MDB-nin mənzil-qərargahında bir sıra ekspert iclasları keçiriləcək

MDB-nin mənzil-qərargahında bir sıra ekspert iclasları keçiriləcək
19:28 9 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 9 yanvar, AZƏRTAC
Yanvarın 12-də Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizəni Əlaqələndirmə Bürosunun Əsasnaməsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Qərar layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun əlavə iclası olacaq. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.
Büro cinayətkar mühitin liderləri, beynəlxalq cinayətkar dəstələrin təşkilatçıları, fəal iştirakçıları və onların cinayət əlaqələri haqqında xüsusi məlumat bankının yaradılması üzrə iş aparır, sorğular əsasında və ya təşəbbüs qaydasında müvafiq məlumatı MDB ölkələrinin əlaqədar daxili işlər nazirliklərinə təqdim edir.
Büronun funksiyalarından biri də MDB Dövlət Başçıları Şurasının, Birliyin Hökumət Başçıları Şurasının və MDB Daxili İşlər Nazirləri Şurasının mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə sahəsində qərarlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməkdir.
Ekspertlərin iclasında MDB-yə üzv dövlətlərdən Büronun Əsasnaməsinin ötən il avqust ayında ekspertlər tərəfindən əsasən razılaşdırılmış mətni ilə əlaqədar daxil olmuş əlavələr müzakirə ediləcək.
Yanvarın 13-14-də Birliyin Minskdəki mənzil-qərargahında MDB-yə üzv ölkələrin geodeziya və kartoqrafiya sahəsində istehsal təşkilatları işçilərinin və təhsil müəssisələrinin professor-müəllim heyətinin ixtisasartırma və hazırlanmasında əməkdaşlığa dair Saziş layihəsinin razılaşdırlması üzrə ekspert qrupunun iclası keçiriləcək.
Sənəd layihəsi geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlaşdırılması üzrə Dövlətlərarası Şura tərəfindən təqdim edilib.
Ekspertlərin yekun razılaşmasından sonra Saziş layihəsinə baxılması üçün müvafiq qaydada Birliyin Hökumət Başçıları Şurasına təqdim edilməsi planlaşdırılır.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MDB_nin_menzil_qerargahinda_bir_sira_ekspert_iclaslari_kechirilecek-917264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR