Dövlət başçısı tapşırıq verdi, süni qiymət artımına qarşı cəzalar sərtləşdi

Dövlət başçısı tapşırıq verdi, süni qiymət artımına qarşı cəzalar sərtləşdi
13:41 11 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün prezident İlham Əliyev qiymətləri süni artıranlara xəbərdarlıq edərək, onlara qarşı çox ciddi cəza tədbirlərinin görüləcəyini qeyd eydi.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun".



Nazirlər Kabinetinin iclası



Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, bir sıra aidiyyatı orqanlar bu sahədə nəzarəti gücləndirməyə qərar verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, dövlət başçısının tapşırıq və tövsiyyələrinə müvafiq olaraq, eyni zamanda, Baş Prokurorluq və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə hazırlayaraq təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq, prokurorluq orqanları tərəfindən bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir: "Aşkar olunmuş qanun pozuntuları ilə bağlı ən kəsərli tədbirlər görüləcək", - deyə qurum rəsmisi əlavə etdi.


Eldar Sultanov- Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də bundan sonra istehlak bazarında süni qiymət artımı edənlərə qarşı tədbirlərin daha da güclənəcəyini vurğuladı:

"Bildiyiniz kimi ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev istehlak bazarında süni qiymət artımının qarşısının alınması və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görülməsini tapşırıb. Bu tapşırığa əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birgə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, müvafiq işləri həyata keçirir. Bundan sonra da istehlak bazarında süni qiymət artımı edənlərə qarşı daha sərt addımlar atılacaq", - deyə Abbas Əliyev qeyd etdi.


Abbas Əliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri


Dekabrın 21-də baş verən devalivasiyadan sonra işbazlar bir sıra bazarlarda qiymətləri süni şəkildə artımağa başlayıblar . Bununla mübarizə aparmaq məqsədilə ötən il, dekabrın 30-da süni qiymət artımına qarşı birgə tədbirlər planı təsdiqlənib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirlər planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.



İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR