Bakı, 11 yanvar, AZƏRTAC
“Apple” şirkəti elektrik avtomobillərin istehsalı ilə bağlı “apple.car”, “apple.cars” və “apple.auto” domen adlarını qeydiyyatdan keçirib.
AZƏRTAC “interfax.ru” saytına istinadən xəbər verir ki, avtomobil domenləri ötən ilin dekabrında satın alınsa da, onların heç birindən bu vaxtadək istifadə olunmayıb. Şirkət nümayəndələri məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, “The Wall Street Journal” ötən ilin sentyabrında “Apple”ın “Titan” layihəsini təsdiq etməsi və ilk avtomobili 2019-cu ilədək buraxmağı planlaşdırması barədə məlumat vermişdi. Həmin vaxt elektromobil istehsalçısı “Tesla” şirkətinin rəhbəri İlon Mask “Apple”ın onun keçmiş əməkdaşlarını işə fəal şəkildə qəbul etməsini bildirmişdi.
“Apple” rəhbərliyi indiyədək avtomobil hazırlanması ilə bağlı planlarını rəsmən təsdiq etməyib.