Türkiyədə Üzeyir Hacıbəylinin Koroğlu operasının premyerası keçirilmişdir (FOTO)

Türkiyədə Üzeyir Hacıbəylinin Koroğlu operasının premyerası keçirilmişdir (FOTO)
03:33 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Türkiyə Respublikası Dövlət Opera və Balet Teatrı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə 9 yanvar 2015-ci il tarixində Mersin Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Koroğlu operasının premyerası keçirilmişdir.

Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata əsasən, tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Səfirliyin əməkdaşları, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak etmişdirlər.

Tamaşadan əvvəl Səfir Faiq Bağırov və Türkiyə Respublikası Dövlət Opera Balet Baş İdarəsinin müdiri Selman Ada Ü.Hacıbəylinin 130 illik yubileyi münasibətilə Koroğlu operasının Mersin Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışmışdırlar. Koroğlu Operasının Azərbaycan musiqi mədəniyyətindəki yeri haqqında söhbət açan Səfir Faiq Bağırov, bu ölməz əsərin eyni zamanda bütün türk dünyasını birləşdirən dəyərlərimizdən olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət ilində Mersin Dövlət Opera və Balet Teatrının repertuarına salınmış Koroğlu operası sonradan TÜRKSOY-un da daxil edilməsiylə bütün türk dünyasının ortaq layihəsinə çevrilmişdir. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olan “Koroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.

Rəsmi hissədən sonra tamaşa təqdim olunmuşdur. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanmış opera tamaşaçılarda xoş təəssürat yaratmış və gurultulu alqışlarla qarşılanmışdır. Premyerada orkestrı isə tanınmış İtaliyan dirijor Lorenzo Coladonato idarə etmişdir.

Sonda, Səfirlik tərəfindən layihənin tərəfdaş qurumları olan TÜRKSOY və Türkiyə Respublikası Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə də əməyi keçən digər şəxslərə plaketlər təqdim olunmuşdur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2478559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR