Araz Əhmədov: “İş axtaranda internat məzunu olduğumuzu gizlədirdik...”

Araz Əhmədov: “İş axtaranda internat məzunu olduğumuzu gizlədirdik...”
13:34 11 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

“Təşkilatımız uşaq evləri və internat məzunlarının birgə təşəbbüsü ilə yaradılıb və 2014- cü ildə qeydiyyata alınıb. Üzvlərimizin sayı 400 nəfərdir və 10 müəssisənin məzunlarından ibarətdir. Bu günə qədər 6 layihə həyata keçirmişik. Onlardan ikisi dövlət tərəfindən maliyyələşdirilib. Digərləri isə əməkdaşlıq əsasında gerçəkləşib. Əsasən, fərdi gənclərlə çalışırıq. Çünki onların problemləri daha çox olur – sənəd, iş, sağlamlıq kimi məsələlərlə bağlı köməklik göstəririk. Eyni zamanda gəncləri müxtəlif kurslara yönləndiririk”.  Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri Araz Əhmədov deyib.

 

A.Əhmədov məzun olduqdan sonra 7 il könüllü fəaliyyət göstərdiyini bildirib. Qonaq qeyd edib ki, o, “DAN” Beynəlmiləl Gənclər İctimai Birliyində könüllülər koordinatoru olub və bu ona böyük təcrübə qazandırıb: “Gənclərin ən böyük problemlərindən biri müstəqil həyata inteqrasiya etməkdir. Bəzən yaranan komplekslər gəncləri özünə qapadır. Amma görülən işlər nəticəsində bir çox uğurlar əldə olunub. Ölkənin aparıcı gəncləri arasında internat məzunları var. Məzunlar arasında xaricdə təhsil alanları var. Təşkilat yalnız məzunlardan və könüllülərdən ibarətdir. Fəaliyyətimiz müddətində potensiallı gəncləri seçib təcrübəçi kadrlar yetişdirdik”.

 

Araz Əhmədov bildirib ki, əgər əvvəlki illərdə internat məzunlarına qarşı münasibət birmənalı idisə, bu gün artıq tamamilə fərqlidir: “İş axtaranda internat məzunu olduğumuzu gizlədirdik. Amma sonra başqa cür davrandıq. Getdiyimiz, çıxış etdiyimiz yerlərdə məzun olduğumuzu deməyə başladıq. Zamanla cəmiyyətin münasibətini dəyişmək üçün hər yerdə özümüzü təqdim edirdik. Əvvəllər qarşımızda duran bir çox problemlər bu gün həll olunub. Məsələn, artıq məzunlar evlə təmin olunur”.

 

“Əksər hallarda, qız övladını deyil, oğlanları uşaq evləri və internat məktəblərinə qoyurlar”

 

Qonağın sözlərinə görə, qızların sayı oğlanların sayından azdır. Səbəb mentalitetlə bağlıdır: “Uşaq evləri və internatlarda qızlar hər zaman azlıq təşkil edib. Çünki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, imkansızlıq ucbatından övladını ora qoymağa məcbur olanlar var. Əksər hallarda, qız övladını deyil, oğlanları uşaq evləri və internat məktəblərinə qoyurlar. Bacardıqca, qızları o həyata atmırlar”.

 

O bildirib ki, görülən işlər müəyyən nəticələr verib. Məzunlar daimi iş və yaşayış yeri ilə təmin olunublar: “200-ə yaxın gənc Nizami rayon ərazisində yaşayır. Orada 2 yataqxana və 1 bina yaşayış binası var. Yataqxanalardan biri o zaman Dövlət Neft Şirkətindən alınmışdı. Digəri gənc mütəxəssislər evidir ki, Neft şirkətinin Təlim-Tədris Mərkəzində təhsil alan gənclərimiz yaşayır. “DAN” təşkilatının təşəbbüsü ilə hər il 10-15 məzun Neft şirkətinin Təlim-Tədris Mərkəzinə qəbul olunur. Peşəyə yiyələndikdən sonra işlə və yaşayış yeri ilə təmin olunurlar. 90 məzun Dövlət Neft Şirkətində daimi işlə və yaşayış yeri ilə təmin olunublar. Bu böyük uğurdur”.

 

 

Psixoloq: “İnternat məzunlarının motivasiya problemi var”

 

Verilişin digər qonağı "İMSİ" GİB-nin könüllü psixoloqu Nüşabə Nağıyeva isə internat məzunlarında kollektivçilik xüsusiyyətinin çox inkişaf etdiyini vurğulayıb: “İlk dəfə idi ki, belə bir layihədə iştirak edirdim. Hiss etdim ki, özüm də daxil olmaqla cəmiyyətin internat məzunlarına qarşı münasibəti dəyişdi. Təbii ki, müəyyən stereotiplər var. İş prosesində məzunların o stereotiplərdən nə qədər uzaq olduğunu gördük və çalışırıq ki, cəmiyyətə də bu şəkildə təqdim edək. Əsas məqsədimiz həm internat məzunlarının cəmiyyətə adaptasiyasını təmin etmək, həm də cəmiyyətin onlara qarşı münasibətini dəyişməkdir. İşə başlayarkən ilk növbədə onları müşahidə etməyə başladım. Onların yanından olmadan ab-havanı müəyyən etmək olmur. Tam fərqli mənzərə ilə qarşılaşdım. İnternat məzunlarında kollektivçilik ruhu daha yüksək olur. Müşahidələrim göstərir ki, internat məzunları daha əzmkardırlar. Onların cəmiyyətə yararlılığı kifayət qədər çoxdur. İstər ailədə, istərsə də iş mühitində kollektivçilik ruhunu aşılaya bilirlər. İnternat məzunlarının motivasiya problemi var”.

 

Verilişdə "İMSİ" GİB-nin üzvləri də iştirak ediblər. Onlar cəmiyyətin münasibəti və iştirak etdikləri layihələr barədə ətraflı məlumat veriblər. Bakı şəhəri 1 saylı uşaq evi məzunu

Yalçın Abbasov qeyd edib ki, internat məzunları cəmiyyətə faydalı ola biləcək gənclərdir, sadəcə, onlara şərait yaratmaq lazımdır: “Əvvəllər uşaq evi, yaxud internat məzunu deyəndə neqativ fikirlər mövcud idi. Biz sübut edirik ki, bizim qədər cəmiyyətə, dövlətçiliyə xidmət edən gənclər azdır. Resurs mərkəzimiz olmadığına görə, inkişaf edə bilmirik. Biz bir araya gəlib hər hansı problemin həlli yollarını müzakirə edirik. Biz vaxtımızı çayxanada sərf etmirik. Uşaq evində böyüdüyüm üçün fəxr edirəm. Evdə böyüyüb avara ola bilərdim”.

 

Nicat Əliyev: “Ən çox valideyn qayğısına ehtiyac duyurdum”

 

Yalçın Abbasov internat məzunlarının idmanla inteqrasiyası layihəsində koordinator olduğunu da qeyd edib: “Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildi. 6 internat məktəbindən komanda yığıldı. Layihə çərçivəsində təlimlər də keçirildi. İnternat məzunu həyatdan nə istədiyini tam bilmir. Təlimləri keçməkdə məqsədimiz məzunlarda özlərinə olan inamı formalaşdırmaq idi”.

 

Gəncə uşaq evi məzunu Nicat Əliyev də öz növbəsində iştirak etdiyi layihədən danışıb:

“4-cü sinfə qədər ailəmlə bərabər yaşamışam. Sonradan müəyyən səbəblərlə əlaqədar  məni uşaq evinə qoydular. Müstəqil şəkildə özümü inkişaf etdirməyə başladım. Ən çox valideyn qayğısına ehtiyac duyurdum. ABŞ-da təhsil almaq arzusundayam. Milli-mənəvi dəyərlərin təbliği layihəsində iştirak etmişəm. Əsas məqsəd vətənpərvərlik hisslərinin aşılanması və müasir mədəniyyəti öyrənmək idi”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR