Di Kaprio: "Bu, qadınların tuflilərə ehtirası kimi bir şeydir" - FOTO

Di Kaprio: "Bu, qadınların tuflilərə ehtirası kimi bir şeydir" - FOTO
14:17 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Leonardo di Kaprio Buro 24/7 saytına "Sağ qalmış" filminin çəkilişləri, qlobal istiləşmə və gödəkcələrə olan sevgisi haqqında danışıb.

Alexandro Qonsales İnyarittunun "Sağ qalmış" dramında ovçu Hyu Qlassı canlandıran Di Kaprionun oyununu izləyən kino tənqidçiləri aktyorun "Oskar" alacağını düşünürlər. Leonardonun özünü isə daha çox başqa mövzu - planetdə baş verən iqlim dəyişiklikləri və təkcə sənədli filmlərdə deyil, həm də bədii layihələrdə bu barədə danışmaq imkanı narahat edir. Buro 24/7 saytının müxbiri Nelli Holms məşhur aktyorla görüşərək, onunla bütün bu mövzular haqqında danışıb.

-    "Sağ qalmış" filmi, şübhəsiz ki, çox ciddi işdir. Təbriklərimi qəbul edin.

- Çox sağ olun. 

-    Yeni filmdə sizin çiy balıq və kəl ciyəri yediyiniz kadrlar var. Maraqlıdır, bu doğrudan əsl balıq və ciyər idi? Yeri gəlmişkən, ekstremal vəziyyətlərdə sağ qalma bacarıqlarınızı necə qiymətləndirirsiniz?

-    Birincisi, onu deyim ki, ciyər və balıq həqiqi idilər. Ekstremal situasiyalara gəlincə isə düzünü desəm, kifayət qədər belə şeylər yaşamışam. Akvalanqla üzürəm, skaydayvinqlə məşğul oluram, ancaq bu filmin çəkilişləri zamanı qazandığım təcrübə heç nə ilə müqayisə edilə bilməz. Hər çəkiliş günündən sonra oteldəki nömrəmə qayıdarkən başa düşürdüm ki, qəhrəmanımın yaşadıqlarını yaşaya bilməzdim. Bəli, mən həyatla ölümün arasında qalmışam, ancaq bu filmdəki situasiyalara hətta yaxın olan heç nə baş verməyib.

-    Bu rola necə hazırlaşırdınız? Hansısa material öyrənmisinizmi?

-    Bəli, mənim materiallarım var idi. "Trapperin gündəliyi"ndən (trapper - Şimali Amerikada xəz axtarışı ilə məşğul olan adamdır) öyrəndim ki, Amerika tarixində uzunmüddətli xəz ovu kimi vəhşi dövr olub. Bu haqda, demək olar, sənədləşdirmə yoxdur, ona görə də biz bu barədə, demək olar, heç nə bilmirik. Ancaq məhz bu hadisələr bu günkü Amerikanı formalaşdırıb.

-    Bəs sizin qəhrəmanınızın real prototipi varmı?

-    Bəli, mənim qəhrəmanım kolonist Hyu Qlass real insandır. Ancaq biz onun obrazına bir az epiklik əlavə etmişik və onu Pol Banyanın (Amerika folklorunun personajı, məşhur odunçu) canlı təcəssümü etmişik. Düzün desəm, özümü qəhrəmanımla müqayisə edə bilmirəm. Məsələn, mənim ölmüş heyvanın cəsədində gecələmək təcrübəm yoxdur, buna görə də öz hisslərimə və xatirələrimə əsaslana bilmirəm. Ancaq mən tamamilə obraza yüklənə və onun instinktlərinə tabe ola bilirəm.

-    Filmdə dəhşətli qəddarlıq səhnələri var. Bu barədə nə düşünürsünüz?

- Mənə elə gəlir ki, kadrda yüksək zorakılıq konsentrasiyası olan filmlərə xüsusi meylim var. Belə səhnələrə müəyyən səviyyədə həssaslığımı itirmişəm deyə, onlar mənə təsir etmirlər. "Sağ qalmış"ı real tarixi dövrün ideal təcəssümü hesab edirəm və mənim üçün bu, ayrı-ayrı epizodlarda qəddarlığın nə dərəcədə yüksək olmasından daha vacibdir. Biz zorakılıq nümayiş etdirmədən belə güclü hekayəni danışa bilməzdik. Belə zamanlar olub və əgər biz ekranda həqiqəti göstərmək istəyiriksə, onu bəzəmədən nümayiş etməliyik. Mənə görə, həyatda olduğu kimi gözəllik və zorakılığın güclü birliyi alınıb.

-    Psixoloji, fiziki cəhətdən çəkilişlər zamanı ən çətin olan nə idi?

-    Qəhrəmanımın keçdiyi sınaqlardan əlavə, əlbəttə ki, havanın soyuğuna dözmək daha çətin idi. Bəzən temperatur -40 dərəcəyə çatırdı. Belə şaxtada kameralar belə çalışmırdı, əllərimiz və üzümüzün hansı vəziyyətdə olduğunu təsəvvür etməyə çalışın. Düşünürəm, aktyorlardan hər biri donmuş əllərini dəhşətlə xatırlayır. Məncə, artıq çoxdan çəkilişlərdə hipotermiyadan qaçmağa kömək edəcək maşın ixtira edilməliydi. Bəli, mən nəyə getdiyimi bilirdim və şaxtanın film üzərində işin əsas şərti olduğunu başa düşürdüm, ancaq bu, başa düşmək prosesini asanlaşdırmırdı. Nəticədə çox səmimi hekayə alındı.

- Gəlin, indi əksinə, sizin iş zamanı həzz aldığınız şeylər barədə danışaq.

- Düzünü desəm, belə layihələrdə bundan öncə iştirak etməmişdim. Alexandro mahircəsinə hər birimizi çəkiliş prosesinə və onun müzakirələrinə cəlb edirdi. Bir səhnəni aylarla məşq edirdik ki, sonra onu saat yarıma çəkə bilək. Bilirsiniz, hər günün sonunda "qızıl saat" adlanan bir zaman var. Bu, günəşin batmasından əvvəl işığın yumşaq olduğu və çəkiliş üçün də uğurlu olan vaxtdır. Biz kameraya ancaq bu vaxt işləyirdik. Bu hətta daha çox teatra oxşayırdı. Uzunmüddətli məşqlər edirdik, daha sonra hər şeyi birdəfəyə oynayırdıq. Ona görə də mən ən çox kameradan kənarda keçən komanda işindən zövq alırdım. Təsəvvür etmirsiniz, çoxlu sayda insan yekunda belə epik filmin alınması üçün necə əl-ələ verib çalışırdı. Biz kadrda xüsusi bir hissə nail olmaq istəyirdik: böyük məkan və miqyas hissi, eyni zamanda qəhrəmanla çox yaxın kontakt. Mənə elə gəlir ki, istədiyimiz alındı və izləyici sözün əsl mənasında qəhrəmanın nəfəsini, onun tərini və qanını hiss edəcək. Biz yeni virtual reallıq yaratdıq. Sizi inandırıram ki, bu həqiqətən də presedenti olmayan layihədir.

-    "Sağ qalmış" filminin tamamilə möhtəşəm olan xüsusiyyəti odur ki, sizin qəhrəmanınız, demək olar, danışmır. O, inildəyir, nərildəyir, sözləri tələffüz etməyə çalışır, ancaq yenə də zamanın əsas hissəsini susaraq keçirir. Verbal olaraq qəhrəmanın emosiyalarını ifadə etmək imkanının olmaması işə necə təsir etdi?

-    Bu, filmin möhtəşəm xüsusiyyətlərindən biridir. Mənim üçün aktyor olaraq bu, inkişaf üçün əla imkandır. Açığı, ssenarini oxuduqdan sonra Alexandronu daha bir neçə replikanı çıxartması üçün inandırmağa başladım: daha çox susmaq istəyirdim ki, izləyici susqunluq vasitəsilə mənimlə birlikdə personajı araşdıra bilsin. Hyu Qlass özü də çox danışan olmayıb. O, kifayət qədər lakonikdir və öz ifadələrində son dərəcə konkretdir və mənə elə gəlir ki, kiminləsə daim ünsiyyətdə olmaq onun üçün elə də vacib deyil (gülür). Ancaq bununla belə uzun susqunluq və sosiumdan kənarda olmaq belə insan üçün də əsl sınaqdır. Mənim üçün bu müəyyən mənada ciddi peşəkar sınaq idi, çünki mən hekayəni ancaq gözlərin köməyilə danışmalı idim. Bu, dəhşətli dərəcədə çətin və maraqlıdır. Karyeram ərzində çoxlu sayda çox danışan personajları oynamışam, bu film isə mənə özümü başqa tərəfdən göstərmək imkanı verib.

-    Bildiyimizə görə, "Sağ qalmış"ın bəzi epizodları Argentinada çəkilib, çünki Kanadada, demək olar, qar ərimişdi. Maraqlıdır, konkret olaraq hansı epizodlar orada çəkilib?

-    Mən əvvəldən sona qədər bütün prosesin bir hissəsi olmuşam. Qara və havaya gəlincə, biz həqiqətən də inanılmaz dərəcədə çətin şərtlər altında çəkiliş aparmışıq. Kanadada Kalqari yaxınlığında bizi görünməmiş hava hadisələri gözləyirdi. Güman edilirdi ki, qar yağacaq, ancaq çox güclü külək, sırsıra var idi, daha sonra isə hava isindi. Biz iki dəfə havaya görə çəkilişləri bir neçə həftəlik dayandırmalı olduq. Əlbəttə ki, belə qrafik dəyişiklikləri çəkiliş prosesinə təsir etməyə bilməzdi. Növbəti dəfə proqnozlar düz çıxmayandan sonra biz Argentinaya getdik, orada isə biz böyük planda çəkilişlər aparmaq üçün qarı bellə yaymalı olurduq. Bu, indi planetimizdə baş verən ciddi dəyişikliklərin sübutudur. İqlim istiləşir, təbiətdə baş verəcək hava dəyişiklərini proqnoz etmək isə çətinləşir. Mən isə eyni zamanda iki filmdə çəkilirdim. Digər film planetdəki iqlim dəyişiklikləri haqqındadır. Onun çəkilişləri zamanı isə biz qarşısı alınmaz dəyişikliklər müşahidə edirdik. 

-    Karyeranıza yeni başlayarkən, sizi ən çox təsirləndirən film yadınızdadır?

-    Bu suala asanlıqla cavab verə bilərəm. Robert De Nironun baş rolu ifa etdiyi Martin Skorsezenin "Taksiçi" filmi. İndiyə qədər özümü qəhrəmanla müqayisə etdiyimi, onun yalnızlığını hiss etdiyimi, filmin sonunda isə onun məni və bütün emosiyalarımı məyus etməsini unutmamışam. Məncə, bu, indiyə qədər çəkilən müstəqil filmlərin arasında ən yaxşısıdır.

-    Atanızla münasibətiniz necədir?

-    Atam mənim üçün qeyd-şərtsiz avtoritetdir. Mən Los-Ancelesdə adi məktəbdə oxumuşam, buna görə də dəqiq deyə bilərəm ki, həyatımda əsas bilikləri atamdan öyrənmişəm. O, mənim qarşıma çıxan ən mütaliəli və savadlı insanlardan biridir. Karyera məsələsində məni yönləndirib, həmişə deyib ki, mənim hər bir filmim müəyyən mənada tarixi olmalıdır. Təkcə onun sayəsində mən gənc aktyor üçün Artur Rembo kimi ("Bütöv tənəzzül" filmi) çox riskli rollar oynamışam. İndi o, ekoloji layihələrdə mənim ən etibarlı silahdaşımdır.

-    Bəs ananız, o da sizin üçün atanız kimi avtoritetdir?

-    Anam illər keçdikcə daha da səmimiləşir. Həqiqəti dibindən vurur və nəticələr barədə düşünmür. Nənəm də belə idi, amma anam ona oxşadığını etiraf etmir. Ancaq mən bilirəm ki, o, nənəmə çox oxşayır. O, hesab edir ki, bütün dünya onun nə düşündüyünü bilməlidir. Yüz dəfə olub ki, o nə isə deyir, mənsə onun nəyi nəzərdə tutduğunu insanlara izah etmək üçün onun dediklərini yumşaltmalı olmuşam. Açığı, mən ona və bu xüsusiyyətinə heyranam.

- Bəs buna necə dözürsünüz?

- Adətən, bu məni əyləndirir. Əminəm ki, nə vaxtsa mən də belə olacam, çünki bu mənim DNT-min bir hissəsidir.

- Bir şeyi etiraf etməliyəm. Dostumla tez-tez müsahibə edirik ki, siz ancaq ekoloji hərəkat aktivisti ilə ailə quracaqsınız.

-    Belə deyim: mən ekoloji problemləri və bu istiqamətdə mənim fəaliyyətimi ciddi qəbul etməyən insanla ola bilmərəm.

- Bilirəm ki, siz şəxsi şeylər barədə danışmağı sevmirsiniz. Ancaq sevgi və münasibətlərlə bağlı ümumi bir məsləhət verməyiniz mümkündürmü? 

-    Bir dəfə Klint İstvud mənə yaxşı bir məsləhət vermişdi. "Sən çox qadını sevəcəksən, ancaq onların sənin xoşuna gəlməsi vacibdir".

- Bəs siz hansı məsləhəti verərdiniz?

-    Çətin sualdır. Düşünürəm ki, münasibətlərdə ən vacib olan şey başqa kimsə olmağa və özünü kimləsə müqayisə etməyə çalışmamaqdır. İnanıram ki, iki insan bir-birini bəyənirsə, bu həmişə təbii bir şey olur və qarşılıqlı bağlılığa heç bir üsulla təsir etmək olmaz. Odur ki, sadəcə özün olmalısan - bu əsasdır.

- Qonaqpərvər insansınız? Dostlarınız qonaq gələndə "Böyük Qetsbi" kimi, yoxsa daha sadə qəbul edirsiniz?

- Dəqiq, Qetsbi kimi deyiləm. Qonaqları qəbul etməyi sevirəm, dostlarımın qonaq gəlməsini bəyənirəm, ancaq son ilyarım ərzində evdə olmamışam, buna görə də qonaqpərvərlik barədə danışmaq çox çətindir. Səbirsizliklə dostlarımla vaxt keçirmək üçün Miladı gözləyirəm.

-    Sağlam olmaq və yaxşı fiziki formanı qorumaq üçün nə edirsiniz?

- Sağlamlığımı qorumaq üçün mən ekstremal idman növləri ilə daha az məşğul olmağa başlamışam. Əvvəllər aktiv şəkildə bu idman növləri ilə məşğul olurdum və bir neçə dəfə ölümlə həyat arasında qalmışam. Hazırda mən sağ və sağlam qalmaq üçün bu əyləncələrdən daha çox imtina edirəm. Sakit fiziki hərəkətlər və mütləq şəkildə, rahatladıcı prosedurlar məni tonusda saxlayır. Bir də dayvinqi çox sevirəm. Bu, heç nə müqayisə olunmayan hissdir, siz yerdən aralanırsınız və yuxularınızın dünyasına daxil olursunuz. İdman mövzusuna gəlincə, həmişə məmnuniyyətlə basketbol görüşlərinə və MMA çempionatlarına baxıram. 

-    İndiyə qədər aldığınız ən bahalı şey?

-    Anama aldığım ev. 

-    Nəyə böyük məbləğdə pul xərcləməyə bilərsiniz? Təbii ki, planetin xilasından başqa. 

-    Gödəkcələr. Mənim çoxlu sayda gödəkcələrim var, ancaq mən onları almağa davam edirəm. Avtomobil və şəxsi təyyarələrin böyük pərəstişkarı deyiləm. Mənim üçün gödəkcələr qadınların tuflilərə ehtirası kimi bir şeydir.










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR