“Qızıl qlobus” mükafatı: “Sağ qalan” və “Marslı” filmlərinin triumfu

“Qızıl qlobus” mükafatı: “Sağ qalan” və “Marslı” filmlərinin triumfu
13:48 11 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“Sağ qalan” vesterni və “Marslı” elmi-fantastik filmi Hollivudun mötəbər “Qızıl qlobus” mükafatının əsas kateqoriyalarının qalibləri sırasında yer alıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “Qızıl qlobus”un 73-cü təqdimetmə mərasimi yanvarın 10-da axşam saatlarında Hollivudda keçirilib.
Gecənin zəfər sevincini “Sağ qalan” filmindəki roluna görə “Ən yaxşı dramatik aktyor” nominasiyasında mükafata layiq görülən Leonardo Di Kaprio yaşayıb. Mütəxəssislərin fikrincə, aktyorun sayca üçüncü “Qızıl qlobus”u onun çoxdan gözlədiyi “Oskar” üçün şanslarını artıracaq.
Təşkilatçıların “Ən yaxşı komediya və ya müzikl” nominasiyasında təqdim etdikləri “Marslı” filmi müvafiq olaraq “Ən yaxşı komediya aktyoru” Mett Deymona “Qızıl qlobus” gətirib. O, filmdə Marsda qalan və oradan sağ çıxaraq yerə dönməli olan NASA astronavtı rolunu oynayır.
Rejissor kateqoriyasında mükafatın “Marslı” filminin müəllifi britaniyalı Ridli Skotta veriləcəyi güman olunsa da, onu “Sağ qalan” filminin meksikalı rejissor Alehandro Qonsales İnyarittu alıb.
“Ən yaxşı qadın rolu” nominasiyasının qalibi “Otaq” dramında rol alan Bri Larsona, “Ən yaxşı ikinci plan aktrisası” Keyt Uinslet (“Stiv Cobs”), “Ən yaxşı ikinci plan aktyoru” isə Silvestr Stallone seçilib.
Ssenari və saundtrek üzrə mükafat Kventin Tarantinonun “İyrənc səkkizlik” filminə qismət olub. Həmçinin “Amerikasayağı qorxu əhvalatı” filminin 5-ci mövsümündə rol alan müğənni Ledi Qaqa “Ən yaxşı mini serial və ya TV üçün film aktrisası” mükafatına layiq görülüb.
Xatırladaq ki, əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci sırada dayanan “Qızıl qlobus” 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir. Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qizil_qlobus_mukafati_Sag_qalan_ve_Marsli_filmlerinin_triumfu-917422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR