"Sağalmaz xəstəliyimi biləndə Zaurun rəngi ağardı..."

"Sağalmaz xəstəliyimi biləndə Zaurun rəngi ağardı..."
13:22 10 Yanvar 2016
654 Digər
Ölkə mətbuatı
A- A+

"Xəstəliyim haqda yaxınlarımdan başqa, ilk bilən Zaur olmuşdu. O, Voroşilov küçəsindəki İqtisad Texnikumunda müəllim işləyirdi".

Axar.az xəbər verir ki, bu sözlər mərhum aktrisa Vəfa Fətullayevanın xatirə dəftərindəndir. Aktrisa həmin dəftərdə xəstəliyi ilə bağlı kədərli xatirələrindən də söz açıb:
 
"Tez-tez Zauru görmək üçün həmin küçədən keçirdim. Bir dəfə məni uzaqdan gördü, zarafatla "Vəfa, nə vaxtdan teatrın yolu buradan olub?" - dedi. Yaxınlaşdım, salamlaşıb dedi, tələsirəm, dərsim başlayır, İranı da götür, bazar günü sizə kabab qonaqlığı verəcəyəm. Dedim ki, dayan, sənə sözüm var. Soruşdu ki, nə olub? Dedim, bəlkə də bu bizim son görüşümüzdür. Mən xəstəyəm, Zaur.
Əhvalatı danışdım, inanmadı. Dedi, Vəfa, mənim Moskvada yaxşı həkim dostlarım var, istəyirsən, səni aparım onlar müayinə etsinlər, bəlkə, Bakıdakı həkimlər səhv ediblər? Dedim, yox, Zaur, anamla Moskvada Nikolay Bloxinin yanında olmuşuq.
Zaurun rəngi ağarmışdı, əlləri əsirdi. Axı o, məni çox sevirdi. Məni aktrisa kimi qəbul etməyən Zaur sonralar mənim hər tamaşama gəlirdi və sanki məni bir daha görə bilməyəcəyindən çox qorxurdu. Sanki mənimlə vidalaşmağa gəlirdi.
Leçkomissiyada yatanda hər dəfə dəhlizdə ayaq səsləri eşidəndə tez özümü səliqəyə salırdım və düşünürdüm ki, indi qapı açılacaq, Zaur əlində bir dəstə qızılgül palataya daxil olacaq, həmişəki kimi gülləri güldana yox, mənə uzadacaq, sonra saçlarımı sığallayacaq, əllərimdən tutaraq, "Necəsən, Vəfa?" - deyəcək. Ancaq Zaur bircə dəfə də olsun yanıma gəlmədi. Gözlərim qapıda qalmışdı. Bütün bunlara baxmayaraq, o məni çox sevirdi. Bəlkə də məni bu vəziyyətdə görmək istəmirdi və ona görə də yanıma gəlmirdi. Bəlkə də məni utandırmaq istəmirdi. Bəlkə də məni belə görüb ağlamaqdan qorxurdu..."
 
Xatırladaq ki, əməkdar artist Vəfa xanım Fətullayeva uzun sürən xəstəlikdən sonra 21 may 1987-ci ildə, 42 yaşında vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/396687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR