Xarici İşlər Nazirliyi Rusiya telekanalını sərt tənqid etdi

Xarici İşlər Nazirliyi Rusiya telekanalını sərt tənqid etdi
20:32 8 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Lifenews" telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür.

ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Lifenews" saytının müxbiri Yelizaveta Xramtsovanın Azərbaycanın icazəsi olmadan işğal zonasından keçərək Azərbaycan - Ermənistan ordularının təmas xəttində olmasını şərh edərkən bildirib.

"8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir",- deyə XİN təmsilçisi vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa da məhəl qoymayaraq, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edən “LifeNews” telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir.

O bildirib ki, Rusiya Federasiyasının hüquq və informasiya məkanında fəaliyyət göstərən “LifeNews” separatizm və ekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə, Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur: "Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə “LifeNews” ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir və tanınır".

XİN rəsmisi əlavə edib ki, “LifeNews” rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dost və qonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür: "Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət ediləcək. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən “LifeNews” bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımı tədbirlər görüləcək".


"Lifenews" telekanalının müxbiri Yelizaveta Xramtsova erməni tərəfində

"Lifenews" telekanalının müxbiri Yelizaveta Xramtsova qondarma Dağlıq Qarabağ rejiminin yardımı ilə təmas xəttində olub, erməni əsgərlərlə görüşüb. Jurnalist reportajı separatçı rejimin 25 illiyi ilə əlaqədar hazırlayıb.

Yelizaveta Xramtsova qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyi dünya ictimaiyyəti tərəfindən tanınmır. Dünya ölkələri bu ərazini müstəqil dövlət kimi deyil, Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

"Lifenews"əməkdaşı Dağlıq Qarabağda məskunlaşan erməni ailəsində, xalçatoxuma, tikiş fabriklərində olub.

Müxbir SSRİ-nin sonuncu geologiya naziri (1989-1991) Qriqori Qabrielançla da görüşüb. Sabiq nazirin sözlərinə görə, o, Bakıda doğulub. 5 il bundan əvvəl tamamilə Şuşaya köçüb. Dağlıq Qarabağ haqqında jurnalistə məlumat verən Qriqori, bu ərazinin qiymətli metallarla zənginliyi barədə danışıb.

Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Xocavənd, Ağdərə, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxildir.


Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları

Azərbaycanın Xarici İşlər Nazirliyi məsələnin araşdırıldığını deyib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlər XİN-in "qara siyahısı"na düşür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR