İsrailin Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi açılacaq

İsrailin Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi açılacaq
16:38 11 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bir neçə gün bundan əvvəl Moskvada, Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun ofisində Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Fondun prezidenti German Zaxaryayev İsrailin Akko şəhərinin meri Şimon Lankri və Akko Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Şirin Nexamiya Mixaeli ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan dağ yəhudilərinin irsini öyrənən “Tikvateynu - bizim ümidimizdir” əlaqələndirmə mərkəzinin rəsmi açılışı və Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin ikinci mərtəbəsinin tikilməsi məsələsini müzakirə ediblər.
Akko meri Şimon Lankrinin sözlərinə görə, Azərbaycan dağ yəhudilərinin irsini öyrənən əlaqələndirmə mərkəzinin birinci mərtəbəsi demək olar ki hazırdır və 2016-cı ilin mart ayında istifadəyə veriləcək. Akko şəhərinin meri deyib: “Birinci mərtəbənin tikintisinin ümumi büdcəsi 1 milyon dollardır. Mən bir fakta görə çox fəxr edirəm ki, İsrail dövlətindəki çoxsaylı Azərbaycan icmalarından biri məhz Akkoda yaşayır. Bir il bundan əvvəl mən gözəl Azərbaycana səfər etdim və bu ölkəyə, onun gözəl, səmimi xalqına heyran oldum. Azərbaycanda olarkən inandım ki, burada heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini qərib hiss etməyiblər. Bu tarixi fakt, yəhudilərə bu cür səmimi münasibət məni ruhlandırdı. Bu gün Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Azərbaycanda olduğum müddətdə dostum German Zaxaryayevin doğulduğu Qırmızı Qəsəbəyə də getdim və bir daha yəqin etdim ki, bu qəsəbə İsraildən sonra dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır, Azərbaycanın fəxridir”.
German Zaxaryayevin fikrincə, əslən Azərbaycandan olan yəhudilər harada yaşamalarından asılı olmayaraq, öz vətənləri Azərbaycanla həmişə fəxr edir və bu ölkədən gedəndən sonra Azərbaycan dilini unutmur, ortaq ənənələri və dəyərləri qoruyub saxlayırlar. German Zaxaryayev vurğulayıb: “Qədim Azərbaycan torpağında tarixən İslam və yəhudi dini, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu diyar bu gün də tolerantlıq və dini dözümlülük nümunəsidir. Müxtəlif dövrlərdə Azərbaycan ləzgilərə, ermənilərə, talışlara, ruslara, tatarlara, yəhudilərə, almanlara, bir sıra başqa xalqların nümayəndələrinə, bir sözlə, müxtəlif səbəblər üzündən köçüb bu diyara gəlmiş və Xəzərin təmiz havası, orada yaşayan insanların hərarəti duyulan bu günəşli ölkədə qalmaq istəyən bütün insanlara sığınacaq verib. Yəhudilərlə azərbaycanlıların birgə yaşadığı bütün tarix boyu onların münasibətlərinin pisləşməsi və ya gərginləşməsi halları tapmaq mümkün deyil. Yəhudilər Azərbaycanda hər şeyə nail ola biliblər və indi də belədir. Bunu sübut edən misallar çoxdur. Müsəlman Şərqində ilk parlament respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində bir neçə yəhudi nazir olub. Azərbaycan yəhudiləri arasında həkim, hüquqşünas, jurnalist, müəllim, professor, iri dövlət müəssisələrinin rəhbərləri kimi prestijli peşə sahibləri olub. Bütün bunlar azərbaycanlıların yəhudilərə necə səmimi münasibət bəslədiklərini bir daha təsdiq edir. Mən məhz bu faktı əsas götürərək, dostlarım və məsləkdaşlarım, o cümlədən Akko meri Şimon Lankri, Akko Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Şirin Nexamiya Mixaeli və İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut ilə məsləhətləşərək Heydər Əliyev adına Azərbaycan Evinin təməlinin qoyulması və onun inşası barədə qəti qərar qəbul etdim. Əminəm ki, Heydər Əliyev adına Azərbaycan Evinin ikinci mərtəbəsinin tikilməsi barədə qərar təbii və məntiqidir, çünki Azərbaycanın Ümummilli Lideri İsrail dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın yaradılmasında və möhkəmlənməsində həlledici rol oynayıb. Bir fakta görə çox fəxr edirəm ki, Akko şəhərinin meriyası ilə Azərbaycan Dağ Yəhudiləri İcması arasında bu cür möhkəm tərəfdaşlıq yaranıb və İsrailin bizim icma yaşayan başqa şəhərlərində də bu uğurlu tərəfdaşlığı həyata keçirmək lazımdır. Əslən Azərbaycandan olan bir insan kimi mən özüm, eləcə də mənim dostum, Akko şəhərinin meri Şimon Lankri əlimizdən gələni edəcəyik ki, Heydər Əliyev adına Azərbaycan Evi qədim və multikultural Akko şəhərinin ayrılmaz və müasir rəmzinə çevrilsin”.
Xatırladaq ki, Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondu Azərbaycan dağ yəhudilərinin irsini öyrənən “Tikvateynu – bizim ümidimizdir” əlaqələndirmə mərkəzinin tikintisinə çox kömək göstərir. Mərkəzin tikintisinin ümumi büdcəsi 1 milyon dollardan çoxdur.
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Şirin Nexamiye Mixaeli German Zaxaryayevin onunla görüşmək və əslən Azərbaycandan olan insanların icmasının həqiqi və real əlaqələndirmə mərkəzi olacaq Heydər Əliyev adına Azərbaycan Evi yaradılması perspektivlərini müzakirə etmək təşəbbüsünə görə təşəkkür edib. Şirin Nexamiye Mixaeli deyib: “Əslən Azərbaycandan olan insanların həll etməli olduğu problemlər çoxdur – Azərbaycan xalqının milli ənənələrinin, bənzərsiz dilinin və mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, İsrail cəmiyyətinə inteqrasiyada onlara kömək göstərilməsi və s. Biz - əslən Azərbaycandan olan yəhudilər və azərbaycanlılar doğma Azərbaycanımızı heç vaxt unutmamışıq və unutmarıq. Heydər Əliyev adına Azərbaycan evi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin əsaslı şəkildə öyrənilməsi sahəsində ardıcıl fəaliyyət göstərəcək, Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin, milli və mənəvi dəyərlərinin populyarlaşdırılmasına kömək edəcək. İnanıram ki, biz dostlarımızla birlikdə böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfinə bu kompleksi yaradacağıq. Vurğulamaq istərdim ki, bu nəcib və mühüm işdə iştirak edən insanlar bu layihənin həyata keçirilməsi üçün vaxtlarını və qüvvələrini əsirgəmirlər. Güman edirəm ki, Heydər Əliyev adına Azərbaycan Evi əslən Azərbaycandan olanların icması üçün həqiqi və real əlaqələndirmə mərkəzi olacaq”.
Görüşdə Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin binasının birinci mərtəbəsinin - Azərbaycan dağ yəhudilərinin irsini öyrənən “Tikvateynu – bizim ümidimizdir” əlaqələndirmə mərkəzinin rəsmi açılışı və ikinci mərtəbəsinin tikintisinə başlanılması, Dağ Yəhudiləri Mədəniyyəti Günlərinin, cuuri dilinin qorunub saxlanmasına həsr edilmiş beynəlxalq elmi konfransın və bayram konsertinin keçirilməsi qərara alınıb. Yeni mərkəzin açılışı çərçivəsində həmçinin, Dağ Yəhudiləri Mədəniyyəti Günlərinin, cuuri dilinin qorunub saxlanmasına həsr edilmiş beynəlxalq elmi konfransın və bayram konsertinin keçirilməsi qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israilin_Akko_seherinde_Heyder_Aliyev_adina_Azerbaycan_Evi_achilacaq-917483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR