Himalaya dırmaşan azərbaycanlı: "4800 metrdə geri qayıtmağı düşündüm" - MÜSAHİBƏ

Himalaya dırmaşan azərbaycanlı: "4800 metrdə geri qayıtmağı düşündüm" - MÜSAHİBƏ
12:44 9 Yanvar 2016
22 Sosial
Ölkə mətbuatı
A- A+

Hüseyn Məmmədov Nepal təəssüratlarını Lent.az-a bölüşür

 

Hüseyn Məmmədov ilk dəfədir piyada səyahətə çıxıb. Həm də uzaq Nepalda. Səyahət haqqında xüsusi planı olmayıb. Sadəcə bilet alıb Nepala gəlib. Hazırda Himalay dağına dırmaşır. Səyahətin xərclərini özü qarşılayır. Deyir, burda səyahət etmək Azərbaycanda yaşamaqdan ucuz başa gəlir. : “1 günlük səyahəti 12-15 dollara başa vurmaq olur. Otel və gündə 3 dəfə yeməklə birgə”.

 

"Nepal turizm polisindən rəsmi icazə və yol xəritəsi alıb səyahətə başladım"

 

Bunun üçün o, sadəcə 40 dollar ödəyib. Dediyinə görə, yolda, otellərdə müxtəlif ölkələrdən olan səyahətçilərdən də səfər etdiyi ölkə barədə daha geniş məlumat almağa çalışır.

 

Səyahətə yanvarın 2-i Nepalın Besisahar adlanan bölgəsindən başlayıb. Hazırda Muktinathdadı. 5416 metr yüksəklikdə. Hüseyn bildirib ki, dırnamış 4200 metrə qədər rahat olub: "Ondan sonra sürəti azaltmaq məcburiyyətində qaldıq. Baş gicəllənməsi, baş ağrısı yuxarı qalxmağa imkan vermirdi. Srağagün 4850 metr hündürlükdə düşərgədə qaldıq. Özümü çox pis hiss edirdim. Hətta geri qayıtmağı belə düşünürdüm. Amma sağ olsunlar, dərman verdilər, özümə gəldim".

 

Səyahət etdiyi ölkənin dırmanış həvəskarlarına göstərdiyi tibbi xidmət barədə isə müsahibimin deyir ki, nəinki zirvədə, hətta Nepalın özündə belə tibbi məntəqə tapmaq çətindir: "İnkişaf etməmiş bir yerdi. Bura səyahət etmək bir az risklidir. Əhalisi çox kasıbdı. Mədəniyyətləri hind mədəniyyətinə oxşayır. İnsanları çox əladır. Demək olar, getdiyim xəritə üzrə hər kəs evini otel edib".

 

Nepalda diqqətini çəkən əsas şeylərdən birinin böyük düyü sahələri olduğunu qeyd edən Hüseynin fikrincə, orada  bütün fiziki işləri qadınlar görür: "Qadınlar meşəyə odun yığmağa gedir, tarlada işləyir və s. Bu işlərdə çalışan kişi görmədim. Restoran və kafelərdə isə bütün aşpazlar kişiləriydi. Bura Hindistandan bir az fərqlidir. Onların böyük festivallarında oldum. Monaxlar hansısa ayin yerinə yetirirdlər. Amma hansı ayin olduğu ilə maraqlanmadım. Yəni bizim düşündüyümüz kimi dağda oturub ayaqyalın meditasiya ilə məşğul olmurlar. Himalaylıların həyat tərzi, təbiət mənzərəsi, insanları barədə xeyli fotolar çəkmişəm".

 

Müsahibim deyir ki, Nepalda əksəriyyət ingilis dilində danışır, hətta dilənçilər belə. Hava isə gözlədiyi kimi kifayət qədər soyuqdur: gündüzlər isti, gecələr isə soyuq, şaxta.  

 

Bu onun ilk səfəri olduğunu üçün təcrübəsizlik etdiyini etiraf edir. Səyahət üçün düzgün ləvazimatlar götürmədiyini bildirir. Onun səhvlərini başqaları da təkrarlamasın deyə, təcrübəsini paylaşır. Deyir, dağa səyahət edirsənsə, uyğun ayaqqabı seçiməlisən: "Yüngül ayaqqabı, isti üst geyimi, qalın papaq və eynək. Ayaqqabı ona görə önəmlidir ki, günün 8-12 saatını piyada yol gedirsən.Mən bura gələndə əşya məsələsində çox səhv etdiyimi gördüm. Misal üçün “notebook” götürmək ağılsızlıqdı. Sonra yolda xeyli geyim, əlavə götürdüyüm ayaqqabımı atmalı oldum".

 

Hüseyn Everesti də fəth etməyi düşünür - dünyanın ən hündür zirvəsini: "Evereste getmək üçün xeyli zirvə təcrübəsi yığmaq lazımdı. Ora birdən-birə getmək mümkün deyil. Eyni zamanda fürsətdən istifadə edib deyim ki, qayıdandan sonra “trekking” (piyada səyahət) turizmini Azərbaycanda inkişafı üçün xeyli təkliflərim olacaq.  Çünki bizdə bunun üçün əla imkanlar var. Hətta burda xeyli əcnəbini artıq cəlb etmişəm".

 










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR