Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib

Date: 11 January 2016 13:48

Bakı. Trend:

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

Trend-in məlumatına görə, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat verdilər. Bildirildi ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verildi. “

ATEF Şirkətlər Qrupu” ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev 1982-ci və 1986-cü illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.

İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.

Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə saldı.

Məlumat verildi ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.

Qeyd edildi ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən məhsullar barədə məlumat verildi. Zavodlarda müxtəlif təyinatlı və gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.

Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.

Qeyd edildi ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əmək haqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Prezident İlham Əliyev ATEF Şirkətlər Qrupunun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib

RƏYLƏR


Top news