Dünyada yeni böhran başlandı

Dünyada yeni böhran başlandı
11:17 9 Yanvar 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

2016-cı il dünya iqtisadiyyatı üçün çox pis başladı. ABŞ-ın fond bazarı, sözün əsl mənasında, çöküb.

ABŞ iqtisadiyyatının ən önəmli indekslərindən biri, ölkə sənayesinin vəziyyətini əks etdirən Dow Jones yanvarın 4-dən 8-dək 5 faiz geriləyərək 900 bənd aşağı düşüb. FastSet-ə istinad edən CNN bildirir ki, bu ilin əvvəli ABŞ iqtisadiyyatı üçün son 119 ildə ən ağır dövr olub.

ABŞ-ın ən böyük 500 korporasiyasının səhmlərinin toplam dəyərinin orta qiymətini müəyyənləşdirən S&P 500 indeksi 4,9 faiz aşağı düşüb. Bu isə daha bir "qara rekord"dur.

Bloomberg bildirir ki, 1928-ci ildən bəri, yəni ümumiyyətlə, S&P 500 tətbiq olunmağa başlayandan bu yana belə pis durum olmamışdı. Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinin və opsionlarının alınıb-satıldığı NASDAQ birjasında geriləmə 6 faiz olub.

Əvvəlki "qara rekord" 2000-ci ildə, "dotkom"ların, yəni internet şirkətlərin "qovuq"larının partladığı zaman olmuşdu. Və ən nəhayət, Morgan Stanley bankının hesabladığı, dünya fond bazarında situasiyanı əks etdirən MSCI World indeksi 5,2 faiz aşağı düşüb. Bu isə 1998-ci ildə sözügedən indeks tətbiq olunduğu 1998-ci ildən bəri ən pis göstəricidir.
Dünya iqtisadiyyatı sadəcə, son

3 gündə 2,5 trilyon dollar itirdi

Ekspertlərin fikrincə, yaşanan fəlakətin başlıca günahkarı Çindir. Çinin Xalq Bankı ilin əvvəlində milli valyuta olan yuanın genişmiqyaslı devalvasiyasına başlayıb. Yanvarın 7-də Çin valyutasının dəyəri 1 dollar üçün 6,5646 yuana, yəni 2011-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bazar buna çox pis reaksiya verdi: yuanın bilərəkdən zəiflədilməsini Çin iqtisadiyyatının zəifliyi kimi dəyərləndirdilər. 

Nədən ki, devalvasiya milli iqtisadiyyatın geriləməsinin qarşısını almaq, yerli şirkətləri və bank sektorunu dəstəkləmək yollarından biridir. İnvestorların kapitalı ölkədən çıxarmağa başladığını görən rəsmi Pekin yuanın kursunun geriləməsini dayandırmaq qərarına gəldi. Çin Xalq Bankı yuanın mövqelərini 0,02 faiz artıraraq 1 dollar üçün 6,5636 yuana çatdırdı.

Devalvasiya ilə paralel olaraq Çinin fond bazarının çökməsi də yaşanır. Ölkənin başlıca indeksi olan Shanghai Composite yanvarın 4-də 6,85, 7-də isə 7,3 faiz gerilədi.
Çin birjalarında əməliyyatlar dayandırılıb.

Vəziyyəti qarışdıran daha bir amil Çin Xalq Bankının ölkənin qızıl-valyuta ehtiyatlarının durumu ilə bağlı açıqlaması oldu. Son bir il ərzində Çinin qızıl-valyuta ehtiyatları 513 milyard dollar azalıb. Sadəcə, 2015-ci ilin dekabrında ehtiyatlar 108 milyard geriləyib.

Çinin ümumdaxili məhsulunun (ÜDM) artımı da yavaşıyıb. 2015-ci ilin 3-cü rübünün nəticələrinə görə, Çin iqtisadiyyatı 6,9 faiz, 2-ci rübdə - 7 faiz, 1-ci rübdə isə 7 faiz artıb.

Son vaxtlar çindən ancaq pis xəbərlər gəlir. "Səmaaltı İmperiya"nın son illərdə sürətlə güclənən iqtisadiyyatının, sən demə, "şişirdilmiş qovuq" olduğu üzə çıxır. İndi bu qovuq kiçilir. İnvestorlar Çin iqtisadiyyatını olduğundan qüdrətli saydıqlarını deyirlər. Amma bu iqtisadiyyata yüz milyardlarla dollar yatırılıb, dərhal imtina etmək mümkün deyil.
Hər şeyə rəğmən, Çindən pullar axır.

Xatırladım ki, Çin dünyada ən böyük məhsul istehsalçısı və istehlakçısı olan dövlətlərdən biridir, bu ölkənin iqtisadiyyatı qlobal iqtisadiyyata həddən ziyadə dərin şəkildə sintez olub. Üstəlik, Çinin ABŞ ilə çoxsaylı iqtisadi əlaqələri var. Məhz bu səbəbdən yuanın devalvasiyası, Shanghai Composite  indeksinin geriləməsi və ya ÜDM dinamikasının azalması əvvəlcə ABŞ-ın fond bazarına, sonra da bütün dünya iqtisadiyyatına ağır zərbə vurur.

Dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşmasının başlıca səbəbkarlarından biri də məhz Çindir. Ən böyük neft alıcısı olan Çində iqtisadiyyatın inkişaf templəri zəiflədiyindən yanacağa olan tələbat da azalır. Nəticədə neftə qlobal miqyasda tələbat azalır və bu da "qara qızıl"ın qiymətini aşağı salır.
Bir sözlə, Çinin problemləri hamıya, hər birimizə təsir edir.

Britaniya da qıvrılır

FTSE 100 indeksinə daxil olan Britaniyanın ən böyük şirkətləri, sadəcə, bir gündə 69 milyyard dollar itiriblər. Səbəb Çindəki fond bazarının çökməsi nəticəsində Avropa birjalarındakı əhəmiyyətli geriləmədir.

İndi Britaniyanın neft-qaz, metallurgiya və energetika korporasiyalarının səhmləri son 11 ildə ən aşağı səviyyədədir. Çinin fond bazarındakı vəziyyətdən təlaşa düşən investorlar bütün dünya birjalarında çaxnaşmalar yaradıblar. Almaniyadakı DAX indeksi 3,3 faiz geriləyərək 9882 bəndə, Fransadakı CAC 40 indeksi isə 2,6%  aşağı düşərək 4366 bəndə enib.

Soros: "Ciddi böhran gəlir"

Amerikalı milyarder Corc Sorosun dediyinə görə, dünya 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhranın təkrarlanması ilə qarşılaşa bilər.
Şri-Lankada keçirilən iqtisadi forumda çıxış edərkən Soros deyib: "Yeni böhranın səbəbkarı iqtisadiyyatın yeni modelinə keçməyə çalışan Çindir. Pekin yalnız istehsal və investisiyalar yox, həm də xidmətlər və istehlaka söykənən iqtisadiyyat modelini formalaşdırmaq istəyir. Bu da yeni qlobal böhran doğuracaq".

Uduzanlar məlum. Bəs udan kimdir?

Belə vəziyyətdə udan, sadəcə, ABŞ-dır. Çin də daxil olmaqla, bir çox ölkələr ABŞ-ın dövlət börc öhdəliklərinin alıcıları və sahibləridir. Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin faiz stavkasının ötən ilin sonlarında qaldırdığını nəzərə alsaq, bahalaşan dollar nəticəsində dünya bazarlarında enerjidaşıyıcılarının da qiyməti ucuzlaşır.
ABŞ bu minvalla dünya ölkələrinin itkiləri hesabına varlanır. Həmişə olduğu kimi.

Azərbaycan nə etməlidir?

Düyna birjalarındakı geriləmələr, böhranlar və fəlakətli vəziyyət Azərbaycana bilavasitə təsir etməyəcək. Ən azı ona görə ki, Azərbaycanda fond bazarı hələ tam formalaşmayıb və Rusiya, yaxud Türkiyədən fərqli olaraq Bakıda şirkətlərin qiymətli kağızları ilə aktiv alver yoxdur.

Lakin yaşananlar Azərbaycan iqtisadiyyatı üçün yeni sınaq, yeni çağırışdır. Böhranın şəksiz şəkildə vuracağı ölkələrdə istehsalın geriləyəcəyi, devalvasiya və inflyasiyanın olacağı qaçılmazdır. Vəziyyət Rusiya, Türkiyə, İran, postsovet məkanı ölkələri və Avropa Birliyinə birbaşa təsir edib.

Həmin ölkələrlə Azərbaycanın sıx, aktiv ticari-maliyyə əlaqələri var və bu səbəbdən iqtisadiyyatımız üçün yeni imtahan sayıla biləcək mərhələ başlanır. Fəqət, vəziyyə bədbinlik üçün əsas deyil. Nədən ki, Azərbaycan iqtisadiyyatı son illərdə qeyri-neft sektorunu, xidmət, emal və istehlak seqmentlərini inkişaf etdirərək enerjidaşıyıcıları satışından əldə olunan gəlirlərdən asılılıq səviyyəsini sürətlə aşağı saldığından böhranın sonucları təhlükəli olmayacaq.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR