsabiqəsi, QHT-lərin bilik və bacarıqlarının artırılması və onlara praktiki köməkliklərin göstərilməsi məqsədi ilə layihə təkliflərinin yazılması, onun idarə olunması, hesabatların elektron qəbulu prosesinə edilmiş əlavə və dəyişikliklər, eləcə də QHT-lərin illik maliyyə hesabatlarının hazırlanması mövzularında məlumatlandırma sessiyası keçirilib.
Sessiyada Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbər şəxsləri və mühasiblər iştirak edib.
Keçirilən tədbirlərdə elektron hesabatlılıq, QHT-lərin layihə hazırlığı prosesində qarşılaşdığı məsələlər və digər mövzularda geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_ve_Sirvanda_QHT_ler_uchun_telim_ve_melumatlandirma_sessiyalari_kechirilib-917064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR