Romada IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü keçiriləcək

Romada IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü keçiriləcək
13:58 9 Yanvar 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 26-28-də Roma şəhərində IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü keçiriləcək. Tədbir İtaliya Senatında baş tutacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirin açılışında İtaliya Senatının prezidenti Pietro Qrasso, Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti Giorge İvanov çıxış edəcəklər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın da toplantıda çıxışı nəzərdə tutulur. Toplantıda İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri iştirak edəcəklər. Bundan başqa, İSESKO-nun baş direktoru Əbdüləziz Əl-Tuveyrcinin, habelə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nüfuzlu siyasi xadimlərinin də tədbirdə iştirakı gözlənilir.

Görüş çərçivəsində İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, Bolqarıstan Prezidenti R.Plevneliyev, Makedoniya Prezidenti G.İvanov, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri V.Vike-Freyberqa, İ.Sərageldin və İtaliya Senatının prezidenti P.Qrassonun “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusunda çıxışları nəzərdə tutulur. Bundan əlavə, “Radikallaşmanın mənbələri, zorakı ekstremizm və din amili” mövzusu ilə bağlı Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İtaliyanın sabiq Prezidenti Corcio Napolitano, Latviyanın sabiq Prezidenti V.Vike-Freyberqanın çıxış edəcəyi gözlənilir.

Ümumilikdə, tədbirdə müasir dövrün aktual problemləri, radikallaşmanın qarşısının alınmasında dinlərarası dialoqun rolu və bu sahədə liderlərin fəaliyyətinin başlıca istiqamətləri, dinlərarası dialoqun qurulmasında qadınların rolu, qlobal idarəçilikdə liderlərin fəaliyyəti, ayrı-ayrı millətlərin və mədəniyyətlərin ümumi dəyərlərinin anlaşılmasında din amili və s. mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, 2016-cı il mart ayının 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2478442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR