Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalistikada bəxtiyar olmaq asan deyil

Jurnalistikada bəxtiyar olmaq asan deyil

Date: 9 January 2016 16:28


Yazı adamı haqqında yazı yazmaq, söz adamı barədə söz demək asan deyil. Özü də ona görə yox ki, o, yazının qədrini, sözün dəyərini başqalarından çox bilir, həm də onun üçün ki, yazının və sözün qüdrətinə, çəkisinə məsuliyyətlə yanaşır, qələmindən, dilindən çıxan hər sözün, hər fikrin mənasının, təsirinin, yozumunun fərqinə varır. Bu mənada Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist Bəxtiyar Sadıqovun 65 illik ömür kitabını vərəqləmək, həyat kredosuna nəzər salmaq ikiqat çətindir. Çünki Bəxtiyar Sadıqov bir jurnalist kimi təkcə sadaladığım keyfiyyətlərə malik deyil, o, eyni zamanda bir insan, bir həmkar, bir ictimai xadim kimi ətrafımızda bu gün təəssüf ki, tez-tez rast gəlmədiyimiz şəxsiyyətlərdəndir. Bəri başdan etiraf edirəm: oxuduğunuz bu yazıdan Bəxtiyarın xəbəri olmayıb. Olsaydı, razılaşmayacaqdı. Çünki o həm də çox təvazökar, özünü gözə soxmağı xoşlamayan insandır.
Mən Bəxtiyar Sadıqovun sözünü özündən əvvəl tanımışam. Hələ keçmiş “Kommunist” qəzetində işləyərkən onun kənd təsərrüfatının müxtəlif sahələrinə aid maraqlı yazılarının birini buraxmazdım, hamısını oxuyardım. Çox qəribədir ki, indi bəzi “jurnalist”lər, xüsusən siyasiləşmiş KİV-in müxalif cəbhəsindəkilər B.Sadıqovun həmin mövzuda məqalələr yazmasını ona irad tuturlar. Amma Bəxtiyar nəinki bu iradlara əks-reaksiya verib təmkinini pozur, hətta yaradıcılığının həmin dövründən şərəf duyduğunu bildirir. Çünki o, bəziləri kimi yaşadığı ömrünün müxtəlif illərindən imtina edən, zaman və şəraitə görə tez-tez “səngər” dəyişən jurnalistlərdən deyil. Çünki o, püxtələşmiş qələmə sahib olduğu kimi, sabit, sağlam və qətiyyətli siyasi mövqeyə də malikdir.
Bəxtiyar Sadıqovun bu keyfiyyətinə Milli Məclisdəki birgə fəaliyyətimizdə dəfələrlə şahidlik etmişəm. Elə artıq uzun illərdir üzvü olduğu Yeni Azərbaycan Partiyasının dördüncü dəfə etibar edib onu deputatlığa namizəd kimi öz siyahısına salması da məhz hamıya qismət olmayan həmin keyfiyyətlərin nəticəsidir. Bəli, Bəxtiyar Sadıqov dördüncü dəfədir ki, 119 saylı Ağdam kənd seçki dairəsinin seçicilərini Milli Məclisdə deputat kimi təmsil edir. Düz 16-cı ildir ki, ölkənin ali qanunverici orqanında qəbul olunan qanunların, eləcə də müxtəlif ictimai, iqtisadi, siyasi məsələlərin müzakirəsində fəal iştirak edir və bu zaman yalnız dövlətçiliyin möhkəmlənməsinə yönəlik mövqe ortaya qoyur. Bu məziyyətin üzərində təsadüfən dayanmıram. Müstəqil Azərbaycanın çox da uzun olmayan parlamentçilik tarixində bəzi deputatların siyasi cəhətdən, yumşaq desək, yollarını azmasını hər ikimiz - Bəxtiyar da, mən də görmüşük. Görmüşük və ... nifrət etmişik. Heç bir siyasi hadisə, heç bir ictimai gərginlik və heç bir böhran insanın əqidəsini, mövqeyini dəyişdirməməlidir - qənaətində olduğumuz üçün...
Bəxtiyar Sadıqov da məhz belə sabit siyasi əqidə sahibidir. Onun iş yerindəki otağında olanlar, yəqin ki, bir fotoya fikir veriblər: köhnə və kiçik şəkildə masanın arxasında qara qıvrımsaçlı bir oğlan, masanın üzərində isə bir portret. Həmin cavan oğlan Bəxtiyar, portretdəki isə Heydər Əliyevdir. Şəkil 1978-ci ildə çəkilib. Ovaxtkı jurnalistlərə, onların xarakterinə bələd olanlar, yəqin ki, xatırlayırlar - heç kimə, məsələn, masanın üstünə ölkənin və ya respublikanın siyasi rəhbərinin portretini qoymaq məcbur edilə bilməzdi. Belə hal yalnız şəxsi rəğbətdən ola bilərdi. Bu mənada Bəxtiyar Sadıqovun Heydər Əliyev siyasi kursuna, məktəbinə sadiqliyinin tarixi hələ keçmiş sovet Azərbaycanı dövrünə gedib çıxır. Əgər həmin dövrün üzərinə ulu öndərin siyasi varisi və əməllərinin davamçısı İlham Əliyevin ideoloji cəbhəsində bir jurnalist kimi ön sırada olduğu indiki illəri də gəlsək, onda Bəxtiyar Sadıqovun əqidə sadiqliyinə şübhə yeri qalmaz.
Bir tarixçi alim kimi gəldiyim qənaət belədir: insanın əqidəsini zaman və məkan formalaşdırır. Bu mənada Bəxtiyar da istisna deyil. Bəxtiyar Sadıqov Qarabağda - Ağdamda doğulub, böyüyüb, orta məktəbi bitirib. Baxmayaraq ki, 50 ilə yaxındır daimi yaşayış yerini Bakıya dəyişib, o, bu gün də təpədən dırnağa qədər qarabağlı - ağdamlıdır. Bunun səbəbi isə təkcə Azərbaycanın Qarabağ adlı, Qarabağ boyda dərdinin olması deyil. Heç Bəxtiyar Sadıqovun uzun illər həmin ərazinin millət vəkili seçilməsinin də buna bir o qədər dəxli yoxdur. B.Sadıqovu qarabağlı, ağdamlı olmaqdan qopmağa qoymayan, bu torpağa bağlayan onun Vətən, yurd sevgisidir. Bəxtiyarla hansı mövzuda söhbət edirsən-et, mütləq sonu Qarabağın, Ağdamın timsalında vətən sevgisinə, yurd həsrətinə bağlanır. Təsəvvür edin, ümumi dost-tanışlarımız var ki, Ağdamı görməsələr də, Bəxtiyarın söhbətlərindən oranı qiyabi olaraq qarış-qarış tanıyırlar.
B.Sadıqov indi baş redaktorluq etdiyi qəzetin 1991-1992-ci illərdə Qarabağ bölgəsi üzrə xüsusi müxbiri olmuşdur. Yəqin ki, həmin illər Qarabağda nələrin baş verdiyini təfsilatı ilə xatırlatmağa ehtiyac yoxdur. Qan-qada, qaçqın, köçkün, aclıq, səfalət, xaos, hakimiyyətsizlik nəinki o dövr Qarabağda, hətta bütün Azərbaycanda hökm sürən siyasi-ictimai və sosial-iqtisadi reallıq idi. Bax, belə bir reallıqda Bəxtiyar Sadıqov müxbir kimi Qarabağı kəndbəkənd, döyüş gedən əraziləri səngər-səngər gəzib qəzet üçün məqalələr yazmışdır. Bəxtiyar Sadıqovun həmin məqalələrindən həm barıt qoxusu gəlirdi, həm həyəcan təbilinin səsləri eşidilirdi, həm Qarabağın gələcək taleyi üçün nigarançılıq sezilirdi, həm də igid döyüşçülərimizin göstərdikləri şücaətlər görünürdü. Bir yerdə çalışdığı iş yoldaşları deyirlər ki, Bəxtiyar o illər redaksiyaya gələndə də əsgər paltarında olurdu. Çünki paltarını dəyişməyə macal tapmırdı. Həmin dövrdə indiki kimi internet, elektron poçt yox idi ki, məqalələrini haradan istəsən yazıb operativ göndərə biləsən. Məqalələri ya özün gətirməli, ya da kiminlə isə göndərməliydin. Bəxtiyar da belə edirdi. Bir ayağı Qarabağda, bir ayağı redaksiyada idi. Yeri gəlmişkən, Qarabağ müharibəsi veteranı olan Bəxtiyar Sadıqovun dostları arasında səngərlərdə tanış olub duz-çörək kəsdiyi döyüşçülərimiz az deyil. Onların bir çoxu sonralar döyüşlərdə həlak olublar. Lakin sağ qalanları ilə B.Sadıqovun dostluğu bu gün də davam edir.
Və çox təəssüf ki, davam edən təkcə bu deyil. Qarabağ, Ağdam dərdi Bəxtiyarın qəlbində özü boyda dərd kimi qalmaqda da davam edir.
“Bu şəhər o şəhərlərdən deyil!
Həm də o şəhərlərə bənzəyir.
Küçələri və səkiləri...
Evləri, meydanları, parkları...
Bazar və mağazaları...
Məktəbləri, uşaq bağçaları...
Qəbiristanlığı...
Hər şey var!
Amma yolları dağılıb, səkiləri ot basıb...
Evləri və meydanları boşdur, parklarındakı ağaclar çoxdan quruyub, həyətlərdə adam boyundan uca qanqal, alaq otları bitib.
Bazarda, meydan və mağazalarda ins-cins gözə dəymir, mal alıb, mal satan görünmür.
Məktəbləri və bağçaları uşaq səsinə həsrət qalıb...
Daha qəbiristanlıqlarda “Yasin” oxunmur!
Bura Ağdamdır!..
Bura ruhlar şəhəridir!..”
“Ruhlar şəhərinin sakinləri” essesindən götürdüyümüz bu sətirlərin müəllifi Qarabağı, Ağdamı unuda bilərmi?! Hər sözündən, hər ifadəsindən kədər yağan bu esseni ürək yanmadan, göz yaşarmadan kağıza köçürmək olarmı?! Bununla belə, gələcəyə nikbin baxmadan “Ruhlar tezliklə şəhərə qayıdacağımıza və onu yenidən, əvvəlkindən də yaxşı tikib-quracağımıza inanırlar!” yazmaq mümkünmü?! Qətiyyən!
Yeri gəlmişkən, B.Sadıqovun bu essesi əsasında təsirli bir sənədli-bədii film çəkilib. Bir çox telekanallarda vaxtaşırı nümayiş olunan film tamaşaçılarda ikili - həm itkilərə təəssüf, həm də qələbəyə əminlik hissləri oyadır. Ümumiyyətlə, Bəxtiyarın istər bu səpkili məqalələri olsun, istərsə də kitabları (“Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan” , “Ömrün söz yadigarı”) - hamısında Qarabağ həsrətindən doğan kədərlə qələbəyə inamdan yaranan nikbinlik bir-birini tamamlayır ki, bu da onun xarakterindəki bütövlükdən irəli gəlir.
Elə bu xarakterə malik olmağın nəticəsidir ki, həmyerliləri, seçiciləri Bəxtiyar Sadıqovu həm də qətiyyətli deputat və sözünün arxasında duran jurnalist kimi tanıyırlar. Etiraf edim ki, əksər dairələrin deputatlarından fərqli olaraq, Qarabağ və Ermənistanla sərhəd bölgələri əhatə edən ərazilərdən seçilmiş millət vəkillərinin işi və yükü daha ağırdır. Düzdür, həmin regionlarda yaşayan əhalinin əksər problemlərini dövlət yüksək səviyyədə həll edir - onlar üçün hər cür şəraiti və infrastrukturu olan yaşayış qəsəbələri salınır, iş yerləri açılır, kreditlər, müavinətlər ayırır və s. Bununla belə, məcburi köçkünlərin bütün problemlərinin həll edildiyini də söyləmək olmaz. Üstəlik, yurdlarından didərgin düşmüş soydaşlarımızın mənəvi-psixoloji durumu... Belə bir vəziyyətdə onların millət vəkili olmaq, etimadlarını qazanmaq yüksək insani keyfiyyətlər tələb edir. Bəxtiyar deyir ki, o, hər dəfə seçiciləri ilə görüşə gedəndə onları ziyarət etməyə gəldiyini söyləyir. İnanıram ki, bu, həqiqətən belədir. Əks halda, onlar arasındakı qarşılıqlı etimad və hörmət seçici-deputat səviyyəsindən dostluq münasibətinə yüksəlməzdi. Bu məqamda B.Sadıqovun Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü kimi fəaliyyətini də vurğulamaq yerinə düşər. Artıq 13 ildən çoxdur ki, o bu komissiyanın bütün tədbirlərində yaxından iştirak edir.
Amma bütün hallarda Bəxtiyar Sadıqov ilk növbədə jurnalistdir, özü də peşəkar. Orta məktəbi qurtarıb sənədlərini Bakıdakı texnikumlardan birinə verib ora qəbul ediləndə də arzusu jurnalist peşəsinə yiyələnmək olmuşdur. Odur ki, qırmızı diplomla bitirdiyi texnikumun diplomu ilə bircə gün işləmədən sənədlərini indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermiş və 1974-cü ildə oranı da qırmızı diplomla qurtarmışdır. Bəxtiyarın əmək kitabçasında jurnalistliyin bütün vəzifə mərhələlərini görmək mümkündür. O vaxtlar jurnalistika sahəsində işləmək indiki kimi asan deyildi. Təsəvvür edin, dövlət universitetinin jurnalistika fakültəsini əla qiymətlərlə başa vuran məzunu əyalət qəzetinə - Abşeron rayonunda çıxan eyni adlı qəzetə... korrektor götürürlər. Bəli, Bəxtiyar Sadıqov jurnalistlik fəaliyyətinə korrektor kimi başlayıb. Sonra həmin qəzetdə müxbir, şöbə müdiri, redaktor müavini işləyib. Ancaq onun istedadı, həmin istedadı hərəkətə gətirən zəhmətsevərliyi “Abşeron” qəzetinin çərçivəsinə sığmırdı. Yəqin ki, həm də bu səbəbdən o dövrün ən hörmətli və nüfuzlu mətbu orqanı sayılan “Kommunist” qəzetinə dəvət alması həmkarlarını elə də çox təəccübləndirmədi. Baxmayaraq ki, bu, həmin illər üçün jurnalistin vəzifə karyerasında yüksək pillə sayılırdı. Bəxtiyar özü də yeni iş yerini təbiətinə xas təvazökarlıqla qarşıladı, fikirləşdi ki, sadəcə, imzasının coğrafiyası genişlənib.
B.Sadıqovun sonrakı əmək fəaliyyəti və hətta deyərdim ki, həyatı “Azərbaycan” qəzeti ilə bağlıdır. Nəşrə “Kommunist” qəzetində birgə işlədiyi Ə.Əfqanın baş redaktorluğu və “Həyat” adı ilə başlayan bu qəzetdə o, ilk nömrə çıxmazdan əvvəl - 1990-cı ilin 19 oktyabrından çalışır. Burada da demək olar, bütün vəzifələrdə - bölgə müxbiri, müxbir, şöbə redaktoru işləyib. 2002-ci ilin aprelindən isə qəzetin baş redaktorudur.
Mən Bəxtiyarın necə jurnalist olduğunu yazılarından, necə baş redaktor olduğunu buraxdığı qəzetdən, necə həmkar, necə iş yoldaşı, yaradıcı kollektivə necə rəhbərlik etdiyini isə həmin qəzetdə çalışan tanışlarımın söhbətlərindən bilirəm. Bilirəm ki, Bəxtiyar Sadıqov qələmi olan jurnalistdir. 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, iki dəfə “Qızıl qələm” mükafatına layiq görülməsi onun yaradıcılığına verilən yüksək diqqətin rəsmi qiymətidir. Qeyri-rəsmi qiyməti isə mövzusundan asılı olmayaraq, onun hər bir yazısının oxucular tərəfindən maraqla qarşılanmasıdır. Bu maraq boş yerdən yaranmır. Bəxtiyar qələmə aldığı mövzuya, qaldırdığı məsələyə ictimaiyyətin fikrini, nəzərini cəlb edə bilir. Onun üçün özünün dediyi kimi, yazılması mümkün olmayan mövzu yoxdur, ona yanaşmağı bacarıb-bacarmamaq problemi var. İndinin özündə - Milli Məclisin deputatı, baş redaktor kimi işinin çox olmasına baxmayaraq, Bəxtiyar Sadıqov jurnalist qələminə dinclik vermir. Dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və hətta bizi gündəlik rahatsız edən adi sosial məsələlər onun tez-tez toxunduğu mövzulardır. Bu yerdə bir məqama diqqət çəkmək istərdim: Bəxtiyar Sadıqovun qələmə aldığı həmin mövzular KİV-də, sosial şəbəkələrdə ən çox müzakirə olunan, rəy bildirilən yazılar sırasındadır. Həmin yazılar o dərəcədə ictimai rəyə təsir göstərir ki, hətta müxalifət jurnalistləri də onlara biganə qala bilmirlər.
Mən bir oxucu kimi Bəxtiyar Sadıqovun baş redaktorluğu ilə çıxan “Azərbaycan” qəzetinə də yaxşı bələdəm. “Azərbaycan” bu gün rəsmi dövlət qəzeti olaraq ölkənin ideoloji vasitələri arasında öncül yer tutur və bu işdə B.Sadıqovun başçılığı ilə bütün kollektivin rolu danılmazdır. Bu gün istər ölkəmizdə, istərsə də yerləşdiyimiz regionda və dünyada mahiyyətindən asılı olmayaraq baş verən elə bir ciddi hadisə yoxdur ki, “Azərbaycan” qəzeti ona lazımi anda diqqət ayırmasın, operativ reaksiya nümayiş etdirməsin. Elə son vaxtlar ABŞ-ın və Qərbin bəzi dairələrinin Azərbaycana qərəzli münasibətlərinə qəzetin verdiyi kəskin cavabları xatırlatmaq kifayətdir. Milli Məclisin deputatı olaraq inanmıram ki, həmin üzdəniraq dairələr “Azərbaycan”ın bu tutarlı cavablarının qarşısına hər hansı əks arqument qoya bilsinlər. Hər halda, indiyəcən bunu görməmişəm.
Bununla belə, ölkədəki bəzi çatışmazlıqları, neqativ halları obyektiv tənqid edən də “Azərbaycan” qəzetidir. Bu qəzet üçün qadağan olunmuş mövzu və toxunulmaz şəxslər yoxdur, dövlətçilik və dövlətin mənafeyi var! İnkişafımıza, Prezidentin tapşırıqlarının icrasına mane olan nə varsa “Azərbaycan” qəzetinin tənqid hədəfidir və sözsüz ki, bu prinsipial mövqe, ilk növbədə, baş redaktorun kollektivin qarşısına qoyduğu tələblərdən irəli gəlir.
O kollektivin ki, onun formalaşmasında, indiki işgüzar səviyyəyə çatmasında Bəxtiyar Sadıqovun səyi az olmayıb. Mən bir çox jurnalistin dilindən “Azərbaycan” qəzetində işləmək istədiklərini şəxsən eşitmişəm. Və onu da eşitmişəm ki, onların həmin istəkləri təkcə ciblərində “Azərbaycan”ın vəsiqəsini daşımaq arzusundan irəli gəlmir. Bu istək, bu arzu həm də ondan irəli gəlir ki, “Azərbaycan” qəzetində “köhnə” işçilərə hörmət, gənclərə meydan, hamıya qayğı və bir də yaradıcı mühit var. Bəxtiyar Sadıqov isə belə bir kollektivə təkcə rəhbərlik yox, həm də böyüklük, himayədarlıq edir. Eşitdiyimə görə, kimin nə şəxsi problemi var baş redaktorla bölüşür, kim bir xeyir işə hazırlaşır onunla məsləhətləşir. Ümumiyyətlə, mənə Bəxtiyar Sadıqovun kollektivin hər bir üzvünün hər bir qayğısını qarşılamağa çalışdığı barədə çox faktlar danışıblar. Məsələn, danışıblar ki, o, ezamiyyətə göndərdiyi əməkdaşının getdiyi ünvanda bütün problemlərini - qalmasına yer ayrılmasından işləməyə şərait yaradılmasınacan telefonla özü həll edir. Yaxud heç vaxt razı olmur ki, “Azərbaycan” qəzetinin əməkdaşı hansısa məmurun qarşısında aciz duruma düşsün. Özündən dəfələrlə eşitdiyim sözlərdir: “Jurnalistikada ən yüksək vəzifə müxbirlikdir və heç kim ona yuxarıdan baxa bilməz”.
Amma Bəxtiyar Sadıqov qədər saxta müxbirlərə, “reket jurnalistikası”na qarşı mübarizə aparan jurnalist də yoxdur. Ümumiyyətlə, o, bu cəbhədə döyüş açan ilk qələm sahibidir. Bəxtiyar Sadıqov təxminən 20 il əvvəl üzdəniraq jurnalistlərə savaş elan edəndə nə Milli Məclisin deputatı idi, nə də “Azərbaycan” qəzetinin baş redaktoru. Amma əqidəsi saf, əməli düz, peşəkar jurnalist kimi görürdü ki, jurnalistikanın “açıq qapı” elan olunması bu ciddi peşəyə sağalmaz yaralar vura bilər, o yaralar ki, günü bugünəcən onları tam sağaltmaq mümkün olmur. Hətta Bəxtiyar Sadıqovun Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü kimi bu istiqamətdə kəskinliklə ortaya qoyduğu mövqe də arzu olunan nəticəni vermir.
Özü də onun bu mövqeyi yalnız sevib-seçdiyi, ömrünü, həyatını həsr etdiyi peşəyə ürəyiyananlıqdan irəli gəlmir. Bəxtiyar Sadıqov heç cür qəbul edə bilmir ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Hacıbəyli qardaşlarının, Xəlil İbrahimin, Şəfi bəy Rüstəmbəyovun, yaxın keçmişimizdən jurnalistikamızın patriarxları Nəsir İmanquliyevin, Ağababa Rzayevin, Cahangir Gözəlovun və onlarca digər qələm sahiblərinin zəhmətləri, istedadları sayəsində zəngin ənənələri olan milli mətbuatımıza bu gün təsadüfi adamlar soxulurlar. Bəxtiyarın Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəy Hacıbəylinin rəhbərliyi ilə çıxan bir qəzetdə işləməsindən, ona baş redaktorluq etməsindən necə qürur hissi keçirdiyinin özüm şahidiyəm. Hələ qəzetin o dövr nömrələrinin axtarılıb tapılaraq kitab şəklində çap edilməsi üçün göstərdiyi səyləri demirəm. Bir tarixçi kimi bilirəm ki, bu, nə qədər əmək və səbir tələb edən işdir. Söz düşmüşkən, qeyd edim ki, B.Sadıqovun təşəbbüsü ilə “Azərbaycan” qəzeti öz sələfinin Cümhuriyyət dövrünə aid sanballı bir kitab (“Azərbaycan-90”) nəşr etdirmişdir.
Ümumiyyətlə, Bəxtiyar Sadıqov bir jurnalist və baş redaktor kimi Azərbaycanın tarixinin, xüsusən XIX əsrin sonları - XX əsrin əvvəllərində baş verən məlum hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin dönə-dönə ictimaiyyətin nəzərinə çatdırılmasına xüsusi fikir verir. O il yoxdur ki, “Azərbaycan” qəzetindən bizim instituta azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımızın başına açdıqları qanlı olaylar barədə yazılar hazırlamaq xahişi edilməsin, özü də dəfələrlə. Bununla, “Azərbaycan” qəzetinin timsalında Bəxtiyar Sadıqov tarixçiləri təkcə bu istiqamətdə yeni tədqiqatlar aparmağa səsləmir, eyni zamanda həmin tədqiqatlar nəticəsində tapılan faktların işıq üzü görməsinə şərait yaradır.
***
...İnsan yaşlaşdıqca sanki illərdə də bərəkət qalmır. Gözümüzü açıb-yummamış günlər ayların, aylar illərin axırına çıxır. Dünən Milli Məclisə ilk dəfə seçilən 50 yaşlı, üzündən abır-həya, tərbiyə yağan, barmaqlarının arası qələm tutmaqdan döyənəkləşmiş əziz dostum Bəxtiyar Sadıqov bu gün ağayana yaşını - doğumunun 65-ci ilini başa vurur. İndi onun üzündən həm də müdriklik yağır, saçları da 15 il əvvəlki kimi qara deyil. Əvəzində, gözlərindən Qarabağ dərdi ilə yanaşı, bir bəxtiyarlıq da sezilir. Bu, jurnalistikanın ona verdiyi bəxtiyarlıqdır. O jurnalistika ki, orada Bəxtiyar olmaq asan deyil.

Yaqub MAHMUDOV,
AMEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı.

Tags:  Jurnalistikada bəxtiyar olmaq asan deyil



RƏYLƏR


Top news