Azərbaycanda antiböhran dövrü başlandı

Azərbaycanda antiböhran dövrü başlandı
14:17 11 Yanvar 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Dünya ölkələrini bürümüş qlobal maliyyə-iqsati böhran, enerjidaşıyıcılarının kəskin ucuzlaşması, fond bazarlarındakı təşviş kimi proseslərin fəsadları heç bir ölkədən yan keçməyib.
Azərbaycan da bu olayların təsiri altındadır.
Büdcə gəlirlərinin əksər hissəsi xammal və enerjidaşıyıcıları satışından əldə olunan gəlirlər hesabına formalaşan əksər ölkələrdən fərqli olaraq, Bakı bu təsirləri azaltmaq üçün real planlar hazırlamağa, işlək mexanizmlər formalaşdırmağa çalışır.
Neft və qaz satışlarının idxal əməliyyatlarında tutduğu əlahiddə payın sürəkli azalması da ölkənin düzgün yolda olduğunu göstərir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun gücləndirilməsi, Azərbaycanın regional enerji, nəqliyyat layihələri üçün əlverişli tranzit məkana çevrilməsi antiböhran tədbirləri proqramının bir hissəsidir.
Digər ünsürlərsə yerli istehsalın gücləndirilməsi, sahibkarlığa dəstək, rüşvət və korrupsiya ilə mübarizə, ən əsası isə bankinq və fiskal nəzarət sektorlarına nəzarətin gücləndirilməsidir.
Eyni zamanda, Azərbaycan xarici diplomatiyasını da gücləndirir və bu, regiondakı vəziyyətin yaratdığı, ehtiva etdiyini çağırışlarla bağlıdır.

Şərqin qanı Avropaya sıçrayır

Yaxın Şərqdəki qanlı olaylar, Suriya və İraqdakı döyüşlər, region ölkələrindəki geosiyasi perturbasiyalar, xüsusilə də son vaxtlar İranla Səudiyyə Ərəbistanı arasındakı geosiyasi qarşıdurmanın münaqişə ərəfəsinə çatması Azərbaycanı narahat etməyə bilməz.
Bakı indiki situasiyada maksimal dərəcədə soyuqqanlı diplomatiya yürütməklə yanaşı, ölkəmizin üzləşdiyi çağırışların təhlükəsini nəzərə alaraq qabaqlayacı addımlar atır, preventiv tədbirlər və qərarlarla Azərbaycanın qarşılaşdığı təhdidlərin təsir imkanlarını minimallaşdırmağa can atır.
Belə vəziyyətdə Azərbaycan regional lider mövqelərini daha da möhkəmləndirir və təhlükəli meyllərin zərərsizləşdirərək bizə yönəlmiş gücü elə gücün ünvanına istiqamətləndirməyə səy göstərir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ötən ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirdi. Dövlətimizin başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırdı. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirdi. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyllərinin güclənməsinin müşahidə olunduğunu deyən prezident İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğuladı.
Şərqdən Avropaya qaçan miqrant seli bizdən yan keçsə də, hadisələrin məcrası Bakı üçün təsirsiz ötüşməyib. Regionda vəziyyət həddən artıq ağırlaşıb və Qərbin də müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli, bəzi hallarda isə məntiqlə izah olunmayacaq dərəcədə qeyri-adekvat çağırışları, bəyanatları və açıqlamaları Bakının problemlərini artırıb.
Bu problemlərin çoxalması Bakını təlaşa salmayıb. Əksinə, ABŞ və Avropa Birliyində Bakını "asan idarə olunan məkan" qismində görmək istəyənlər, bizi "üzüyola" etmək arzusuna düşənlər indiyədək məqsədlərinə çatmadıqları kimi, bundan sonra da planlarının puç olması, ssenarilərinin uğursuzluğa düçar olması ilə üzləşəcəklər.

Onlar üçün acı ola bilər - fiasko kimsəyə şirin gəlmir. Amma Yaxın və Orta Şərqdə dövlətlərdə çevrilişlər, "kütləvi etğiraz aksiyaları və vətəndaş hərəkatları" adı ilə xaos yaradanlar, iğtişaşları "inqilabi meyllər" kimi qələmə verənlərin Azərbaycanla bağlı niyyətlərinin ən cüzri formatda belə olsa, reallaşmasına imkan verilməməlidir.
Belə qüvvələrin, təşkilatların və strukturların "demokratiya" anlayışı özünəməsxusdur: həmin demokratiya kölənin ağasına itaət formasını seçməkdə azadlığını nəzərdə tutur, vəssəlam.
Kənardan təzyiqlər, pressinq, ultimatumlarla dostluq izharları, səmimiyyət nümayişləri olmur. Olursa, onda yaşananlar tragikomediyadır.
Əfsuslar olsun ki, Yaxın Şərqdəki dövlətlərlə yanaşı, postsovet məkanındakı bir para ölkələr bunu indi anlayırlar. Gec olsa da, güc olmadığından sonrakı siyasi ağıl faktiki olaraq heç nəyi dəyişə bilmir: məcburi itaət mexanizmi çoxdan bəri işə salındığından həmin ölkələrin neomüstəmləkə durumundan nə zaman qurtula biləcəkləri bəlli deyil.

Qarabağ məsələsinin məğzi

2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu vurğulayan prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirdi. "Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq", - deyən dövlətimizin başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd etdi.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danıhıqlar prosesində Ermənistanın aqressiv mövqeyində heç bir dəyişiklik olması görünür. Yerevanın işğalçılıq və terrorçuluq siyasətini unudaraq normal diplomatiyaya keçidinə meylli olmamasının əsas səbəbi prezident Serj Sarkisyanın "hami"lərinə güvənməsi, Qarabağ konfliktində obyektivliyi unudaraq aşkar şəkildə tərəf tutan və subyektivizmi ikili standartlar girdabının lap diblərinə yuvarladan beynəlxalq təşkilatlarla ayrı-ayrı dövlətlərin pərdəarxası vədlərinə bel bağlaması sayıla bilər.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlara moderatorluq edən ATƏT-in Minsk Qrupu son iki ildə tam fəaliyyətsizliyini, heç bir potensialının olmadığını və problemi çözmək üçün effektiv həll planları hazırlaya bilmədiyini göstərdi.
Minsk Qrupunun vasitəçiləri Ermənistanı sakitləşdirmək, Azərbaycana isə vədlər verməklə məşğuldurlar. 
İşğalçı isə sakitləşmək bilmədiyindən cəbhə bölgəsində atışmasız, erməni tərəfdən provokasiyalarsız bir gün də olmur.
Belə şəraitdə münaqişəni çözmək üçün Azərbaycanın hərbi yolu seçəcəyi və Dağlıq Qarabağ ilə bahəm erməni işğalında olan ərazilərini azad etmək üçün antiterror əməliyyatına başalyacağı gün sürətlə yaxınlaşır.

Süni bahalaşmanın qarşısı alınacaq

İlin əvvəlindən bəri ABŞ dollarının kursunun artmasını fürsət bilənlər Azərbaycanda bahalaşmanı təşviq etmək, süni qiymət artımına başlamaq və bu minvalla daha çox qazanmaq niyyətindədirlər.

Ölkəyə gətirilən, idxal olunan məhsulların qiymət artımını anlamaq olar. ABŞ dolları və manat arasındakı kurs dəyişikliklərindən sonra təbii ki, idxal məhsullarının qiyməti də ötən ilin sonlarındakı səviyyədə qala bilməzdi.
Bundan başqa, yerli istehsal olan, amma hasilatında idxal xammalından və ya komponentlərdən istifadəsi qaçılmaz olan məhsulların bahalaşması da anlaşılandır.
Fəqət, sırf yerli istehsal olan və istehsalında idxal edilən heç bir komponentin yer almadığı məhsulların qiymətinin artımı süni bahalaşma, fürsətçillik, möhtəkirlikdir.
Ticarət mərkəzlərində, supermarketlərdə, hətta kiçik dükanlarda belə, bahalaşmanı sürətləndirənlər var və onlar indiki situasiyanı əlverişli məqam sayaraq merkantil maraqlarını təmin etməyə, vətəndaşları, sözün əsl mənasında, qarət etməyə çalışırlar.

Ət, yağ, yumurta, meyvə-tərəvəz və ədviyyatdan tutmuş, yuyucu vasitələrədək ən geniş çeşiddə yerli istehsal olan malların qəflətən, minimum 60 faiz bahalaşmağa başlaması birmənalı olaraq süni şəkildə, bilərəkdən edilən əməldir və bunun qarşısı da mümkün qədər tez, çox sərt şəkildə alınmalıdır.
İstehlak məhsullarının qiymətlərindəki bu qiymət "marafon"u süni, əsassız olduğundan vətəndaşlarda haqlı narazılıq yaradır.
Və bu məqam dövlət başçısını da narahat edir.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu məsələdən də danışılıb.
İlham Əliyev bildirib ki, istehlak məhsullarının qiymətlərinə çox cidi şəkildə nəzarət etmək gərəkdir.
Təbii ki, ölkə müəyyən mənada ərzaq məhsullarının idxalından asılıdır. Lakin bu situasiyadan və manatın kursunun dəyişməsindən sui-istifadə edərək süni qiymət artımına rəvac verməyə, möhtəkirlik və fırıldaqla varlanmağa çalışanların qarşısı alınmalıdır.
Azərbaycan ərzaq məhsullarına olan tələbatını hələlik bütünlüklə yerli istehsal hesabına təmin edə bilmir. Buna rəğmən, ölkədə istehsal olunan ərzaq məhsullarının qiymət artımının məntiqi izahı olmadığından belə prosesə imkan verilməməlidir.
Dövlət başçısı onu da vurğuladı ki, süni qiymət artımı ilə mübarizədə cərimələrlə kifayətlənmək yetərli deyil: prokurorluq orqanları da məsələ ilə məşğul olmalı, situasiyadan öz məqsdələri üçün sui-istifadə etməyə çalışanlara qarşı çox ciddi cəzalar tətbiq olunmalıdır.
Ən önəmlisi isə süni qiymət artımı ilə məşğul olanların fəaliyyəti, onlara qarşı aparılan mübarizə kütləvi informasiya vasitələrində əks olunmalıdır.

Prioritetlər açıqlandı

Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Azərbaycan Prezidenti Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxundu. Bundan əlavə, dövlətimizin başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.
Beləliklə, Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan mümkün qədər az itkilərlə çıxması üçün ən optimal, effektiv yol seçilib.

İqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirilməli, qeyri-nağd ödənişlər artırılmaqla vergidən yayınma halları minimuma endirilməli, ən başlıcası isə bank sektorunda ciddi islahatlar aparılmalı, sahibkarlara verilən dəstək artırılmalıdır. 
Eyni zamanda gömrükdə idxal-ixrac əməliyyatlarına nəzarət artırılmalı, informasiya-kommunikasiya texnologiyaları, turizm və nəqliyyyat sektorlarının daha geniş, sürətli inkişafına nail olunmalıdır.
Dövlət başçısının tapşırıqları çox aydın, konkretdir.
Həmin tapşırıqların yerinə yetirilməsində məmurların göstərcəkləri fəaliyyət isə daha sərt nəzarətdə saxlanılmalıdır.
Hər birimiz tərəfindən.
Azərbaycan bu sınaqdan da çıxacaq. Sadəcə, ciddi çalışmalıyıq.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR