Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aliyə doğru qlobal hərəkətdə vacib əməllərin rolu

Aliyə doğru qlobal hərəkətdə vacib əməllərin rolu

Date: 9 January 2016 22:47

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək İslam dininin bizlər üçün vacib buyurduğu əməllər, əslində bəşəriyyətin inkişafı, nicatı üçündür. Bütün vacib buyurulmuş əməllərin kökündə öncə insanın, daha qlobal anlamda isə bəşəriyyətin aliyə doğru yüksəlişi dayanır. Yəni bəşəriyyətin, məxluqatın aliyə, yüksək kateqoriyalara doğru hərəkətində vacibatların, müqəddəs şəriətimizin vacib buyurduğu əməllərin müəyyənedici rolu var. İnsan nə etməlisi üzərində minillər boyu düşünə, özü üzərində və toplum üzərində yüzlərlə sosial eksperiment qoya bilər. Amma Xaliqin, Öz xəlq etdiyi məxluqa təqdim etdiyi kamillik proqramı, insanın haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini və bu dünyagörüşünün törəməsi olan nə etməli əməl konsepsiyasını özündə birmənalı ehtiva edir və təfəkkür edən insan burada bütün eqzistensial suallarına cavab tapa bilir.

Bu kontekstdə mübarək dinimizin vacib buyurduğu əməllərdən olan əmr-be-məruf (yaxşı işlərə dəvət) və nəhy-əz-münkər (pis işlərdən çəkindirmə) mövzusu xüsusi önəm kəsb edir. Bu bəhsimizdə həmin mövzuya müxtəlif istiqamətlərdən işıq salmağa çalışacağıq.

Yaxşı işlərə dəvət - İslamın vacib əməlidir

Dinə təzə gələrkən hər kəs mübarək İslam dininin əqidəvi kökləri və vacibatlarını öyrənir. Hər bir mömin dinə gələrkən mütaliə etdiyi ilk kitablarda İslamın üsulid-din (köklərdən) və füruid-dindən (budaqlardan) ibarət olduğunu öyrənir. Öyrənir ki, əməl etməsi vacib olan 10 əməl kateqoriyası var. Məlumatı olur ki, on vacibatdan biri - əmr-be-məruf, biri də nəhy-əz-münkərdir. Lakin, ibadətə başlayandan sonra namaz qılır, mübarək Ramazan ayından orucunu da tutur, imkanı olsa, həccə də yollanır. Bəzən təəssüflər olsun ki, dinə gələn insanın ibadəti bunlarla məhdudlaşır. Amma, namaz, oruc vacib olduğu qədər, digər səkkiz əməl də vacib əməllər sırasındadır. O insanın həyatında ki, əmr-be-məruf, nəhy-əz-münkər olmayır - o insanın namazının mahiyyət və keyfiyyəti çox aşağı gələr. Təəssüflər olsun ki, dinimizin on vacibindən biri olan əmr-be-məruf mövzusu həyatımızda işlər halda olmur. Bu haqda az danışılır, bəzən yalnız nəzəri halda yada salınır.

Haqqa dəvət - toplumun islahı üçündür

Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur: "Allah yaxşılıqlara əmr etməyi, yəni haqqa dəvət etməyi və pislikdən çəkindirməyi cəmiyyətin üzərində toplumun islahı üçün vacib etmişdir". Xanım Fatimeyi-Zəhra (s.ə) yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmənin vacibliyini çatdırır. Daha sonra isə bunun vacibliyinin səbəblərinə toxunur. Hansı toplumda, cəmiyyətdə, mühitdə yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə yaşanmazsa, o toplumlarda insanların birmənalı olaraq geriləməsi baş verər. Cəmiyyətin islahı, düzəlməsi, inkişafı yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmədən keçir.

Həzrət Əmirəlmöminin (ə) bu mövzuda buyurur: "Əmr-be-məruf insanların ən yaxşı əməlidir. Hər bir cəmiyyətin sabitliyi, onda əmr-be-məruf məsələsinə necə yanaşılmasından asılıdır". Bir toplumun sabit inkişafı, irəli getməsi, müsbətə tərəf dəyişməsi orada yaxşı işlərə dəvətin institusional yaşanmasından asılıdır. Əgər hansısa toplumda əmr-be-məruf yaşanmazsa, əgər hansısa toplumda nəhy-əz-münkərə bivec yanaşılarsa, nəticədə toplumun səbatlı inkişafı baş verməz.

Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməni tərk edənin duası qəbul olmaz

Həzrət İmam Rza (ə) buyurur: "Əmr-be-məruf və nəhy-əz-münkəri tərk etməyin. Əks təqdirdə Allah Təala pis adamları sizə hakim edər və sonra hər nə qədər dua etsəniz, qəbul olunmaz". Yəni, burada səbəb və nəticə bağlantısını görürük. Yaxşı işlərə dəvətin tərk edilməsi ona gətirib çıxarar ki, onun tərk olunduğu toplumlarda pis adamlar hakim olarlar və sonra da insanların duaları da qəbul olunmaz. Zahirən belə görsənə bilər ki, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə edərik, pis nəticələri ilə qarşılaşarıq. Yəni başımıza problem açarıq. Əksinə, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmədən imtina bu cür mənfi nəticələrə gətirib çıxardır. İnsanın duasının qəbul olunmamasından daha ağrılı nə ola bilər ki?! Toplumda pislərin insanlara hakim olmasından daha ağrılı nə ola bilər ki?! Belə anlaşılır ki, yaxşılıqlara dəvət etməmə və pisliklərdən çəkindirməmə nəticədə toplumda pisliklərin üstünlük təşkil etməsinə, yaxşı şeylərin unudulmasına, pis məsələlərin adiləşməsinə gətirib çıxarır. Əgər öncə bu, yalnız televiziya vasitəsilə evimizin içinə girirdisə, bu gün internet, sosial şəbəkələr istənilən mənfiliyi evimizin içinə telefonumuz vasitəsilə, kompüterlərin vasitəsilə ən tez zamanda gətirə bilir. Əlbəttə ki, eyni zamanda yaxşını da gətirə bilər. Yaxşını etmək iradə istəyir, pisliyi etmək isə iradəsizlik.

Əgər insan yaxşını tanısa, yaxşıya dəvət etmək istəsə və pisi tanısa, pisdən çəkindirmək istəsə - bunun üçün texnoloji nailiyyətlər fövqəl dərəcədə əhəmiyyətli alətə çevrilə bilər. Amma, insan qəflətdə olsa, fərqində olmasa - bu halda hər tərəfdən fəsadlar, mənfiliklər, eybəcərliklər texnoloji vasitələrlə çox rahat şəkildə onun evinə, mühitinə daxil ola bilər. İlk əvvəl adiləşər. Hər pis şey, hər mənfi məsələ öncə adiləşdirilir. Ğina - haram musiqi də o cürdür. Əvvəl insan üçün ğina adiləşir, bir müddət keçdikdən sonra artıq insan onun təsiri altında olur. İnsan bir ömür ğina ilə yaşayır, bu, onun iradəsini məhv edir, sonra da aqibəti viran olur.

Əgər toplumda yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə olmasa, bütün bu məsələlər adiləşəcək. Ona görə də bu, diqqət olunmalı mövzulardandır.

Tək dillə deyil, gözəl əməllərlə yaxşılıqlara dəvət

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə ilə bağlı Həzrət İmam Sadiq (ə) buyurur: "Xalqı dilinizlə deyil, gözəl əməllərinizlə yaxşılıqlara dəvət edənlərdən olun. Xalq sizin çalışmağınızı, doğruluğunuzu və haramlardan çəkinmənizi görməlidir". Olduqca incə bir buyuruşdur. Dinimiz bu məsələyə fövqəl dərəcədə təkid edir. Əməllə insanları yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirmək lazımdır. Sadə dillə desək, gözəl nümunə olmağı bacarmaq lazımdır. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə əməli halda yaşanmalıdır. Nəhayətdə mütədəyyin, mömin insanlar toplumun nümunələridir. Onların necə davranması, bütün topluma təsir edir.

İman əhli yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməni tərk etsə...

İmam Sadiq (ə) Həzrət Əmirəlmöminindən (ə) nəql edir: "Allah Təala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Necə ki, Allahın əmri ilə mələklət Lut qövmünün yaşadığı şəhəri alt-üst etmişdilər, Allah bu şəhərin camaatına əzab vermək üçün iki mələk göndərir. Çünki, şəhərin sakinləri arasında fasiqliklərində həddən artıq inadcıl olan şəxslər var idi. Bu adamlar heç bir vəchlə tövbə etmir, günahlarından əl götürmürdülər. Həmin iki mələk şəhər camaatına əzab vermək üçün gələndə görürlər ki, camaat arasında həddən artıq dua və ibadət əhli olan müqəddəs şəxsiyyət var. Mələklərdən biri digərinə deyir: "Mən belə ibadət əhli olan adama əzab verməyə cürət etmirəm. Şəhəri onun başına uçura bilmərəm. Allahdan bir daha soruşaq, sual edək". O biri mələk deyir: "Sən vəzifəni icra et". Əvvəlki mələk deyir: "Qorxuram Allahın əmri dəyişsin". Bəlkə mələk düşünüb ki, Allahın əzab vermək əmri alınanda bu adam hələ tövbə etməmişdi. Mümkün idi ki, əmrin verildiyi vaxt ərzində həmin abid də tövbə etsin. Bir daha deyir: "Bəlkə əmr dəyişdirilib. Yenidən soruşmağımın eybi yoxdur". Ona görə də, həmin məkək qayıdır Allaha xitab edir: "Mən əmrinizi icra etmək üçün həmin şəhərə getdim. Amma, camaat arasında ibadət və duaya məşğul bir nəfər abid gördüm. Təklifə əməl etməliyəm, vəzifəmə əməl etməliyəm, yoxsa əmr dəyişdirilmişdir?". Allah Təala buyurur: "Əmr öz qüvvəsində qalmaqdadır. Gedin, şəhəri viran edin". Daha sonra Allah Təala mömin abidin də olduğu şəhəri bütövlükdə əzaba düçar etməsinin səbəbini açıqlayır: "Düzdür ki, bu adam ibadət və dua əhlidir. Amma, heç vaxt üzünün rəngi Mənə görə bozarıb, qeyzlənib, dəyişməyibdir. (Yəni, bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir). Mənə görə qəzəblənib etiraz etmədiyi üçün, digər camaatla birlikdə olan da əzab olunmalıdır"". Mübarək İslam dininin keyfiyyəti mahiyyətcə bu buyuruşda tam mənada açıqlanır.

Bəndəçiliyin keyfiyyəti yalnız "mən özümü islah edim"də deyil

İslam bayağı dəyərləri qəbul etmir. Və İslam demir ki, özünə qapıl, insanlar nə edirsə sənə dəxli olmasın, yalnız özünü, öz islahını düşün. Bəzən insan düşünür ki, yalnız mən özüm bəndə olub, dua edim, çalışım Allaha bəndəçilik edim. Amma unudur ki, belə bir dinimiz yoxdur, Allaha belə bəndəçilik qəbul olunmur. İslamın mahiyyətində, İslamın bünövrəsində, zatında mütləq və mütləq ictimailik var. Yəni insanın, onun ətrafında baş verənlərə münasibəti olmalıdır. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək mütləq olmalıdır. İnsanları yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmə - namaz və oruc qədər vacib olan məsələlərdəndir. Təbii ki, bunun yolu və qaydası var. Əgər insan düşünsə ki, mənə dəxli yoxdur, mən öz həyatımı yaşayıram, namazımı qılıram, orucumu tuturam, ibadətimdəyəm, heç kimlə işim yoxdur, heç kimə pisliyim dəymir, mən öz bəndəliyimi edirəm - belə bəndəliyi Allah Təala keyfiyyətli bəndəlik hesab etmir. Həmin toplumun üzərinə əzab gələndə, o insana da gəlib çıxır. Çünki, Allaha xatir bir dəfə də olsun davranışında, hərəkətində toplumda baş verənlərə münasibət olmur. Dinimiz birmənalı olaraq belə laqeydliyi mənfi dəyərləndirir.

İslam dini insanların üzərində məsuliyyət yaradan dindir

Mübarək İslam dini bir din olaraq insanların üzərində məsuliyyət yaradır. Necə ki, bizlərin namazla bağlı, orucla bağlı mükəlləfiyyətimiz var, elə də yaxşı işlərə dəvətlə də, pis işlərdən çəkindirmə ilə də bağlı mükəlləfiyyətimiz var. Üzərimizə düşən vəzifələr var. Təbii ki, zahirdə belə görsənir ki, rahatı heç kimin işinə qarışmamaq, öz ibadətin ilə məşğul olmaqdır. Amma, İslam dini bir din olaraq yalnız bundan ibarət deyil. İslam dini tövsiyə edir ki, yaxşı işləri özün tanıyasan və insanları onlara dəvət edəsən. Necə ki, zamanında səni yaxşı işlərə dəvət etdilər, sən də onu tanıdıqdan sonra digərlərini dəvət edəsən. Əgər bunu etməsək, Allaha itaətsizlik edən toplumun üzərinə əzab gələndə, biz də onun içərisində əzaba düçar olacağıq.

Hansı toplumda yaxşı işlərə dəvət və pisliklərdən çəkindirmə olmasa, o toplum məhvə doğru gedər. Əgər ailənin içərisində yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə olmasa, həmin ailə məhvə doğru gedər. Dinimizin yanaşmasına görə, möminlər bir-birilərinin güzgüləridir. Gərək güzgü olan möminlər bir-birilərinə eyblərini, çatışmazlıqlarını göstərsin. Amma, burada xüsusi olaraq qeyd edilməlidir ki, gərək insan özü ilk öncə yaxşılıqları tanıyan olsun. Bunları tanımaq da özü mühüm məsələdir. Sonra da bunu Allah bəyənən tərzdə çatdırmaq lazımdır. Gərək insanın niyyəti də Allaha xatir olsun. İnsan bunu öz nəfsini təmin etmək üçün etməsin. Həvayi-nəfsin təmini üçün, kiməsə əziyyət vermək üçün etməsin. Bunun bərəkəti olmaz. Əgər əmr-be-məruf və nəhy-az-münkər Allaha xatir niyyəti ilə həyata keçirilsə, bu zaman digər vacibatlar kimi ibadət sayılır.

Hər bir mömin, hər bir iman əhli yaşadığı toplumda, yaşadığı mühitdə yaxşı işlərə dəvət etməli və pis işlərdən çəkindirməlidir. Təbii ki, bunu qaydası ilə, yolları ilə, Allah bəyəndiyi halda etməlidir. Amma, bu, mütləq şəkildə yaşanmalıdır. Görəndə ki, bir toplum yaxşılığı unudub, o topluma əmr-be-məruf etmək, həmin yaxşılıqları yada salmaq lazımdır. Görəndə ki, bir toplumda mənfilik, eybəcərlik, yanlışlıq, günah, səhvlər adiləşir - gərək onlardan çəkindirmə olsun. Bu, ailəyə də, övladlarla münasibətə də, dostlarla münasibətə də, toplumda davranışlara da aiddir.

Allahım, bizlərə öncə yaxşılıqları tanımağı, daha sonra insanları yaxşılıqlara dəvət etməyi nəsib et!

Allahım, bizlərə pislikləri tanımağı və insanları pis işlərdən çəkindirməyi nəsib et!

Allahım, bizləri həyatında bütün vacibatları yaşadanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər "Cümə" məscidinin imam-camaatı


Tags:  Aliyə doğru qlobal hərəkətdə vacib əməllərin rolu


RƏYLƏR


Top news