İrsi faktor, yanlış qidalanma...

İrsi faktor, yanlış qidalanma...
21:42 8 Yanvar 2016
37 Sosial
Ölkə mətbuatı
A- A+

"Son dövrdə anadangəlmə görmə zəifliyi probleminə çox rast gəlinir. Görmə zəifliklərini qruplara ayırsaq deyə bilərik ki, daha çox anadangəlmə zəifliklər müşahidə olunur. Bundan sonra orqanizmin inkişaf dövründə yaranan görmə zəiflikləri gəlir. Bu problem əsasən uşaqlar ibtidai siniflərdə təhsil aldıqları dövrdən üzə çıxır və 18 yaşa qədər davam edir". 

Milli.Az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında oftalmoloq, uzman doktor Fariz Sadıqov deyib. 
 
Mütəxəssis bildirib ki, anadangəlmə görmə zəiflikləri vaxtında təsbit olunmalı, tez-tez müayinələri və düzgün müalicəsi aparılmalıdır. Oftalmoloq qeyd edib ki, anadangəlmə görmə zəifliyi 6 yaşa qədər aradan qaldırılmasa, bu, ömür boyu davam edən göz tənbəlliyi ilə nəticələnir. Sonradan atılan addımların ciddi nəticəsi olmur: "Eynək də təyin olunsa, əməliyyat da aparılsa, görmə tənbəlliyi tamamilə aradan götürülmür. Nəzərə almaq lazımdır ki, beyində görmə mərkəzi 6 yaşa qədər inkişafını başa vurur".
 
Onun sözlərinə görə, uşaqlarda görmə zəifliyinin təsbit olunması çətindir: "Çünki uşaq dünyaya gözünü açır və dünyanı gördüyü kimi də təsəvvür edir. Məsələn, 30 faiz görməsi olan uşaq elə bilir ki, elə görmə bundan ibarətdir. Ona görə də burada məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqlarda hər hansı problem olmasa belə, anadan olanda, bir, üç, altı yaşlarda mütləq göz müayinəsinə aparılmalıdır. Ailədə, genetik olaraq görmə ilə bağlı hər hansı problemlər varsa, o zaman daha diqqətli olmaq lazımdır.
 
Bəzən isə uşaq 6 yaşa qədər həkim müayinələrindən keçir, hər hansı problem qeydə alınmır, 8 yaşda isə uşaqda görmə zəifliyi üzə çıxır. Bu zaman uşaq kitabı, lövhəni yaxşı görmədiyini deyəndə valideynlər bunu tənbəllik kimi yozurlar. Halbuki 6-7 yaşlarında orqanizmin sürətli inkişafı ilə əlaqədar olaraq göz zəifliyi yaranmağa, inkişafa başlayır, bu zaman görmə zəifliyi yaranarsa, valideynlər diqqətli olmalıdırlar.
 
Uşaq həmin dövrlərdə desə ki, mən oxuyanda yoruluram, başım ağrıyır, lövhəni, kitabı yaxşı görə bilmirəm, o zaman buna ciddi yanaşmaq lazımdır və mütləq gözün müayinəsi aparılmalıdır".  
 
 
F. Sadıqov böyüklərdə vəziyyətin fərqli olduğunu qeyd edib: "Əgər bir insan standart, yüz faizli görmənin nə olduğunu bilirsə və onu yavaş-yavaş itirməyə başlayırsa, bunun fərqinə vara bilir. Görmə zəifliyi yaranan kimi insanlar həyəcanlanır və adətən həkimə müraciət edirlər".
 
Mütəxəssis deyib ki, bəzən uşaqlarda görmə zəifliyi problemləri 10-11 yaşdan sonra başlanır. Bu zaman adətən miopiya problemi yaranır, uşaqlar hər şeyə gözlərini qıyaraq baxırlar: "Qıyıb baxmaq onlara bir qədər kömək edir. Amma gözü uzun müddət qıyıb baxmaq olmur. Çünki əzələ yorulur və gözdə yorulma yaranır".
 
Anadangəlmə görmə zəifliklərinin səbəbləri barədə danışan oftalmoloqun sözlərinə görə, burada irsi faktor, yanlış qidalanma, texniki vasitələrdən çox istifadə mühüm rol oynayır.
 
Bundan başqa, aparılan son araşdırmalar bütün günü qapalı mühitdə olan, texniki vasitələrdən daha çox istifadə edən uşaqlarda görmə zəifliyinə gün ərzində açıq mühitdə gəzən uşaqlardan 20 faiz daha artıq rast gəlindiyini təsdiqləyib. Bütün günü gözün yaxın məsafəyə fokuslanması görmə zəifliyinin dərəcəsini artırır.
 
Oftalmoloq onu da deyib ki, görmə zəifliyi xəstəlik deyil, refraktiv qüsurdur. Bunu vaxtında aşkarlayıb, korreksiya edəndə insan yüz faiz görür: "İnsan uşaqlıq, yeniyetməlik dövründə eynəklə görür, 18-20 yaşdan sonra eynəyi atmaq istəsə, göz uyğun olsa, əməliyyatla da yüz faiz görmə mümkün olur". 
 
Görmə qüsurunun əməliyyatla aradan qaldırılması barədə danışan mütəxəssis eksimer-lazer əməliyyatlarının son zamanlarda geniş, sürətlə inkişaf edən bir metod olduğunu vurğulayıb: "Bu metod miopiyası, astiqmatizmi, hipermetropiyası olan şəxslərə tətbiq olunur. Ümumiyyətlə, 90 faiz insan üzərində bu əməliyyatın icra oluna biləcəyini demək mümkündür. Amma fərdi olaraq yanaşanda vəziyyət fərqli olur. Bəzən insanlar "mən mütləq bu əməliyyatı olmalıyam", deyirlər. Bu çox yanlış düşüncədir. "Olmalıyam" deyilən bir yanaşma olmamalıdır. Bəli, eynək, kontakt linza taxmaq istəməyən şəxs əməliyyat oluna bilər. Bunu hətta estetik əməliyyatlarla da müqayisə edə bilərik. Estetik əməliyyatlarda olduğu kimi burada da bu əməliyyatla qüsuru aradan qaldırıb, insanı eynəkdən azad edirik. Hər bir şəxsə bu əməliyyat tətbiq oluna bilməz. Yəni bu əməliyyat müalicə deyil.
 
Gözün buynuz qişası çox incə olan şəxsləri eksimer-lazer əməliyyatı etmək məsləhət deyil. Təsəvvür edin ki, görməsi "-20" olan şəxsin buynuz qişasında bu əməliyyat icra olunsa, qişanın səthini götürməyə başlasaq, gözdən heç nə qalmaz.
 
Buynuz qişada hər hansı problem varsa, eyni zamanda torlu qişada problem mövcuddursa, mütləq nəzərə almaq lazımdır. İndiyə qədər dünyada təxminən 3 milyon insan eksimer-lazer əməliyyatı olunub və onların təxminən  99 faizi halından məmnundur. Amma buna baxmayaraq, risklər də nəzərə alınmalıdır. Risklər varsa, bu əməliyyatı etmək doğru deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/396353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR