Azərbaycandan dünyaya mesaj

Azərbaycandan dünyaya mesaj
15:06 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi son dövrlər iqtisadiyyatındakı irəliləyişlərlə diqqət mərkəzində olan Azərbaycanı indi daha çox milli mənəvi, mədəni və tolerantlıq ənənələrinin inkişaf etdiyi dövlət kimi diqqət mərkəzinə çəkəcək.

ANS PRESS-in məlumatına görə, artıq son bir neçə ildə multikulturalizmin inkişafı sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi və “Multikulturalizm ili” çərçivəsində görüləcək işlər Azərbaycanın xalqları birliyə, bərabərliyə, mədəni inteqrasiyaya dəvət edən bu “hərəkatın”ı bir sıra ölkələr üçün nümunəyə çevirəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tarixən tolerantlıq və multikultural dəyərləri üstün tutan Azərbaycanın bundan sonra bu mövqeyini daha da möhkəmləndirəcəyi qənaətindədir:

“Ölkəmizin daxili və xarici siyasətində tolerantlıq həmişə aparıcı rol oynayıb. İndi dünyada olduqca mürəkkəb vəziyyət hökm sürür. Baş verən milli, dini, irqi zəmində münaqişələr dünya ölkələrində tolerant və multikulturalizm mühitinin yaranmasını zəruri edir. Bu ilin ölkəmizdə məhz “Multikulturalizm ili” elan edilməsi isə hesab edirəm dünyaya bir mesajdır” deyə Mübariz Qurbanlı vurğuladı.





Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri həmçinin nüvə silahlarının mövcud olduğu, müxtəlif ölkələrin bir-birlərinin mədəniyyətinə, tarixinə, dininə hörmətsizliklə yanaşdığı indiki dönəmdə məhz multikultural dəyərlərə üstünlük verən Azərbaycan modelinin nümunə ola biləcəyini nəzərə çatdırdı.



Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu il Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirən İlham Əliyev, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyini bəyan edib. Bu gün isə dövlət başçısı 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

2015-ci il isə prezidentin sərəncamı əsasında Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdi. 2014-cü il “Sənaye ili”, 2013-cü il isə İnformasiya və kommunukasiya ili” olub.

Azərbaycanda multikulturalizm artıq xeyli müddətdir dövlət siyasətinin bir istiqamətinə çevrilib. Bu sahədə fəaliyyət göstərmək üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi deyil. Belə ki, ölkə başçısının sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib.

2014-cü il mayın 15-də isə prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq, təşviq etməkdir.




Hərfi mənada “çoxmədəniyyətlilik” kimi anlaşılan multikulturalizm əslində azadlıq, bərabərlik və qardaşlıq dəyərlərini əsas tutmaqla bir məkanda yaşayan müxtəlif xalqları mədəni və dini tolerantlılığa, inteqrasiyaya səsləyir. Multikultural cəmiyyətdə sosial-irqi ədalətsizliyə yol verilmir.

Multikulturalizm siyasəti ilk dəfə keçən əsrin 60-cı illərində Kanada və ABŞ-da tətbiq olunmağa başlayıb. Əhalisinin yarısı fransız, yarısı isə ingilis olan Kanada iki etnik qrupdan heç birinə üstünlük verməməyi, ümumiyyətlə cəmiyyətdaxili mədəni münasibətlərə qarışmamağı və sosial qruplara öz mədəni seçimlərində azadlıq verməyi üstün tutub.

ABŞ-da isə multikultural ənənə iki mühüm qanunun – “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun”ların (1965) qəbul edilməsi ilə başlayıb.

Sonralar Avropanın bir çox ölkələrində də multikulturalizm ideyaları populyarlaşıb və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirib.

Beləliklə Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həmçinin geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir. Multikulturalizmin inkişafı ilə ilk növbədə ölkə daxilində olan mədəniyyətlərin inteqrasiyasına nail olmaq mümkündür ki, bu da dövləti ayrı-ayrı mədəniyyətlərarası ziddiyyətlərə qarışmaqdan, sosial sabitliyin pozulması riskindən qoruyur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR