Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır

Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır
16:42 9 Yanvar 2016
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Lerik sakinləri hazırda öz deputatlarını – 78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədovu tapa bilməməkdən şikayətlənirlər. Rayon sakinlərinin verdiyi məlumatlarda bildirilir ki, Lerikdə bir sıra sosial problemlər var.
“Məsələn, rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır. Lakin 2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, artıq 6 ilə yaxındır Lerikdən deputat seçilən bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Halbuki, İqbal müəllim keçən il seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, - sakinlərdən biri deyib.
Rayon sakinlərinin verdiyi məlumata görə, “Kaspi Yıldız” və “Relax” kimi şirkətlərin sahibi olan İ.Məmmədov Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərrüfat qurub.
Yeri gəlmişkən, bugünlərdə deputatın adı “süni yaradılmış “apteçka” ajiotajı”nda da hallanıb. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuata açıqlamasında bildirilib ki, son günlər mediada yayılan məlumatlar süni formada yaradılan ajiotajdır: “Dərman qutusu, qəza dayanma nişanı və yanğın söndürən balonun avtomobildə olması mütləqdir. Bu ajiotajın məqsədli şəkildə kimlər tərəfindən yaradılması məlum deyil”.
Bu ajiotajın kim tərəfindən yayılması məlum olmasa da, daha çox məhsul satmaq niyyəti ilə edildiyi açıq-aşkar hiss olunur. Mətbuat isə bu ajiotajın müəlliflərindən biri kimi məhz deputat İqbal Məmmədov göstərilib. Xatırladaq ki, bu ilin əvvəlindən avtomobillərdə qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı ciddi tədbirlərə başlanacağı barədə heç bir mənbəsi olmayan məlumatlar yayılıb. Yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri olan “Kaspi-Yıldız”ın deputata aid olmasına əsaslanan yerli KİV bu ajiotajın həmmüəliflərindən biri kimi İqbal Məmmədov göstərib.
Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, “Relax” kimi istirahət mərkəzinə sahib olmasına baxmayaraq, İ.Məmmədov bir aya yaxındır ki, xaricdə isirahətdədir...
Qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov da uzun illər vəzifə başında olub. O, 2006-2011-ci illərdə Balakənin, 2011-2013-cü illərdə Şamaxının icra başçısı vəzifəsini tutub. 2013-cü ilin 15 fevralında prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lerik-sakinleri-deputat-i-qbal-memmedov

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR