"Müğənni ilə ailə qurmaq hər adamın işi deyil…" - Tünzalə Ağayeva

"Müğənni ilə ailə qurmaq hər adamın işi deyil…" - Tünzalə Ağayeva
21:08 8 Yanvar 2016
140 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayevanın aile.lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Tez-tez xarici ölkələrə getdiyinizi görürük, üstəlik, həm bəstəkar, həm müğənni kimi fəaliyyət göstərirsiniz, bir çox sosial layihələrdə iştirak edirsiniz, müxtəlif tədbirlərə qatılırsınız, bir neçə aydır ki, "O səs Azərbaycan" yarışmasında münsiflər heyətinin üzvüsünüz. Yorulmursunuz?

- İllərdir ki, özümə istədiyim qədər vaxt ayıra bilmirəm. Sənətə gələndə bunu anlayırdım. İllər ötdükcə, işlərim daha çox gündəmdə olduqca, mənə tələbat artdıqca özümə ayırdığım vaxt günü-gündən azalır. İstədiyim vaxtı özümə ayıra bilmirəm. Əlbəttə, mənim üçün rahat deyil, sıxıntıdır. Amma bunu şüurlu şəkildə etmişəm. Yəqin ki, o da mənə güc verir. Bütün sahələr üçün bazar günü istirahət gündür. Ancaq sənət adamları üçün bəlkə də ən işlək gün bazar günüdür, çəkilişlər olur, səhnəyə çıxırıq.

Bazar günü bizim üçün iş gündür. İnsanlar çalışan günü bizim üçün istirahət ola bilər, o da 3-4 saat. Bundan o tərəfə mən çox istirahət edə bilmərəm. Yalnız səfərdə olduğum zaman istirahət edirəm. Bakıda olanda mənim istirahətim yalnız masaj, üz baxımı ola bilər, ya da dostlarımla otura bilərəm, vaxtımız varsa, iki saat fikir bölüşə bilərik. Bu da mənə enerji verir. Əlbəttə ki, ailəm, qızımla keçirdiyim vaxt da mənim üçün istirahətdir. Qızım hazırda çox məşğuldur, bu il onun ən gərgin ilidir, orta məktəbi bitirir, universitetə hazırlaşır. Ona görə də onu dərslərindən, hazırlığından ayıra bilmirəm. Əslində onun da istirahətə ehtiyacı var.

- Yeri gəlmişkən, bir qız övladınız var, yeniyetmə vaxtıdır. Ana-qız arasında münasibətləriniz necədir?

- Fidanın 17 yaşı var. Lakin mənim 17 yaşımda olduğum vaxtla fərqlidir. Bizim dövrümüzün uşaqları, mənim həmyaşıdlarım bunu yaxşı bilirlər. Ailədə içimizdəki təlaşı, psixoloji dönmələri, çətin keçid dövrünü valideynlərimizə deməyə çəkinərdik, az üsyan edərdik. Amma indiki gənclər daha çox üsyançıdırlar, tələbkardırlar. Mən qızıma mümkün qədər azadlıq verməyə çalışmışam, heç vaxt onu sıxmamışam. Əlbəttə, özü ona yaraşan və yaraşmayan hərəkətləri bilir. Öz yaşı, anlayışı, tərbiyəsi, dünyagörüşünə görə ağı qaradan ayırd edir. Övladı sağlam yetişdirdinsə, onu artıq başqa ölkəyə göndərmək, cəmiyyət içərisinə buraxmaq çox rahat olur. Çünki sən lazım olan tərbiyəni ona vermisən. Bu baxımdan mən öz övladıma çox inanıram, ondan əminəm.

Onu ləyaqətli insan kimi yetişdirməyə çalışmışam və Fidan gözümün önündə elə də böyüyür. Amma əlbəttə ki, kaprizləri, özünə görə xasiyyəti, mənimlə barışmadığı nöqtələr, mövzular, məsələlər var. Amma yaşına görə, yeniyetmə keçid dövrünə görə onu anlamağa çalışıram. Çünki qızımla həmyaşıd qız-oğlan övladı olan valideynlərdən soruşuram, maraqlanıram hamısı eyni mövzuda danışır, hamısı eyni dərddədir (gülür). Lakin hamımız da övladlarımıza dəstək olmağa çalışırıq. Belə də olmalıdır. Çünki onlara yasaq qoymaq, aqressiya göstərmək, sərt davranış yaxşı şeylərə gətirib çıxarmaz. Kaprizləri, səhər oyanmaq kimi xırdalıqları yola vermək olar. Zəngli saat 5 dəfə çalınır, sonra mən və nənəsi səhər onu yuxudan oyadırıq (gülür). Fidanın yükünü daha çox nənəsi çəkir. Mən şagird olanda saat 9 olan kimi yatırdım. Tez yatıb, tez də oyanırdıq. Amma indiki gənclər gec yatır, gec də oyanırlar. Bəsit, yüngül qayğıların içərisində bəzən düz gəlirik, bəzən düz gəlmirik. Bu da hər ailədə olan bir şeydir.

- Sirlərini bölüşür sizinlə?

- Mümkün qədər paylaşır. Fidan çox individual uşaqdır. Yəqin ki, uşaqlıqdan tək böyüdüyü üçündür. Valideynlər onun yanında olmayıblar, hərəsi bir şəkildə uzağa düşüblər. Həmişə nənə-baba yanında olub. Ona görə də sanki öz-özünü ayaqda saxlamağa çalışıb, çox erkən yaşlarından öz dünyası olub. Bir zamanlar məndə narahatlıq yaranmışdı, düşünürdüm ki, görəsən, Fidan özünə qapanıq uşaq olacaqmı? Amma şükür Allaha, belə vermədi. Bu da, əlbəttə, məndən asılıdır.

Onda o rahatlığı, əminliyi yaratmalıyam ki, ana ilə səmimi olmaq, sirləri bölüşmək gözəl, güvənli bir şeydir. Çünki övladlar ürək sözünü, ən qorxduğu məqamları, narahatlıqları, hətta səhvini belə valideynləri ilə bölüşməlidir. Bu, çox vacibdir. Bizim dövrün uşaqları ana-atadan çəkinirdi. Bir az da paylaşmaqdan, səhvimizi deməkdən qorxurduq. Hətta tək qərar verməyə məcbur olurduq, çünki yasaq, sərt davranış görürdük. Çox konservativ böyümüşük. Mən bunu övladıma yaşatmaq istəmədim. Hər nəslin özünə görə uşağa yanaşma metodikası var. Amma bu gün artıq elə bir dövrə gəlib çatmışıq ki, insana yasaq qoymaq olmaz. Artıq 3 yaşında uşaq da özgürlük istəyir. Tələb edir ki, onunla hesablaşsınlar. Düşünürəm ki, Fidanla ortaq və paylaşdığımız nöqtələrimiz var. Amma özünə də demişəm ki, Fidan, sən də möhkəm ol, qərar verməyi bacar, amma ağıllı qərar ver, bil ki, təkbaşına qərar bir az riskli olur. Hər zaman böyüklə bölüş. Onun üstünə getməyi sevmirəm, "mütləq bunu etməlisən", "mütləq bunu deməlisən" tələbini qoymuram. Sadəcə deyirəm ki, mənə güvənsin. O da mənə deyir ki, ən yaxşı rəfiqəsi mənəm.

- Qızınız müəyyən yaşa qədər hər iki valideyni ilə böyüyüb. Müəyyən yaşdan sonra siz ona həm ata, həm ana olmusunuz. Fidanı valideynlərindən biri olmadan böyütmək sizi qorxutmadı, bundan çəkinmədiniz?

- Fidan 3 yaşınadək hər iki valideyni ilə böyüyüb. Sonra mən və nənə-babası onun yanında olmuşuq. Amma əlbəttə ki, heç bir qadın, heç bir uşaq yarımçıq ailədə böyümək istəmir. Hər övladın ana və ataya ehtiyacı var. Amma ailə bağlı bir boxçadır və uşaq onun günahını, ağırlığını daşımamalıdır. Elə ata-analar var ki, bir yerdə qalmaq məcburiyyətindədirlər. Amma onlar mehriban dolanmırlar. Ailədə hər zaman aqressiya, hörmətsizlik var və uşaq onun əziyyətini çəkir. Mən o yolu seçmədim, rahat və özümə güvəndiyim yolu seçdim. Əgər mən qarşımdakı insanla bir müddət yaşamışamsa və artıq bizimki düz gəlmirsə, orada uşaq əziyyət çəkməməlidir. Burada seçim etmək lazımdır, ya valideynlər xasiyyətlərini, münasibətlərini dəyişməlidirlər, güclü olmalıdırlar, ya da uşağı düşünməlidirlər. Mən uşağı düşünməyi seçdim. Çünki digər variantda düzələsi bir şey yox idi. Ona görə də qorxmadım və qorxmuram da. Lakin cəmiyyətimizdə elə bir dövrlərimiz olub ki, qadınlar qınağa çevriliblər.

- Həmin qınaqlardan qorxmadınız?

- Boşanan, uşağını tək böyüdən qadınlar qonum-qonşu, qohum-əqrəba tərəfindən həddən artıq qınanılıblar. Ümumiyyətlə, biz elə millətik ki, "qonşu, qohum nə deyər?" deyə düşünürük. Bəli, hamının fikrini önəmsəmək, böyükləri saymaq yaxşı şeydir bəlkə də. Amma heç kim sənin içindəki dərdi, narahatlığı bilə bilməz və qərarı sən verəcəksən. Çünki bu həyatın, ailənin sahibi sənsən. Taleyinlə bağlı qərarı heç kimlə bölüşməli deyilsən. Sənin ağır anlarında, göz yaşların axanda kimsə sənin qapını çalmayacaq. Amma insanlar ömür boyu hər şeyi açıb ortaya tökmür ki. Ailə bağlı, intim, özəl bir şeydir, onu paylaşmaq olmaz. Özəl anlarında da özəl qərarın olmalıdır.

Əlbəttə ki, ağlın başındadırsa, qərarın düzgün olacaq. Valideynlərim məni ömür boyu dəstəkləyiblər. Vaxtilə hansısa addımım onları narahat edib. Amma yenə də yanımda olublar. Bugünədək də yanımdadırlar. Fidanın həyatındakı hansısa boşluğu mümkün qədər doldurmağa çalışmışıq. Əlbəttə ki, hər bir uşağın şüur altında mütləq valideynlərdən birinin yoxluğu qalır. Siniflərində də Fidana bənzər ailələr nə yazıq ki, az deyil. Hətta onlar bu mövzuda aradabir özləri ilə zarafatlaşırlar (gülür). İnsan həyatı haqqında, özəl məqamlarda nəyin normal, nəyin anormal gedəcəyini anlayırsa qərar verməlidir, gecikmək olmaz. İnsan yaşlaşır, uşaqlar böyüyür, həyat bitir. Hər saniyəmiz gedir, geri dönmür. Ona görə də anında qərar vermək lazımdır.

- Heç vaxt buna görə peşman olmadınız?

- Axıra qədər apara bilmədiyim, yaşamadığım, özüm qurduğum ailəmdən uzaq düşməyimlə və ailəmi bitirmək qərarımla heç vaxt qürurlanmamışam. Amma bir şeyi bilirəm ki, peşman da deyiləm. Çünki mən bunu etməliydim və bu gün də qərarımın yaxşı tərəflərini görürəm.

- Üstəlik, siz ailənizdən ayrıldıqdan sonra səhnəyə gəldiniz və tez bir zamanda öz üslubunuzla populyarlaşdınız. Həmin vaxt müğənni xanımlar və ailə məsələsi birmənalı deyildi.

- İndi də müğənni ilə ailə qurmaq hər adamın işi deyil. Çünki sənət adamları spesifikdirlər. Ən azı onların həyat yoldaşları, prodüserləri yanında olmalıdırlar, ya da sponsorları olmalıdır. Heç nələri də olmasa, ən azı həyat yoldaşları yanlarında olmalıdır. Amma mənə elə gəlir ki, ən idealı ər və arvadın eyni sahədə çalışmalarıdır. Aktyor, müğənni cütlükləri az deyil. Mənim taleyim elə gətirib ki, ailədə psixoloji problemimlə sənətdə uğurum yan-yana gəldi. Tamaşaçı səni uzaqdan tanıyır, evinin içini təsəvvür edə bilməz, səni şəxsən tanıya bilməz. Çünki 8-9 milyonun içərisində uzaq başı qonşun, qohumun, kimin gözünün qarşısında böyümüsən o adamlar, səni illərlə tanıyan insanlar niyə bu addımı atdığını anlaya bilər. Mən yalnız belə bir cavab verə bilərəm: heç vaxt qınaqdan qorxmuram.

Çünki özüm-özümə inanan insanam. Allahın mənə verdiyi ağıl, iradə var, onunla hərəkət edirəm. Əgər hesab olunubsa ki, gəldi məşhur oldu və ailəsini atdı, belə bir şey yoxdur, yalnız qıraqdan belə görünür. Bütün cahil suallar ona görə ortaya çıxır ki, onu tanınmaza, bilməzə verirlər. Mən qınaqlara normal baxıram. Tanımırlar deyə düşünürlər ki, yəqin elə olub. Əslində elə deyil. Əslində fakt, gerçək mən dediyim kimidir. Bir ailədə bir istedad dünyaya gəlir və yetişir.

Onun həyat yolunda müxtəlif insanlar qarşısına çıxır. Öncə valideyn, müəllimlər, sabah sevdiyi bir insan, cəmiyyət. Kiminsə əli ilə onu tanıyırlar. Prodüser, həyat yoldaşı, müəllimin, məktəb və ya hansısa bir layihə vasitəsilə istedadlı insan özünü tanıdır. Bu o demək deyil ki, həmin adamı həyat yoldaşı məşhur edib. Bu, onun öz istedadıdır. Əgər həmin vasitə fabrikdirsə, Tünzalədən yaxşı müğənni yetişdirsin. Fakt insanın özündədir. Bir vaxtlar mətbuat mənim haqqımda yaxşı bir söz yazırdı: Tünzalə elə bir cığır, çaydır ki, daşı qarşısına qoysan, mütləq sızıb çıxacaq. Yəni bu gün yanımda filankəs idi, sabah filankəsdir. Bu barədə çox soyuqqanlıqla danışmaq istəmirəm. Əlbəttə ki, hər kəsin həyatındakı ağrı-acılar tam getmir, qırıntıları içində qalır. Amma bir fakt var: istedad varsa, onun alnına yazılıbsa ki, xalq tanımalıdır, kiminsə əli ilə tanınacaq. Orada bir insan vasitə rolunu oynayır. Amma o vasitələrə də hər zaman hörmət və sayqı ilə yanaşmışam. Onları heç vaxt sözün pis mənasında vasitə biməmişəm, sözün yaxşı mənasında vasitə bilmişəm. 

- Bayaq qeyd etdiniz ki, ailəni özünüz qurmuşdunuz? Valideynləriniz bu ailənin əleyhinə idilər?

- 21 yaşında ailə qurdum. "Pakı payızı" müsabiqəsinə qatılanda övladım var idi. Ailənin uzun müddət davam etməməsinə, tərəflərin yanılmasına bir az da tələskənlik səbəb olur. Anam hər zaman deyir ki, əsl sevgi bəlli yaşdan sonra gəlir. Həmin vaxt gerçəkdən aşiq olursan. Taleləri də müqayisə etmək çox çətindir. Elə talelər var ki, uşaqlar bir-birini məktəbdən sevirlər və ömür boyu qoşa qarıyırlar, xoşbəxt olurlar. Bəzi insanlar da hesab edib ki, aşiq olub. Yaşayıblar, amma sonra xarakterlər, psixologiyalar düzgün gəlməyib. Mən buna bənzərini yaşadım. Buna yanlış da deməzdim. Həmin dönəmdəki çevrən, həyat tərzin, dünyagörüşün, anlama qabiliyyətin belə düşünməyə imkan verib. Baxmayaraq ki, böyüklər deyirlər düzgün seçim deyil, amma sən gedirsən irəli, deyirsən yox, o adamdan başqa gözüm heç kəsi görmür. Üstəlik, inanırsan ki, bu, ömür boyu belə olacaq. Adam var ki, dözür, ömrünü çürüdür ki, öz seçimimdir, əzabını da çəkirəm. Amma mən dəyişməyə qərar verdim. Çünki hesab etdim ki, mən ikinci həyatı yaşamayacam, bir də bu dünyaya qayıdıb gəlməyəcəm. Özümə, ailəmə yaraşan, ləyaqətli şəkildə yolumu davam etməyə çalışdım. Bu gün də onun yaxşı tərəflərini görürəm və uğurunu yaşayıram.

- Və belə bir xanıma ikinci dəfə ailə qurmaq təklif olunmadı?

- Desəm yox, yalan olar. Anlayıram ki, mən üzdə olan, ağıllı, gözəl və öz reputasiyası, hörməti olan bir qadınam. Belə qadınlar istəyir ki, ən azı onun səviyyəsində olan kişi ilə ailə qursun. Bizim mentalitetdə bir qism kişi psixologiyası var ki, onlar üçün evdar qadınlar əlverişlidir. Ev həyatı, ev çərçivəsində aktiv olan, dünyaya uşaq gətirən, gözəl şəkildə böyüdən, ev işləri ilə məşğul olan qadınları seçirlər. Ümumiyyətlə, ictimai statusu olan qadınla yaşamaq çətindir. Çünki ictimai qadın özü elə bir kişidir. Özü elə bir ağırlıqdır ki, o ağırlığı daşımaq üçün onunla həyat yoldaşı olacaq insan ondan iki dəfə güclü, ağıllı olmalıdır. Hər mənada - maddi və mənəvi. Evlilik təkliflərinə çox bəsit baxıram. Çünki dediyim kriteriyalar hələ qarşıma çıxmayıb. Əslində həyatımdan məmnunam. Bu saat hədəfim ailə qurmaq deyil, mənim ailəm, övladım var. Əlbəttə ki, kimisə sevə bilərəm, hisslərim ola bilər. Bir sözlə, ictimai qadın üçün sonradan həyat yoldaşı seçmək çətindir. Amma nə qədər ictimai, nə qədər güclü olsa da hər bir qadının sevgiyə ehtiyacı var. Təkcə bir şeyi deyə bilərəm ki, mən xoşbəxtəm.

- Fidan tək böyüdüyü üçün ailə qurmadığınıza görə heyfsilənirsiniz?

- Əlbəttə, Fidanın tək olmasına heyfsilənirəm. 10 il əvvəl bunu başa düşmürdüm. Çünki uşaq idi, gözümün qarşısından ailə keşməkeşləri keçirdi. Düzdür, Fidan tək deyil, qohum-əqrəbada onunla yaşıd olanlar, "bacı", "qardaş" dediyi əmi-dayı uşaqları var. Amma onun evin içində böyüyən bacı-qardaşa ehtiyacı var. Lakin nə edək, tale belə gətirdi. Özü ana olar daha çox övlad dünyaya gətirər.

- Ailə qurmaqla bağlı məsləhətlər verirsiniz?

- İndi onunla belə söhbətləri az edirik. Çünki fikri ali məktəbə daxil olmaqdır. Amma evdə yalnız test imtahanlarından danışmırıq. Ona demişəm və çalışıram ki, daim bölüşsün. Məsləhət görürəm ki, layiqli olanı seçsin. Layiqli olmaq üçün də uşağı düzgün cəmiyyətə buraxmaq lazımdır. Özünün intellekti, səviyyəsi, yaşam tərzi düz gəldiyi cəmiyyətdə yaşayacaqsa, təhsil alacaqsa, dostluq edib ünsiyyət quracaqsa, orada öz səviyyəsində, eyni dünyagörüşlü yarına rast gələcək. Yox, ya özündən həddən artıq yuxarı, ya da aşağıda olan və ya anormal cəmiyyətə girəcəksə, münasibət fərqli olduğu üçün heç vaxt doğru seçim edə bilməyəcək. Valideynin işi öncə övladını düzgün yola istiqamətləndirməkdir, düzgün çevrəyə buraxmaqdır ki, orada öz yaşıdları ilə ünsiyyətləri sağlam olsun. Sağlam cəmiyyətdə, sağlam dünyagörüşlü "alın yazısını" mütləq tapacaq.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR