Xaş sümükləri möhkəmləndirirmi?

Xaş sümükləri möhkəmləndirirmi?
22:17 10 Yanvar 2016
214 Sosial
Ölkə mətbuatı
A- A+

Vüsal İsmayılov: "İdmanla məşğul olmaq, fiziki aktivlik sümük mineral sıxlığını yüksəldir, sınıq baş vermə ehtimalını azaldır"

Kliniki təbabətin ən aktual sahələrindən biri də ortopediya və travmatologiyadır. Hər yaş qrupları üzrə insanlar bu sahədən olan müxtəlif xəstəliklərlə üzləşirlər. Bəzən isə bu cür xəstəliklərlə bağlı məlumatsızlıq əhalinin yanlış istiqamətlərə yönəlməsinə gətirib çıxarır. Gecikmiş hallarda isə xəstəlik əlillik dərəcəsinə çata bilir. 

Bu sahədə çalışan mütəxəssislər də əhalinin doğru məlumatlandırılması və maarifləndirilməsi istiqamətində bir çox işlərin görülməsinin tərəfdarıdır. Bu sahədə olan probemlərlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Vüsal İsmayılovla söhbət apardıq.

- Ortopediya və travmatologiya kliniki təbabətin ən aktual sahələrindən hesab olunur. Bəs bu sahədə ən aktual problem hansıdır?

- Uşaqlarda anadangəlmə bud-çanaq oynağının diskvaziyası hazırda çox qarşılaşdığımız problemlərdəndir. Bununla bağlı yeni doğulmuşlardan tutumuş, yaşlılıq mərhələsinə qədər müraciətlər olur. Yeni doğulmuş uşaqlarda ən çox ailələri narahat edən mövzu budda qırışların assimmetrik olması ilə bağlıdır. Əgər diaqnozu vaxtında qoyulmasa, uşaqlar yerimə yaşında axsama ilə hərəkət edirlər. Bəzən axsama olsa da, yenə həkimə müraciət olunmur. Böyük yaşlarda bud-çanaq oynağında ağrı şikayətilə gəlirlər. Daha gecikmiş yaşlarda isə artroz oynağın, oynaq qığırdağının zədələnməsi, bud-çanaq oynağının artrozu ilə müraicət olunur, ağrı, hərəkət məhdudluğu, axsama baş verir və artıq endo-protez əməliyyatı edilir.

- Adətən bir çox xəstəliklər üzrə bizdə həkimə son anda müraciət olunur. Sümük problemləri ilə bağlı da müraciətlər gecikmiş vaxtda olur?

- Məşğul olduğumuz sahə üzrə bir neçə qrup xəstəliklər var ki, onlarla bağlı zamanında müraciət edilməsi vacibdir. Təəssüf ki, bəzi məqamlarda gec müraciət olunduğundan müalicəsində problemlərə gətirib çıxarır, əlilliyə səbəb ola bilir. Əgər erkən yaşda bud-çanaq oynağındakı problem sadəcə müalicə olunursa, gecikmiş variantda ancaq əməliyyat edilməlidir. Uşağın yaşı artdıqca daha mürəkkəb əməliyyata ehtiyac olur. 6 ayına qədər uşaqda oynağı qapalı yolla yerinə oturdub, bir müddət gözləsək, oynağın öz-özünə inkişaf etdiyini, dərinləşdiyini görə bilərik. Bir yaşından sonra bu proses zəif gedir. 4 yaşından sonra isə demək olar ki, artıq bu proses getmir.

- Hansı xəstəliklər sümük problemlərinə gətirib çıxara bilər?

- Dayaq-hərəkət orqanlarının xəstəliklərinin geniş spektrı var. Çünki dayaq-hərəkət sistemi orqanizmdə böyük sahəni əhatə edir. Daha çox ilk olaraq skoliozun üzərində dayana bilərik. Hazırda bunun bir çox formaları var. Bizim daha çox qarşımıza çıxan idiopatik skoliozlardır. Daha çox yetkinlik yaşında uşaqlarda özünü büruzə verir. Son zamanlar biz skoliozu erkən mərhələdə görürük. Amma yenə də üstündən keçilmiş, ya diaqnozu qoyulmamış, ya da məlum olsa da, heç bir müalicə almamış xəstələr var. Skolioz artan xəstəlikdir. Onurğadakı əyriliyin dərəcəsi artdıqca müalicəsi də çətinləşir. Dərəcə ilə götürsək, 40 dərəcədən sonra skoliozlarda əməliyyat edilir. Amma 40 dərəcəyə qədər olanda müalicə taktikası nisbətən daha fərqlidir. 70 dərəcəni keçəndə ciddi ürək problemi yaşada bilər. 100 dərəcənin üzərində xəstənin həyati təhlükəsi ola bilir. Təəssüf ki, günümüzdə yetkinlik yaşından bəri zamanla artan hazırda daha mürəkkəb skoliozlu yaşlı xəstələr var. Qadınlarda hallux valgus deyilən ayaq baş barmağının deformasiyası halı olur. Həm ağrılı olur, həm də estetik cəhətdən problem olur. Bu problemin genetik keçmə xüsusiyyəti də var. Hündürdaban, ucu dar ayaqqabıdan uzun müddət istifadə etdikdə bu deformasiya ehtimalı yüksəlir. Bu ilk başda sadəcə estetik problem olaraq ortaya çıxır. Zamanla baş barmağın oynağında artroza səbəb olur. Başlanğıc mərhələdə konservativ üsullarla, qoruyucu vasitələrlə, ayaqqabı geyinmə tərzinin dəyişdirilməsi, barmaq əyriliyinin artmasına mane olan vasitələrdən istifadə etməklə bu problemi qismən həll etmək mümkün olsa da, müəyyən dərəcədən sonra artıq əməliyyat qaçılmaz olur.

- Sümük xəstəliklərində genetik faktorun rolu nə dərəcədədir?

- Sümük, oynaq, əzələ sistemi xəstəlikləri həm anadangəlmə, həm də sonradan qazanılmış olur. Sümük xəstəlikləri dedikdə, olduqca geniş bir xəstəlik qrupu var. Konkret vəziyyətlər üzərində danışsaq, daha çox informasiya vermiş olarıq. Anadangəlmə anomaliyalarla tez-tez rastlaşırıq. Həm yuxarı, həm aşağı ətrafların anadangəlmə anomaliyaları var. Yuxarı ətrafda barmaqlardakı bitişiklərdən tutmuş, polidaktriya və bir çox anadangəlmə deformasiyalar qabağımıza çıxır. Bir çoxunu uğurla müalicə edirik. Çünki anadan olan kimi problem özünü büruzə verə bilir. Amma təəssüf ki, 21 yaşında da polidaktriya ilə əməliyyat etdiyimiz xəstələr var. Bizim əsas vəzifəmiz fiziologiyanı qorumaq, funksionallıqdır. Hər nə qədər ağır patalogiya olsa da, insanı funksionallığa qaytarmaq lazımdır. Misal üçün, anadangəlmə baş barmaq ya olmur, ya da zəif inkişaf etmiş olur. Baş barmaq çox əhəmiyyətlidir. Bu cür hallarda ikinci barmağın baş barmağa çevrilməsi kimi əməliyyat var. Hazırda günümüzdə, hətta xaricdə də çox populyar olan üsullardan biri də ayaq barmağını əl barmağına köçürməkdir. 

- Havalar soyuyanda, sümükdə, oynaqda hər hansı ağrı olanda bunu çox vaxt revmatizma ilə əlaqələndirirlər. Bu hər zaman revmatizm olur?

- Revmatizm deyilən bir xəstəlik nazoloji vahid kimi yoxdur. Uşaqlarda "atəş" deyilən kəskin revmatizm diaqnozu var. Bu tez-tez boğaz infeksiyası keçirən uşaqlarda eyni zamanda oynaq ağrılarının olmasıdır. Böyük insanlarda isə belə bir problemlə qarşılaşmırıq. Xalq arasında revmatizm deyiləndə revmatoloji oynaq xəstəlikləri nəzərdə tutulur.

- Bildiyim qədərilə, bəzən revamtoloji xəstəliklərdə travmatoloq və ortoped müdaxiləsi də olur. Hansı hallarda müalicədə sizin sahə ilə revmatoloqların birgə işi lazım olur?

- Revmatologiya bizim sahədən uzaq olsa da, bəzi xəstəliklərdə aramızda bir əlaqə olur. Revmatik xəstəliklərlə revmatoloqlar məşğul olurlar və bir çoxlarını dərman preparatları ilə müalicə edirlər. Amma yenə də, revmatoid-artritdə, qırmızı qurd eşənəyində və ya digər revmatoloji oynaq xəstəliklərinin bəzi mərhələlərində biz müdaxilə etmək məcburiyyətində qalırıq. Çünki bir çoxu artıq oynaqlarda ciddi artroz, ağrı, axsama, hərəkət məhdudluğu yaradır. Endo-protez əməliyatı təkcə oynaq çıxıqlarında deyil, revamtoloji xəstəliklərdə də geniş istifadə olunur. Biz revmatoloji problemi olan xəstəyə yalnız cərrahiyyə göstərişi olduğu zaman müdaxilə edirik. 

- El arasında xaş yeməyinin sümükləri möhkəmləndirməsi ilə bağlı fikirlər var. Ümumiyyətlə, qida sümükləri möhkəmləndirirmi?

- Müasir dövrdə vitamin, mineral çatışmazlığı çox da müzakirə mövzusu deyil. Çünki hər kəsin minimal bəslənmə potensialı demək olar ki, var. Əgər sümüklə bağlı hər hansı problem yoxdursa, gündəlik nə ilə qidalansa da, sümük bitişəcək. Sümüyün möhkəmlənməsi üçün xüsusi qida əlavələrinə ehtiyac yoxdur. Kalsiumla zəngin süd məhsullarının istifadəsi və normal bəslənmə kifayətdir. Xaş və ya başqa yeməklər istifadə edilsə, ziyanlı deyil, amma sümük üçün nə qədər xeyrinin olmasının elmi əsası yoxdur.

- Bəs idmanın sümüklərin sağlamlığında rolu nə dərəcədədir?

- İdmanın sümük və dayaq-hərəkət sistemi üçün olduqca böyük əhəmiyyəti var. Fiziki aktiv, idmanla məşğul olan insanlarda sümük mineral sıxlığının yüksək olduğu təsdiqlənib. Yaşlı qadınlar arasında araşdırma aparıb, sümük mineral sıxlığına baxıblar. İdmanla məşğul olan qadınlarda müəyyən müddətdən sonra sümük mineral sıxlığının idman etməyənlərdəkindən daha yüksək olduğu görünüb. İdmanla məşğul olmaq, fiziki aktivlik sümük mineral sıxlığını yüksəldir, sınıq baş vermə ehtimalını azaldır. Amma bəhs etdiyim həvəskar idman növü ilə əlaqədardır.

- Bəs peşəkar idman?

- Professional idmanın özünə aid patalogiyaları var. Son zamanlar idman həkimliyi deyə ixtisas var. İdmançılarda olan patologiyalarla məşğul olur. Professional idmanla məşul olan insanların da dayaq-hərəkət sistemi ilə əlaqəli müəyyən problemləri yaranır. Qaçmaqla bağlı idman növləri ilə məşğul olan gənc insanlarda diz ön çarpaz bağın yırtılması, qopması halları müşahidə olunur. Bu çox önəmli bağdır. Əgər yırtılırsa, onun gələcəkdə problemləri çox olur. Ona görə də cərrahiyə əməliyyatı ilə bağ bərpa edilir. Hər bir idman növünün özünün dayaq-hərəkət sisteminə təsirləri görülməkdədir. Nəticə etibarilə bir az ironik də olsa, professional idman sağlamlığa zərərlidir, həvəskar idman isə xeyirli.

- Yaşlandıqca sümük yumşalır. Sümük problemləri də yaşlandıqca çoxalırmı?

- Ortopediya və travmatologiya insanın anadan olduğu vaxtdan dünyasını dəyişdiyi günə qədərki dayaq-hərəkət sisteminin xəstəlikləri ilə məşğul olur. Hər yaşın isə özünə görə müəyyən patalogiyaları var. Yaş artdıqca daha fərqli patalogiyalar meydana çıxır. Eyni problem müxtəlif yaşlarda fərqli nəticələrə səbəb ola bilir. Məsələn, çiyin oynağının çıxığından sonra gənclərdə təkrari çıxıq riski artsa da, yaşlılarda çiyində bir qrup əzələlərin yırtılması baş verir. Sümükdə əmələ gələn törəmələrin də yaşa görə görünmə sıxlığı dəyişir.

- Azərbaycanda travmatologiya və ortopediya sahəsində çalışan xanımlara rast gəlməmişəm. Xanımlar bu sahəyə niyə meyil etmirlər?

- Dünyada belə, bu sahədə dominantlığı kişilər təşkil edir. Amma dünya təcrübəsində qadın travmatoloq və ortopedlər var. Azərbaycanda isə çox azdır. Qadınların cərrahi ixtisaslara meyli nisbətən azdır. Travmatologiya cərrahiyyə ixtisasları içində ən ağır olanıdır. Amma yeni müasir travmatlogiya və ortopediya da alt sahələrə bölünməyə başlayıb. Qərb ölkələrində sadəcə bir sahəsi ilə məşğul olan həkimlər var. Sahələrə böldükdə, onların içərisində az güc tələb edən sahələr var. Məsələn, uşaq ortopediyası, əl cərrahiyyəsi. Avropada, Amerikada qadınların seçdikləri alt sahələr bunlar olur.

- Bu sahə üzrə Bakı və regionlarda maariflənmə hansı səviyyədədir?

- Hazırda sosial şəbəkələr, internet, televiziyalarla maarifləndirmə daha çox aparılır. Amma sağlamlıqla bağlı maariflənmə məktəb dövründən başlasa, daha yaxşıdır. Qərb ölkələrində skoliozu məktəb yaşlarından aşkar etmək üçün müayinələr aparırlar. Bildiyim qədərilə, bu, Azərbaycanda da tətbiq olunmağa başlayıb. Periferik bögələrdə maariflənmə işinin məktəb və məktəbəqədər dövrdə aparılması daha yaxşı olardı. Televiziya və sosial şəbəkələrdə də bu məsələlərin müəyyən insanlar adından deyil, dövlət tərəfindən aparılması yaxşı olardı. İkincisi, ailələrin bu məsələyə diqqəti lazımdır. Valideynlərə uşaqlarını gündəlik həyatdakı hadisələrdən qorumaq, tədbir görə bilmək qabiliyyəti aşılanmalıdır. Universitetlərdə tələbələrin, iş yerlərində işçilərin maarifləndirilməsi çox önəmlidir.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/396763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR