İnsan heyvanlara da humanist davranmalıdır (FOTO)

İnsan heyvanlara da humanist davranmalıdır (FOTO)
08:03 11 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Humanizm latın sözü "humanitas" - "insanlıq", "humanus" - "insanı", "homo" - "insan" sözlərindən yaranıb. Bəs insan övladı həyatda, gündəlik yaşamında daim adına layiq, humanist davranırmı?

Toxunacağımız mövzu sahibsiz heyvanlarla bağlıdır. Həm Azərbaycanda, həm də dünya təcrübəsində cəmiyyətin bu məsələyə yanşma tərzini araşdırmaq istəmişik.

Əksər ölkələr bu problemin daha humanist yolla, kimsəsiz heyvanlar üçün sığınacaqların yaradılması ilə həllinə üstünlük verir.

Azərbaycanda da kimsəsiz heyvanlar üçün bir sıra müasir sığınacaqlar yaradılıb. Eyni zamanda kimsəsiz heyvanların vaksinasiyası həyata keçirilir, bu heyvanların himayə edilməsi istiqamətində maarifləndirmə işləri aparılır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, təmsil etdiyi qurum bununla bağlı müəyyən işlər görüb.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti ötən ilin aprel-mart aylarında meşəətrafı zonalarda, eləcə də Abşeron yarmadasında, o cümlədən Bakı və Sumqayıtda sahibsiz hevanların vaksinasiyasını aparıb.

Y.Xanvəli bildirib ki, yeni sığınacaqlar yaradılarsa, DBNX həmin sığınacaqlarda heyvanların vaksinasiyası, onların sağlamlığına nəzarəti həyata keçirmək üçün mütəxəssislər ayıra bilər: “Bu sığınacaqlar da ayrı-ayrı sahibkarlar tərəfindən yaradılmalıdır. Bir neçə belə sığınacaq artıq yaradılıb, daha böyükləri yaradılarsa, biz mütəxəssislərimizi ora təhkim etməyə hazırıq”.

Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin direktor müavini Vüsalə Əli isə Trend-ə bildirib ki, Mərkəz 2009-cu ildən etibarən sahibsiz heyvanlara (it və pişiklər) qayğı göstərməklə məşğuldur.

Onun sözlərinə görə, Mərkəz 2015-ci il ərzində 5 minə yaxın sahibsiz heyvanı müayinə və müalicə edib: “Bu işlərı davam etdirəcəyik. Mərkəz, eyni zamanda sahibsiz heyvanların ilə yemlənməsi ilə də məşğul olur”.

V.Əli qeyd edib ki, Mərkəzin sahibsiz heyvanlar üçün böyük sığınacağı da var. Hazırda həmin sığınacaqda 170-ə qədər sahibsiz heyvan var: “Kimsəsiz heyvanlar sığıncağa gətirilərək müayinədən keçirilir, müalicə olunur və sonra insanlar gəlib həmin heyvanlara sahiblənirlər. Həmin heyvanlar insanlar tərəfindən sahibləndikdən sonra, yenidən küçədəki kimsəsiz heyvanlar sığınacaqdakı boş qalan yerlərə gətirilir. Biz bu istiqamətdə maarifləndirmə də həyata keçiririk ki, insanlar gəlib kimsəsiz heyvanlara sahiblənsinlər”.

Onun sözlərinə görə, 2015-ci il ərzində 8 it, 17 pişik insanlar tərəfindən himayəyə götürülüb: “Biz istərdik ki, daha çox heyvan himayəyə götürülsün ki, sığınacaq boşalsın və biz digər kimsəsiz heyvanları bura gətirək”.

V.Əli bildirib ki, bu yolla kimsəsiz heyvanları təhlükəsiz etmək və onları insanların dostuna çevirmək olar.

Daha bir müasir Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi isə IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ rayonunda inşa edilib. Müasir texniki avadanlıqlarla təchiz edilmiş və beynəlxalq standartlara cavab verən sığınacaq kompleksində sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətləri göstərilir, həmçinin onların daimi və müvəqqəti məskunlaşması üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Azərbaycanda heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edən “Heyvanlar aləmi haqqında” qanun mövcuddur. Bundan əlavə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.

Qonşu Türkiyədə, Rusiyada və Avropa ölkələrində də küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib və heyvanı küçəyə atan şəxslər iri məbləğdə cərimə oluna və ya 1 il azadlıqdan məhrum edilə bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR